Ana səhifə Dünya Güney Azərbaycan: Mühacir hökuməti ideyası gündəmdə

Güney Azərbaycan: Mühacir hökuməti ideyası gündəmdə

36
0

Xaricdə yaşayan soydaşlarımız Türkiyədə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan ediblər.

Mühacir hökumətinin əsas məqsədi tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Zəngəzur mahallarının Azərbaycan türklərinə məxsusluğunu dünya birliyinin nəzərinə çatdırmaqdır. Mühacir hökumətinin bir sıra Avropa ölkələrində nümayəndəliklərinin açılması gözlənilir. Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılması cəmiyyətdə rəğbətlə qarşılanıb. Hətta bu ideyanın gecikdiyini bildirənlər də var.

Lakin Azərbaycanın itirilmiş tarixi torpaqları təkcə Qərbi Azərbaycanla bitmir. Borçalı, Kərkük, Güney Azərbaycan, Dərbənd də qədim yurd yerlərimiz olub. Azərbaycan torpaqlarının ən böyük hissəsi İran adlanan ölkənin ərazisindədir. Xarici ölkələrdə yüz minlərlə soydaşımız yaşayır.

Mühacirətdə Güney Azərbaycan Respublikası yaradıla bilərmi?

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Cümhuriyət”ə açıqlamasında Güney Azərbaycanda elan olunmuş siyasi qurumlarına tarixinə ekskurs edib:

“İran adlanan ölkənin ərazisində Azərbaycan türklərini təmsil edən sonuncu hökumət 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti olub. Son 20 ildə İran xaricində Güney Azərbaycan türklərini təmsilən bir çox təşkilatlar, simvolik dövlət, hökumət qurumları elan edilib. Bunlardan ən sonuncusu, bir neçə il əvvəl Türkiyədə elan edilmiş Güney Azərbaycan Parlamenti olub. Lakin, müəyyən səbəblərdən bu ideya uğur qazana bilməyib. Xaricdə Güney Azərbaycan adına mühacir hökuməti və ya parlamenti yaratmaq, bu kimi digər örnəklərdən fərqlidir. Elə sonuncu elan edilən “Qərbi Azərbaycan Mühacir Hökuməti” ilə müqayisə edək. Bu gün Ermənistan adlandırılan ölkədən hazırda bu ərazinin əzəli sakinləri olan Azərbaycan türkləri qovulub çıxarılıb. Bu baxımdan, həvəskar səviyyədə deyil, Qərbi Azərbaycan toplumunun etimadı ilə, bir və ya iki nəfərin deyil, çoxsaylı ziyalıların, ictimai xadimlərin təmsil olunduğu bir mühacir hökuməti formalaşdırmaq önəmli olardı”.

Aqil Camal hesab edir ki, Güneylə bağlı məsələ fərqli yanaşma tələb edir:

“Güney Azərbaycanla bağlı məsələ isə fərqlidir. Hazırda İran adlanan dövlətdə 40 milyona yaxın Azərbaycan türkü öz tarixi torpağında, tarixi dövlətlərinin mövcud olduğu ərazilərdə yaşayır. Hazırkı dövlətdə də, vətəndaş kimi təmsil olunur. Eyni zamanda, Güney Azərbaycan milli hərəkatının ağırlığı, aparıcı xətti də ölkənin içərisindədir. Bu baxımdan, xaricdə Güney Azərbaycanı təmsil edən hansısa mühacir dövlət qurumları təsis etmək məncə, o qədər də uğur qazanmaz. Keçmiş təcrübə də bunu deyir. Yalnız, güneylilərin təbirincə desək “içərinin” dəstək verdiyi, etimad göstərdiyi şəxslər birləşib, milli konqres yarada, dünyada Güney Azərbaycan Hərəkatını təmsil edə bilər. “İçəri”nin etimadı olmadan yaradılan bu kimi quruluşlar, ya xarici qüvvələrini maraqların ifadəçisinə çevriləcək, ya da elan olunandan bir müddət sonra sıradan çıxacaq. Güney Azərbaycan türkləri tarixi dövlətlərinin mövcud olduğu ərazilərdə öz milli hökumətini quracaq”.

