Ana səhifə Cəmiyyət Xalq Hərəkatının 60 yaşlı veteranı: “Mübarizədə keçən illərimə heyfslənmirəm” – MÜSAHİBƏ

Xalq Hərəkatının 60 yaşlı veteranı: “Mübarizədə keçən illərimə heyfslənmirəm” – MÜSAHİBƏ

101
0

Mayın 15-də tanınmış siyasətçi, çağdaş milli azadlıq hərəkatının fəallarından biri, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisin sədri Rafiq Daşdəmirlinin 60 yaşı tamam oldu.

Tanıyanlar onu tərcübəli, bacarıqlı təşkilatçı, qayğıkeş insan kimi xarakterizə edirlər.

Acılı-şirinli 60 ili arxada qoyan Rafiq bəylə söhbət etdik, arxada qalan illəri yada saldıq, ömür səhifələrini vərəqlədik.

“Həyatın ən mənalı günlərini hər yaşda yaşamaq olar”

Ziyalılar.az Cəbhə.infonun əməkdaşı Vilayət Muxtarın qələmə aldığı müsahibəni təqdim edir.

-Rafiq bəy, 60 illik ömrünüzün böyük hissəsini siyasətə həsr etmisiniz. Siyasətə xalq hərəkatından gəlmisiz. O dövrün xatirələrini bizimlə bölüşməyinizi istərdik…

-Daxilən özümü 60 yaşlı hiss etməsəm də, yaş öz işini görür. Əlbəttə ki, illər bir-birini əvəz etdikcə yaşla bərabər məsuliyyət də artır. Hər yaşın öz özəlliyi, hər yaşın öz gözəlliyi var. Həyatın ən mənalı günlərini hər yaşda yaşamaq olar. Gəl ki, mənim yaşıdlarımın taleyi çox keşməkeşlı bir zaman kəsiyinə düşdü. Xoşbəxtik ki, zamanın bu kəsimində müstəqil dövlətimizin bərpa quruluşunda az da olsa, payımız var. Əslində, mən, Daşdəmirli Rafiq Niyaz oğlu 15 may 1960 -cı ildə Gürcüstanın Borçalı mahalının Bolnisi rayonunun Saraçlı kəndində müəllim ailəsində anadan olmuşam. 1968 -ci ildə Saraçlı kənd orta məktəbinin birinci sinifinə getmiş, orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1977 -ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə qəbul olmuşam.

1978 -1980-ci illərdə isə keçmiş Sovet ordusunda xidmət etmişəm. Xidmətdən qayıtdıqdan sonra Bakıda bir çox vəzifələrdə işləmişəm. Hələ orta məktəbdə oxuduğum dövrlərdən Gürcüstanda azərbaycanlıların tarixini öyrənmişəm. Nədən azərbaycanlı olaraq Gürcüstanda yaşamağımızı təhlil etmişəm. Bəzən də müəllimlərimdən fərqlı fikirlərimə görə tənbeh olunmuşam. Ölkəmizin azadlığı uğrunda başlanmış xalq hərəkatında iştirak etmişəm. Əksər mitinqlərin iştirakçısı olmuşam. Xalq hərəkatını Azərbaycan xalqının milli oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi qiymətləndirirəm. Onda hamı bir nəfər kimi xalqı, dövləti, ümummili maraqları düşünürdü. O zamanlar xalqın mənəvi saflaşması, millətin birliyi, insanların siyasi oyanışı dövrü idi. Xalqın bu mövqeyi 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır.

“Apardığım mübarizəyə peşman deyiləm”

-Ömrünüzün ən mənalı illəri “siyasi dəhlizlərdə” keçib. Buna peşman deyilsiniz ki?

-Doğrudan da, elədir. Ömrümün gənc dövrlərini siyasi mübarizələrdə keçirmişəm. Müstəqillik illərində də daha çox ölkəmizin demokratikləşməsi uğrunda mübarizə aparmışam. Partiyanın təşkilati məsələlər üzrə rəhbəri olmuşam. Müxalifətin əksər kütləvi aksiyalarında, mitinq və piketlərində iştirak etmişəm. Bununla bağlı türmə həyatı yaşamışam. Əziyyətlərim çox olub. Amma ruhdan düşməmişəm, inanmışam ki, müstəqil dövlətimiz demokratikləşəcək, xalqımız yaxşı yaşayacaq. İtirilən illərimə, gəncliyimə peşman olsam da, apardığım mübarizəyə peşman deyiləm.

