Ana səhifə İdman Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakı ilə blits üzrə “İpək Yolu Kuboku” turniri...

Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakı ilə blits üzrə “İpək Yolu Kuboku” turniri start götürür

20
0

Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə mayın 26-da blits üzrə onlayn qaydada beynəlxalq “İpək Yolu Kuboku” turniri start götürür.

Ziyalılar.az xəbər verir ki, bu gün turnirin 1-7-ci turlarının oyunları keçiriləcək. Yarışda Azərbaycan və Gürcüstan komandalarının tərkibində 27 şahmatçı olmaqla, ümumilikdə, 54 şahmatçı mübarizə aparacaq. Mayın 28-də isə 8-15-ci turların görüşləri keçiriləcək.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçirilən turnir Azərbaycanın və Gürcüstanın milli bayramları – müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr edilir. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir.

Yarış “playchess.com” virtual oyun platforması vasitəsilə keçirilir.

Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir.

Yarışın ümumi mükafat fondu 20 min avrodur. Turnirin qalibi 2500 avro qazanacaq. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına sahib olacaq.