Bütöv Azərbaycan Ocaqlarının təmsilçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli də hesab edir ki, bu, fərqli məsələlərdir:

“Azərbaycanın Güneyində buna ehtiyac yoxdur. Çünki güneylilər İran coğrafiyasında çoxluq təşkil edirlər. Azərbaycanlılar tarixən indiki İranın bütün bölgələrində yaşayıblar və yaşamaqda davam edirlər. İran dövlətinin bütün dövlət strukturlarında təmsil olunurlar. Orada bir milli-azadlıq hərəkatı gedir. Bu da bütün İran coğrafiyasını əhatə edib. Azərbaycan türkləri indiki İran coğrafiyasını özlərinin vətəni sayırlar. Baxın, orada kürd, ərəb, bəluc qruplaşmaları silahlanıblar və müəyyən zamanlarda terrorlar da törədirlər. Amma güneylilər bunu etmirlər, çünki onlar öz vətənlərində niyə silahlı müdaxiləyə əl atsınlar ki… Orada güneylilərin haqqlarını özlərinə qaytarmaq lazımdır. Türk dili dövlət dili kimi işlənməlidir. Artıq dövlət strukturlarında, dini kəsimdə öz soykökünə münasibət xeyli dəyişibdir. Biz orada istiqlal məsələsini qoymuşuq. Amma bu istiqlal Təbriz mərkəzli Kəngər körfəzinə çıxışı olan Bütöv Azərbaycana istiqamətlənib. İranın harasında bir Azərbaycan türkü yaşayırsa, ora Azərbaycandır”.

D.Əzimli hesab edir ki, İranın digər ərazilərində yaşayan türklər arasında da milli şüurun oyanışı, milli düşüncənin formalaşması prosesi getməlidir:

“Tarixən də Azərbaycan əraziləri indiki İran ərazilərini əhatə edib. Biz Tehran, Qum şəhərlərinin əhalisini oyatmalı, onların milli hisslərini gücləndirməliyik. Bu şəhərlərdə milyonlara həmvətənlərimiz yaşayırlar. Artıq bu proseslər gedir. Tehranda böyük oyanış var. Bunlar qədim Azərbaycan şəhərləridirlər, həmişə tarixi Azərbaycan coğrafiyasında olmuşlar. Tehran bizim üçün mühümdür. Amma mərkəz Təbriz olmalıdır. Çünki bu şəhərdə Türk ruhu güclüdür. Bu şəhər müqəddəs şəhərdir. Baxın, bizə zərbə endirmək üçün İran fars rejimi Qumu İran siyasi şiəliyinin mərkəzinə çevirib. Amma zaman dəyişir. İndi dini kəsimdə də öz dilinin rəsmi dil olmasını, güneylilərə haqqlar verilməsini tələb edənlər vardır. Türk əsilli valilərdən bəziləri artıq bunu açıq tələb edirlər. Bu mənada İran coğrafiyasını Ermənistan kimi təcavüzkar dövlətlə eyniləşdirmək məncə düzgün deyildir. Düzdür, İran türk dilində bağçalar, məktəblər, universitetlər açmır. Çünki Azərbaycanın Quzeyində güclənən dövlətçilikdən qorxur. Amma buna mane ola bilməyəcək. Bilirsiniz, bu gün İran dövləti də, Ermənistan dövləti də müvəqqəti uğurlar əldə edə bilərlər. Amma son qələbə bizimdir. Bu həm də Uca Yaradanın diktəsidir. Bizim millət passionar millətdir. Bu millətin yenidən ortaya çıxıb Vahid Azərbaycan dövləti yaratması mütləqdir. Zaman buna doğru işləyir. Elə Qərbi Azərbaycan (İrəvan) Mühacir Respublikasını da buna görə təsis etdik. Burada əsas məqsəd əhalimizin ora qayıtmasıdır. Onların passionarlığını daha da gücləndirməkdir. Bu məsələ də Bütöv Azərbaycan “proje”sinin tərkib hissəsidir. Amma eyni zamanda biz Ermənistanın bir terrorçu dövlət, onun kilsəsinin də bu terrorun başında durduğunu bütün dünyada sübut edəcəyik. Ermənistan dövləti təcavüzkar, terrorizmi yayan dövlət kimi beynəlxalq məhkəməyə verilməli və cəzalandırılmalıdır. Ermənistan orada təkcə bizimkiləri deyil, rusları, kürdləri, yəhudiləri də qətlə yetirib və deportasiya edib. Bizim hədəflərimizdə Ermənistanın cəzlandırılması əsas məqsədlərdən biridir.

Avropa, ABŞ bu dövlətin mahiyyətini bilirlər. Amma tədbir görmürlər. Dünya ictimaiyyətini bu məsələdə aktivləşdirmək xüsusilə vacibdir. Bir də onu bildirim ki, əgər o zaman bu günki qüdrətli Azərbaycan olsaydı, nə Rusiya, nə də Ermənistan bizə qarşı o cür addımlara gedə bilməyəcəkdi. O zaman SSRİ-nin parçalanmasından istifadə edən Rusiya Ermənistanın əli ilə yeni torpaqlarmızı işğal etdi. Amma bu iki dövlət artıq iflas dövrlərini yaşayırlar”.

Aydın Turan