“Bu mübarizədə gəncliyimi və sağlamlığımı itirmişəm”

-Bu illərdə nə qazandınız, nə itirdiniz? Qazancınız çoxdu, itkiniz?

-Əlbəttə ki, itirdiklərim qazancımdan çox olub. Ən başlıcası gəncliyimi və sağlamlığımı itirmişəm. İndiki zaman kəsiyində qazandığım harada olmağımdan asılı olmayaraq, insanların mənə qarşı hörməti olub. Partiyada hər zaman üzvlər arasında hörmətlə anılmışam, xalqımdan sevgi görmüşəm. Mən sosial şəbəkələrin aktiv istifadəçisiyəm.Yubiley yaşımla əlaqədar mənə yazılan təbrikləri oxuduqda görürəm ki, az da olsa, qazancım var. Bir dostumun yazdığı kimi: “Rafiq Daşdəmirli deyəndə adamın gözləri önündən sanki bir kinolent keçir – ömrün bütün səhifələri vərəqlənir. Ötən əsrin 88-ci ilindən başlayb bu günlərə qədər. Daim meydanda və o meydanın ən qaynar nöqtəsində olan, cəbhəçiliyi haqq və şərəf edən bir insan ömrü yaşadınız. Ədalətli, özünü yox, dostlarını düşünən, şəxsi maraqlarına deyil, dövlətinə xidmət edən, gərəkəndə öz istəklərindən imtina edib dövlətçiliyə fəda olan bir həyat! O həyat bu gün də davam edir! Ali və uca məqsədlə dövlətə, dövlətçiliyə xidmət, dövlətini sevənlərin qorunması, müdafiəsi, sevməyənlərin qəhr olması yolunda çalışmaqdır”. Bax həqiqət budur. Həqiqətən belə olmuşam. Bəzən ac-susuz, pulsuz bu işlərlə məşğul olmuşam. Ölkəsi, xalqı üçün çalışan heç zaman peşman olmaz. Bunların hamısı mənim qazancımdır.

“Mən dərslərimi müəllimlərimdən, Rəsulzadə məktəbindən götürmüşəm”

-“Yurd”da uzun müddət fəaliyyət göstərmisiniz. 2015-ci ildə oradan ayrıldınız. Siyasi karyeranızda “Yurd”un yeri hardadır? Orda olduğunuza peşman deyilsiniz ki? “Yurd” dərsləri sizə nə öyrətdi?

-Bəli, çox uzun zaman kəsimində orda fəaliyyət göstərmişəm. Partiyanın təşkilatı məsələlərinə cavabdeh olmuşam. Əksər seçkilərdə seçki qərargahlarında işləmişəm. Demək olar ki, mitinq və piketlərin təşkilatçısı olmuşam. Ölkənin əksər bölgələrində təşkilatı işlərlə bağlı iclas və tədbirlərdə olmuşam. Hara getməyimdən asılı olmayaraq hər zaman siyasi müxalifətin birliyinə, sivil mübarizə aparmasına, dövlətin dövlətçiliyimizin qorunmasına, ölkəmizin bütövləşməsinə, torpaqlarımızın qaytarılmasına çalışmışam. Bəli 2015-ci ildə ordan ayrılmışam. Bəzən sözün keçməyən yerdə, sözünü yox, yerini dəyişməli olursan. Mən də sözümü deyil yerimi dəyişdim. “Yurd”da heç vaxt mənim yerim olmayıb. Mən Elcibəy ideyaları uğrunda, ölkəmizin bütövləşməsi, demokratikləşməsi uğrunda mübarizə aparmışam. Mən dərslərimi müəllimlərimdən, Rəsulzadə məktəbindən götürmüşəm.

“Məni siyasətə Qarabağ, bütövlük ideyası gətirdi”

-Siyasətdə olmasaydınız, həyatınız necə olardı?

