Ana səhifə Ədəbiyyat Bu gün Vaqif SƏMƏDOĞLUnun doğum günüdür

Bu gün Vaqif SƏMƏDOĞLUnun doğum günüdür

80
0

Bu gün böyük Azərbaycan şairi Vaqif Səmədoğlunun doğum günüdür.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirmişdi. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri, “Oğuz eli” qəzetinin baş redaktoru  vəzifələrində çalışmışdır.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.
Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib.
2000 və 2005-ci illərdə iki dəfə Azərbaycanın Milli Məclisinə deputat seçilib.Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. Bakıda, Birinci Fəxri xiyabanda dəfn olunub.

Ziyalılar.az şairin bir-neçə şeirini təqdim edir:

 

Sevgilim, mən öləndə,

Bir küncdə xısın-xısın

Ağlayacaqsanmı sən?

Kimin xarabasında

Bir damla yaşa dönüb

Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,

Ağla, һeyranım, ağla,

Evdə qonaqlar olsa,

Çıxıb eşikdə ağla.

Gözlə, gecə düşəndə

Yorğan-döşəkdə ağla.

Qulaq asma aləmin

Sözünə bircə kərə.

De, Vaqif ölməliydi,

Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,

Soraq sənə gələndə,

Düşmən gözü güləndə,

Ağla, olanım, ağla,

Ağla, qalanım, ağla,

Ağla, mən ölüm, ağla…

   ***
Doğuldum 1939-da,
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım.
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar…
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm.
 
****
Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər…Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk…

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar…

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur…

****

Yollar uzun, yollar gödək

Nə fərqi var hansı eldə,

Hansı yolda azasan?

Ellər min-min, dillər min-min,

Nə fərqi var… hansı eldə,

… Hansı dildə susasan?

****

İlahi,
yatağın nə sağında,
nə solunda,
nə bir gözəlin qolunda
yatmaq istəyirəm.
İlahi,
nə söyüd kölgəsində,
nə dünyanın ən azad ölkəsində
yatmaq istəyirəm.
İlahi,
dar quyu dibində,
qaranlıq nəm içində,
işıqlı qəm içində,
ağrısız
yatmaq istəyirəm.
 

****
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi…
Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir…
Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa…
Üfüqdən gözəl
kimin xətti var?
Bir söz yazmayıb,
bircə fikri yox.
Amma
hər şey aydın,
hər şey gözəl…

****

Sənə, təkcə sənə,
Allah qədər tənha günlərin
İnsan həsrəti…
Gecə sənə,
Gündüz sənə,
Günəşinə də yağış yağan
Bu aləmin nəmişliyi
Sənə, təkcə sənə….
Həyat ayrılıq imiş
İnsanla ölüm arasında
Sənə, ancaq sənə verilibmiş
Ömür başdan-başa…****

Mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.
Dalamır indi məni
nə illərin başıyuxarı axarı,
nə də ömrün
üzüqoylu axırı.
Bilirəm,
yer üzündə bütün izlər
ömürdən gedir,
dəniz belə gözdən itir.
Bilirəm
yer üzündə
bir yol da salınmadı
insan gözündən.
Tapılmadı itənlər.
Mənsə gah həyata,
gah ölümə səbəb gəzirəm.
Yaşayıram, dözürəm
Bir misra da, bir gecə də…
Çünki mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.

 ****
  ****
Suyu qaçmış hovuza
Bənzəyir dəniz indi,
Solğun yerlərdə qalır
Saldığın hər iz indi,
Toy günü yarı ölmüş
Gəlinlərə bənzəyir
Ağ paltarlı buludlar….
Sən gələndə
Çiçəklər açılardı,
Sən gələndə
Daşlar da gül açardı,
Sən gələndə
kədər məndən qaçardı…
Gündüzlərin səması
Nədənsə indi bumbuz,
Gecələr başım üstə
Hə ay yanır , nə ulduz,
Nədənsə bu xoş baharda
Sarı yarpaqlar açır
Söykəndiyim ağaclar…****
Bacarsaydım qurudardım,
Dünyanın dənizlərini,
Xəzər yudu bu gün, gülüm,
Sahildəki izlərini.
O balaca ləpirləri
Çoxmu gördü dünya mənə,
Gözmü dəydi izlərinə?
Yerə vurdun sözlərimi,
Dindi yerim sarı simi…
Eşitmişəm yol üstəsən,
Yaz, göndərim gözlərimi,
Harda ağlamaq istəsən…

****
Sən mənim
doğma anamsan, Azadlıq,
mən sənin
yad qapısında böyümüş balan…
Sən son ümidimin qaldırdığı
ağ bayraqsan, Azadlıq,
mən səni
yellədən külək…

****
Səndən yenə
qar yağır.
Yenə sazaq dolu sinəndən
şaxtalı sözlər,
qırovlu ahlar,
buz bağlamış
gülüşlər çıxır.
Ölüm qat-qat istidir səndən.

  ****
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm…
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra
kimi oxunmaq…
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!
 

****
Sabah kiminsə gözündə nifrət,
kiminsə qolunda qüvvət,
kiminsə qəlbində boğulan qeyrət…
Sabah biri namaz üstə,
o biri
sərxoş yatarkən palaz üstə,
kimisi də ölərkən bir qız üstə
görünəcəklər.
Görünəcəklər olduqları kimi
o gözə görünməzə.
Sabah neçə yuxu yaxşıya,
neçəsi pisə yozulacaq,
sabah bir durna qatarı pozulacaq,
eyvanıma iki-üç salamat sərçə qonacaq.
Sabah yaxşı olacaq,
sabah çox pis olacaq.
Şükür, sabah olacaq.

****

Allah,

Nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq

neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

Ziyalılar.az