Ana səhifə Gündəm Vüqar DADAŞOV: Deputatların “nümayəndə” kimi səlahiyyətləri müəyyən edilməlidir-TƏKLİF

Vüqar DADAŞOV: Deputatların “nümayəndə” kimi səlahiyyətləri müəyyən edilməlidir-TƏKLİF

69
0

Tanınmış hüquqşünas, Qarabağ Qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, deputatlığa namizəd Vüqar Dadaşov Milli Məclis və deputat statusu ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsinin vacibliyi barədə çıxış etmişdir. Həmin çıxışı oxucularımıza təqdim edirik.

“09.02.2020-ci tarixdə ölkəmizdə keçirilmiş Parlamentə növbədənkənar seçkilərdə deputatlığa namizəd kimi iştirak etdim, bir hüquqşünas və namizəd kimi deyə bilərəm ki,  Milli Məclis və deputat statusu barədə qanunvericilikdə müəyyən uyğunsuzluq  mövcuddur.

Əvvəla onu qeyd edim ki, dövlət hakimiyyət orqanları qanunverici hakimiyyətdən, icra hakimiyyətindən və məhkəmə hakimiyyətindən ibarətdir  və bu hakimiyyət bölgüsü Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmişdir. Bildiyimiz kimi Konstitusiyamızın 81-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. Milli Məclisə üzvlərin seçilməsi mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə  seçki əsasında seçilir və Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.

Konstitusiyamıza müvafiq olaraq Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən “Seçkilərin (referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində Mərkəzi Seçki Komissiyası hər 5 ildən bir 125 seçki (referendum) dairəsi (bundan sonra — seçki dairəsi) yaradır. Seçki dairələri, bir qayda olaraq, seçicilərin orta təmsilçilik norması əsasında yaradılır. Seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Milli Məclis deputatlarının seçkiləri zamanı seçki dairələri — birmandatlı seçki dairələri, referendum, Prezident seçkiləri, bələdiyyə üzvlərinin seçkiləri zamanı isə — seçki əraziləri hesab edilirlər.”
Yəni, orta hesabla bu gün ki gün, hər deputat 40 000-dən (qırx min) çox  səs vermə qabiliyyətli ərazi-dairə üzrə təmsilçilik-nümayəndəlik prinsipi əsasında seçilir. Ancaq, Azərbaycan Respublikasının heç bir qanunda və ya qanunverici aktında deputatın təmsilçilik-nümayəndəlik üzrə nə funksiyası nə də vəzifə səlahiyyətləri əksini tapmayıbdı.

Seçilmiş deputat fəaliyyət dövründə faktiki olaraq Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının qanununun 21-ci maddəsinə əsasən “Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır”  Yəni deputat təmsil etdiyi ərazi-dairə üzrə Milli Məclisdə “nümayəndəlik” funksiyasına görə də əmək haqqı alır. Ancaq mövcud qanunvericilikdə deputatın “nümayəndə” kimi funksiyası, səlahiyyətləri müəyyən edilməyib ancaq, deputat müəyyən ərazi-dairə üzrə “nümayəndə” kimi seçilir lakin, faktiki olaraq qanunvericilik sahəsində fəaliyyət göstərir. Deputatın “nümayəndə” kimi funksiyasının, səlahiyyətlərinin müəyyən edilməsi deputatın təmsil etdiyi ərazi-dairə üzrə sosial-iqtisadi problemlərin həllinə kömək  olar və deputatların “nümayəndə” kimi məsuliyyətini müəyyən edər. Bəlli faktdır ki, bu gün ki gün, deputat təmsil etdiyi ərzazi-dairə üzrə “nümayəndə” kimi əhalinin sosial, iqtisadi, infrastruktur və sair problemlərin həlli üçün heç bir səlahiyyətə malik deyildir.

Ümumiyyətlə, dünya praktikasında müxtəlif cür adlanan yerli Məclisin əksəriyyəti iki palatadan ibarətdir yəni, biri nümayəndəlik, biri isə qanunvericilik fəaliyyəti ilə məşğul olan palatalar. Azərbaycan Respublikası Milli Məclisi isə bir palatalı  və faktiki qanunvericilik fəaliyyəti ilə məşğuldur. Baxmayaraq ki,  Milli Məclisə üzvlər (deputatlar) ərazi-dairə üzrə nümayəndə kimi seçilirlər. Bu baxımdan “nümayəndə” kimi vəzifə, funksiya və səlahiyyətləri müəyyən edilməmiş deputata “nümayəndə” kimi əmək haqqının verilməsinin də nə dərəcədə düzgün olması əsaslı sual doğurur.  Göründüyü kimi, mövcud uyğunsuzluğu aradan qaldırılması üçün seçilmiş deputatların “nümayəndə” kimi funksiya və səlahiyyətləri müəyyən edilməli və ya iki palatalı Məclis sisteminə keçilməlidir.
Mövcud qanunvericiliyə deputatların “nümayəndə” kimi səlahiyyətlərinin müəyyən edilməsi barədə  artıq Milli Məclisə müraciət ünvanlanıb.”

Ziyalılar.az