-Siyasətci olmaq fikrim olmayıb. Bizi siyasətə qoşan Qarabağda gedən proseslər, Azərbaycanın müstəqilliyi və bütövləşməsi ideyası olub. Hələ ki, ideyalarımız uğrunda mübarizəmizi aparırıq. Şükürlər olsun ki, müstəqil dövlətimiz yarandı, möhkəmləndi. Güclü ordumuz, güclü dövlətimiz var. Sağlıq olsun, yəqin ki, tezliklə başqa ideyalarımız da reallaşar. Mən buna inanıram.

“Mənə görə ailə üzvlərim işsizdir”

-Siyasətçi olduğunuz üçün ailə üzvləriniz, yaxınlarınız tərəfindən etirazlara tuş gəlmisiniz?

-Siyasətçi olduğum üçün ailə üzvlərimin, yaxınlarımın tərəfindən etirazlarına çox tuş gəlmişəm. Siyasətlə məşğul oldunsa, demək günün, güzaranın ağırdır. Hələ ki, mənim kimi. Onu deyim ki, uzun müddət təşkilatı işlərlə məşğul olduğum üçün çox ağır günlər keçirmişəm. Mitinq və piketlər zamanı ilk məni qaralayırdılar. Demək olar ki, əksər polis bölmələrində saxlanmışam və ya inzibati cəza almışam. Bayıl təcridxanasında yatmışam. Bunlar az imiş kimi, oğlum da etmədiyi işə görə, mənim siyasi mübarizəmlə əlaqədar böhtana məruz qalmışdı. Demək olar ki, bütün ailə üzvlərim işsizdir. Bax belə olanda yaxınların və ailə üzvlərim tərəfindən qınanılıram. Əlbəttə ki, çətin işin ömrü az olar deyiblər. Çətindi, amma şərəflidi. Nə qədər qınanılsaq da, bizim işimiz budur. İdeyalarımız uğrunda mübarizəmiz şərəflidir.

“Xalq bu prosesdə aktiv iştirakçı olmalıdır”

-Hazırda ölkədəki ictimai-siyasi durumu necə dəyərləndirirsiniz?

-Qısa olaraq qeyd etmək istəyirəm ki, hakimiyyət tərəfindən islahatların həyata keçiriləcəyi ilə bağlı gözləntilər özünü doğrultmaqdadır. Bu gün hər iki cinahda istər müxalifət olsun, istərsə də iqtidar, dəyişikliklər, yenilənmələr olmalıdır. Azərbaycan kimi cəmiyyətlərdə bunlar çox ləng gedir. Bir yandan islahatlar, digər tərəfdən opponentlərinə qarşı münasibət. Xalq bu islahatlara dəstək verməli, bu prosesdə aktiv iştirakçı olmalıdır. Hələlik proseslər gedir, partiyaların qeydiyyat məsələsi, müxalifət iqtidar münasibətləri, dialoq təklifləri. Bunların hamısı müsbət bir haldır. Daha yaxşı olar ki, siyasi müstəvidə tutulanlar buraxılsın, iqtidar müxalifət münasibətləri sivil mübarizəyə keçsin. Siyasi və iqtisadi islahatlar sürətlənsin. Hakimiyyət siyasi partiyalarla hakimiyyət bölgüsünə getsin.

“Borçalı üçün çox iş görməliyik”

-Borçalı türklərinin problemlərini ürək ağrısı ilə dilə gətirirsiniz. Borçalı üçün nələri etməlidir? Gürcüstan azərbaycanlılarının problemləri tam şəkildə nə zaman aradan qaldırılacaq?

-Borçalı türklərinin problemlərini ürək ağrısı ilə danışan tək mən deyiləm. Borçalı türklərinin elə Borçalı boyda dərdi var. Türk dünyasının böyük şairi Zəlimxan Yaqub yazırdı:

Mən öləndə üzümü Borçalıya çevirin,
Orda duydum el ruhunun sazını.
Orda sevdim bir kişinin qızını.
Orda çəkdim gözəllərin nazını,
Mən öləndə üzümü Borçalıya çevirin.

