Ana səhifə Ölkə “Onunla görüşlərim bir tarixdir, bunları xatırlayanda kövrəlirəm

“Onunla görüşlərim bir tarixdir, bunları xatırlayanda kövrəlirəm

40
0

Hafiz Hacıyev: “Biz onun vəsiyyətlərini yerinə yetirməli və Azərbaycanın müstəqilliyini qoruyub saxlamalıyıq”

Heydər Əliyevin  anadan olmasının 97-ci ildönümü tamam oldu. Məlumata görə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev vaxtilə Moskvada Heydər Əliyevin evində qonaq olub və bəzi məsələləri müzakirə edib.

Ziyalılar.az Moderator.az-a istinadən H.Hacıyevin həmin xatirələrini təqdim edir:

Heydər Əliyev deyirdi ki, sən bu riski edəndə qorxmadınmı?

“Sizin bildiyiniz faktlar həqiqətə uyğundur. Həmin dövrdə Azərbaycan mərkəzi komitəsinin birinci katibi Ayaz Mütəllibov idi, sonra o, prezident oldu. Mən isə “Azərbalıq” Konserninin sədri idim və Moskvaya tez-tez gedirdim. Ordakı balıqçılıq sənayesinin nümayəndələri ilə görüşlərimiz olurdu. Moskvada Azərbaycanın səfirliyində qalırdım və orda mənə mühafizəçilərindən biri dedi ki, Heydər Əliyev sizinlə görüşmək istəyir.
Mən çox məmnuniyyətlə onun görüşünə yollandım və bizim təxminən 2-3 saat söhbətimiz oldu. Heydər Əliyevə sual verib dedim ki, niyə Azərbaycana qayıtmırsınız? Sizə qarşı böyük ədalətsizlik olub, dünyada tanınmış siyasətçisiniz. Heydər Əliyev dedi ki, siyasətə qayıtmaq üçün böyük maliyyə imkanları lazımdır, burda çıxış etməyim üçün televiziya və qəzetlər maliyyə tələb edir. Həmin ərəfədə böyük imkanlarım var idi, 13 il idi respublikada balıqçılıq sahəsinin bir qoluna rəhbərlik edirdim. Dedim ki, bu işləri təşkil etməyi öz üzərimə götürürəm və “Komsomolskaya pravda”, “İskra”, “Nezavisimaya qazeta”, “Exo Moskva”nın müxbirlərini gətirə bilərəm. Buna Əhliman Əmiraslanov da şahiddir. Azərbaycanın Moskvada araq zavodu var idi və orda direktor müavini olan Kəmaləddin bəylə də məsləhətləşdim. Həmin gündən adını çəkdiyim qəzetlərin müxbirlərinə köməkliklər etdim və gətirib Heydər Əliyevlə görüşdürdüm. Onlar Heydər Əliyevdən böyük müsahibələr aldılar. Sonralar həmin müsahibələrlə bağlı danışanda Heydər Əliyev deyirdi ki, sən bu riski edəndə qorxmadınmı?

Dedi ki, Ayaz bəy də mənim kadrım olub”

