Ana səhifə Cəmiyyət Deputat Razi Nurullayev: Polis kimdir və nəçidir?

Deputat Razi Nurullayev: Polis kimdir və nəçidir?

86
0

Polisin vətəndaşa qarşı etdiyi hərəkət pislənildi və nazir Vilayət Eyvazovun əmriylə polis nəfəri vəzifəsindən uzaqlaşdırıldı, cəzalandırıldı. Məsələ bununla da bitməli və bütün söz-söhbətlərə ən azından tədricən son qoyulmalı idi. Amma hələ də bu məsələ saqqız kimi dartışılır, hiss olunur ki, Azərbaycanı və ölkəmizi sevməyən hansısa əllər və başlar bu məsələni gündəmdən çıxmağa qoymur.

Azərbaycan polisini başqa ölkələrin polisi ilə müqayisə edir və bizim polisləri gah yaxşı, gah da pis tərəfdən göstərirlər. Hər iki baxışa doğru yanaşmıram. Polis qanunçuluğun keşiyində dayanır. Onun üçün də polisə, prokurorluğa, digər hüquq-mühafizə orqanları işçilərinə münasibət birmənalı olmur.

Azərbaycan polisi öz polisimizdir və bizim bir parçamızdır. Azərbaycan polisində işləyən polis nəfərləri birinin atası, birinin qardaşı, birinin bacısı, birinin oğlu, qızı, əmisi oğlu, bacısi oğlu, dostu və tanışıdır. Polislər də vətəndaş olaraq bizim birimizdir. Biz millət olaraq insanları tutduqları vəzifəyə və icra etdikləri göstərişlərə görə ittiham edə bilmərik. Hər kəsin əməlinə görə ona dəyər verməli, münasibət göstərməliyik.

Polisin yanlışı doğruları unutdurmamalıdır. Yəni bir əməl o biri əməlləri yaddan çıxartmamalıdır.

Polis kimdir?

Biz evimizdə rahat yaşaya, gecələr gəzə, ailə-uşaqlarımızla rahatlıqla evdən çıxıb başqa yerlərə gedə bilirik. Təhlükəsizliyimizə əmin olaraq, azad hərəkət edirik.

Bəs bu asayişi, əmin-amanlığı kim təmin edir? Yayın istisində, qışın soyuğunda, gecənin qaranlığında insanlarımızın və asayişimizin keşiyində dayanan kimlərdir?

Pandemiya dövründə bizlər günəşin yandırıcı şüalarından kölgəyə çəkiləndə, hava soyuducusunun sərinliyi altında xumarlananda, evdə oturub pis-yaxşı rahatlıq tapanda, polis küçədədir, qızmar günəşin altında yanır, susayır, ayaqları ayaq üstə dayanmaqdan şişir, yolun ortasında dayanıb maşınları yoxlayır və onların buraxdığı zəhərli havanı udur.

Polis olmaq və üzərinə qoyulan məsuliyyəti daşımaq asandırmı? Polisin yanlışını deyəndə, doğrusunu da görmək, əziyyətini dəyərləndirmək və qiymət vermək ədalətli olar.

Bəs Vilayət Eyvazov kimdir?

Vilayət Eyvazovu sabiq nazir, indi isə Təhlükəsizlik Şurasının katibi olan hörmətli Ramil Usubovun müavini və indi isə Daxili İşlər naziri kimi tanımışam. Mən də mitinqlərdə, piketlərdə polislə üz-üzə gəlmişəm, mənim də qolumdan tutub polis maşınına mindiriblər. Amma polisdən narazı qalmamışam, müqavimət göstərməmişəm. Çünki mən onun qanunsuz hesab etdiyi mitinq və ya piketdə iştirakçı olmuşam, buna cəhd etmişəm, o isə aldığı tapşırığı icra edib.

Vilayət Eyvazovu dövlətçiliyin keşiyində dayanan və özünü oda-közə atan dövlət adamı kimi tanıyıram. Baş verən son hadisəyə görə nazirin birbaşa hədəfə alınması artıq dövlətə qarşı düşmənçilik mövqeyində duranların əl işlərinə bənzəyir. Onlar çox gözəl bilirlər ki, polis hədəfə alınsa, nazir nüfuzdan salınsa, dövlətçilik də, hökumət də zəifləyəcək. Onlar isə planlarını asanlıqla həyata keçirə biləcəklər.

Ən pis tərəfi isə odur ki, mənim də təmsilçisi olduğum müxalifətin də radikal və kortəbii qanadı düşmənlərin qaladığı ocağa benzin tökür. Sanki Vilayət Eyvazov olmasaydı, polis müti bir qula çevriləcək və həmin qüvvələrə dəstək duracaqdı. Nə dəxli var, nazir kim olur olsun, vəzifəsi dövlətçiliyin və qanunçuluğun keşiyində dayanmaqdır.

Belə görünür ki, ortada həm də nazir Vilayət Eyvazovla şəxsi düşmənçiliyin aparılması var. Bu isə yolverilməzdir. Çünki vəzifəli şəxslərə apardığı dövlət siyasətinə və icra etdiyi qanunlara görə şəxsi münasibətin formalaşdırılması ölkənin sütunlarını qazımaq, gələcəyimizi qaranlıqlara bürüməkdir. Dövlətçi adamlar isə buna yol verə bilməz və bu məqamda mən də dövləti sevənlərin yanındayam.

Cebhe.info

Ziyalılar.az