İçərimdə həsrət adlı yükü var.
Ürəyimdə yaraların kökü var.
Ləlvəri var, Ağlağanı, Lökü var,
Mən öləndə üzümü Borçalıya çevirin.

Mənim könlüm bu torpağı sevirdi.
Qürbət ellər ömrü yelə sovurdu.
Bəlkə də Allah özü çevirdi.
Mən öləndə üzümü Borçalıya çevirin.

Öpsün əsən yellər, yağan yağışlar,
Oxşasın sevdiyim şirin baxışlar.
Məkkə də, qiblə də məni bağışlar
Mən öləndə üzümü Borçalıya çevirin.

Su vətəndi, balıq torda qəribdi,
Eldən ayrı qəbir, gor da qəribdi,
Mən qürbətdə, Vətən orda qəribdi
Mən öləndə üzümü Borçalıya çevirin.

Qoyun məni torpağının altına,
Torpağının, yarğanının altına.
Üzüm olsun ayağının altına
Mən öləndə üzümü Borçalıya çevirin.

Günümüzün ən ağrılı problemlərindən biri də Borçalıdır. Borçalıda çox işlər görülməlidir. Bu gün ən ağrılı məsələ toponimlərlə bağlıdır. Kəndlərin adı bərpa edilməlidir. Əsas məsələlərdən biri də milli mənəvi dəyərlərimizin, dilimizin qorunmasıdır. Bu istiqamətdə hələ çox işlər görülrməlidir.

-Gürcüstanda doğulmusunuz, Azərbaycanda yaşamısınız. Gürcüstan və Azərbaycan cəmiyyətlərinin fərqli tərəfləri hansılardır?

-Suala görə təşəkkür edirəm, çox maraqlı sualdır. Bizim xöşbəxtliyimiz ondadır ki, Borçalıda Gürcüstanda doğulmuşam,boya başa orda çatmışam. Həm də Azərbaycanda doğulub boya başa çatanlardan fərqliliyimiz var. Bizim fərqliliyimiz ondadır ki, biz bir fərqli millətçilik görmüşük. Bəzən türk olduğumuz halda,” tatar” adlandırılmışıq. Çox şükürlər olsun ki, indi belə hallar çox azalıb. Gürcüstanla Azərbaycan arasında bir dostluq ənənələri var. Bu dostluq səmimi dostluğa çevrilsin. Borçalıda yarım milyondan artıq Azərbaycan turkünün yaşamasına baxmayaraq hələ də bizlərə qısqanc yanaşmalar aradan götürülsün. Məktəblərdə dilimiz diskriminasiyaya məruz qalmasın. Gürcü dilini bilmək yaxşı haldır, amma öz dilimiz unudulmasın. Bu işlə məşğul olunmalıdır. Bax fərqlilik budur. Onların cəmiyyətləri bizim cəmiyyətdən fərqli olaraq unutqan deyillər.

-Rafiq bəy, “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalı olaraq sizi təbrik edirik!

-Mən də müsahibə üçün “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalına təşəkkürümü bildirirəm.

Ad günüm münasibətilə sosial şəbəkələr, telefon zəngləri və digər vasitələrlə Azərbaycanın müxtəlif regionlarından və dünyanın əksər yerlərindən çoxsaylı təbriklər aldım. Buna görə hamıya səmimi qəlbdən təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Sizlər mənə nə qədər xeyirxah, xoş və səmimi arzular ünvanlamısınız. Hamınıza “Çox sağ olun” deyirəm.
Sizin diqqətinizi yüksək qiymətləndirirəm və hər birinizə minnətdaram. Sizin arzularınızdan doğan hərarətə, hər bir sözünüzdə hiss etdiyim səmimiyyətə görə təşəkkür edirəm. Məhəbbətinizə və etimadınıza görə sağ olun. Yaşımın üstünə bir yaş da gəldi. Ad günüm karantin günlərinə düşdü, evdə qaldıq, ad günümü nəvələrimlə qeyd etdim. Hamınız çox sağ olun. Allah hamınızdan razı olsun. Müsahibə üçün təşəkkür edirəm!

Vilayət Muxtar