Moskvadan qayıdanda 200 ədəd “Nezamisimaya qazeta” qəzeti gətirirdim. Hava limanında məni saxlayıb Ayaz Mütəllibovun yanına gətirdilər. Ayaz müəllim çox hümanist adamdır və o, məndən bunları soruşanda dedim ki, bəli, bizim Heydər Əliyevlə görüşümüz olub və o, dedi ki, Ayaz bəy də mənim kadrım olub. Bundan sonra biz daim Heydər Əliyevlə əlaqə saxladıq, onun Azərbaycana qayıtmasından ötrü böyük əziyyətlər çəkdik. Onun Moskvada dərc olunan qəzetlərdə siyasətə qayıtmaq üçün böyük qapı açıldı. Mən hər dəfə işimlə bağlı Moskvaya gedəndə onunla görüşürdüm.
Elə oldu ki, biz Heydər Əliyevin Bakıya qayıdışını təşkil etdik. Cəlal müəllimin maşınında Xalq şairi Nəriman Həsənzadəylə Heydər Əliyevi qarşılamaq üçün hava limanına getdik. O vaxt “Qardaşlıq” cəmiyyəti var idi və onlar bizə böyük təzyiqlər edirdilər. Heydər Əliyevin təhlükəsizliyini polis rəisi olan qohumu Nazim Qazıbəyovla birlikdə təşkil etdik və bunu öz üzərimə götürdüm. Biz onu Şəfiqə xanımın evində saxladıq və sonra Prezident Aparatının yanında Cəlal müəllimin evində saxlayırdıq. Biz orda növbəli mühafizə təşkil etmişdik.
Heydər Əliyev çox böyük, qorxmaz, vətənini sevən bir şəxsiyyət idi. Hadisələr elə cərəyan etdi ki, o, Naxçıvanda Ali Sovetin sədri seçildi. Naxçıvanda böyük balıq zavodumuz olduğu üçün ora tez-tez gedib-gəlirdim. Vasif müəllim və Bəylər müəllim də buna şahiddir. O vaxtkı ziyalıların da Naxçıvana gedib-gəlməsini mən təşkil edirdim, buna Qabil Hüseynli də şahiddir. Biz bu işləri görəndə Azərbaycanın gələcəyini düşünürdük və bilirdik ki, ölkəni Heydər Əliyevdən başqa heç kim bu vəziyyətdən çıxara bilməz. O, Ali Sovetin sədri seçiləndən sonra da onun müavini Rəşid müəllim var idi, Vasif müəllim köməkçisi idi, Bəylər müəllim ordaydı. Biz ondan çox ciddi tapşırıqlar alırdıq.
Naxçıvanda bir dəfə körpünün açılışı oldu və Süleyman Dəmirəl də ora gəlməliydi. Heydər Əliyev mənə arxa otaqda tapşırıqlar verib Bakıya yolladı və mən bir gün sonra yenidən Naxçıvana qayıtdım.
Heydər Əliyev həmişə ilk gündən Azərbaycanı fikirləşib. Bizə deyirdi ki, məni istəyən də, istəməyən də var. Biz müəyyən məsələlərdə onunla daim fikir mübadiləsi aparırdıq. Körpünün açılışında çox böyük işlər gördük və əlimdən gələn köməyi əsirgəmədim. Heydər Əliyev Azərbaycanla, onun gələcəyi ilə yaşayırdı və həmişə mənə deyirdi ki, biz elə etməliyik ki, Azərbaycan dünya dövlətləri arasında ən qabaqcıl dövlətə çevrilsin.
Onun haqqında saatlarla danışmaq olar, onu dinləmək adama böyük zövq verirdi…

“Surət Hüseynov baş nazir təyin olundu və məni həbs etdirdi”

Amma çox təəssüflər olsun ki, Hedər Əliyev Azərbaycanda Ali Sovetin sədri olanda, prezident səlahiyyətlərini icra edəndə, Surət Hüseynov baş nazir təyin olundu və məni həbs etdirdi. Çox sağ olsun Heydər Əliyev, dövlət katibi olan Lalə xanıma tapşırmışdı ki, məni həbsdən azad etsinlər. Elə də oldu. Surət Hüseynovun bizdən pul tələb etməsini Heydər Əliyevə demişdim. O, da deyirdi ki, işləyin, narahat olmayın.
Yəni Heydər Əliyev belə bir şəxsiyyət idi. Bu gün onun çörəyini yeyənlər qədrini bilmirlər. Mənim 5-10 il bundan öncə dediklərim indi öz təsdiqini tapır.

“O qoca xəyanətkarların bir neçəsini qovandan sonra hər şeyin üstü açıldı”

Allah Heydər Əliyevə rəhmət eləsin. Onun kimi şəxsiyyət tarixdə çox az olub. Bu gün onun oğlu cənab İlham Əliyev böyük işlər görür. Ona imkan vermirdilər, qoymurdular nədənsə xəbəri olsun. Amma indi o qoca xəyanətkarların bir neçəsini qovandan sonra hər şeyin üstü açılır.
Bu gün ölkə başçımızın yanında olmalı və ona dəstək olmalıyıq. Biz partiya olaraq bu gün Heydər Əliyevi doğum günü münasibətilə anmışıq və mən şəxsən onun məzarını ziyarət etmişəm. Mənim onunla görüşlərim bir tarixdir, bunları xatırlayanda kövrəlirəm. Onun tövsiyələri, dövlətçiliyə sadiq olması bizim üçün bir örnək olmalıdır. Biz onun vəsiyyətlərini yerinə yetirməli və Azərbaycanın müstəqilliyini qoruyub saxlamalıyıq”.