Ana səhifə Cəmiyyət Beynəlxalq İƏT Modeli konfransı Azərbaycan hökumətinin pandemiyaya qarşı mübarizədə atdığı addımları dəstəkləyib

Beynəlxalq İƏT Modeli konfransı Azərbaycan hökumətinin pandemiyaya qarşı mübarizədə atdığı addımları dəstəkləyib

15
0

“Pandemiya sonrası dünya: İƏT üzv ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar və çağırışlar” mövzusunda beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modelinin üçüncü xüsusi konfransı işini yekunlaşdırıb.

Ziyalılar.az xəbər verir ki, iyirmi yeddi ölkədən 85 gənc iştirak etdiyi konfransda yekun qətnamələr qəbul edilib.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏGF) Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə iyunun 23-də onlayn formatda işinə başlayan beynəlxalq İƏT Modelinin üçüncü xüsusi konfransı ölkəmizin ermənilərin işğal etdiyi Dağlıq Qarabağ bölgəsində 2020-ci il martın 31-də Azərbaycanlıların Soyqırımı Günündə keçirilən qondarma seçkiləri qanunsuz adlandıraraq şiddətlə qınayıb. Qətnamədə dünyada COVID-19 pandemiyası ilə bağlı yaranmış böhran vəziyyətində Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz seçkilərin keçirilməsi pislənərək, bunun işğalçı Ermənistan və onun qurduğu kukla rejimin insani dəyərlərə, ictimai əxlaqa və ümumilikdə beynəlxalq hüquqa biganə münasibətinin sübutu olduğu qeyd edilib. İƏT üzv dövlətləri və beynəlxalq qurumları təmsil edən gənclər Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərində yaranmış epidemioloji vəziyyətlə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Onlar dünya ictimaiyyətindən ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün təcili addımlar atmağı və işğalçı Ermənistanın hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayondan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb ediblər.

Qətnamənin giriş hissəsində Azərbaycan hökumətinə COVID-19 pandemiyası ilə mübarizədə milli, regional və qlobal səviyyədə atdığı ciddi addımlara və hər üç səviyyədə birləşdirici və dəstəkləyici fəaliyyətlərinə görə dərin minnətdarlıq bildirilib.

Bununla yanaşı, gənclər İƏT ölkələrində hazırkı pandemiya vəziyyəti, bir qurum olaraq istər İƏT-in, istərsə də ayrı-ayrı üzv-ölkələrin pandemiya ilə bağlı yaranmış böhran vəziyyətində həyata keçirməli olduqları siyasət və onun səmərəliliyi ətrafında müzakirələr aparıblar. Onlar İƏT Səhiyyə Əməkdaşlığı Platformasının qurulması və İƏT coğrafiyasında pandemiya ilə bağlı yaranmış fəsadların aradan qaldırılması üçün İƏT Post-COVID-19 Fondunun yaradılması kimi konkret təkliflər irəli sürüblər.

Qeyd edək ki, İƏGF-nin əsas layihələrindən olan “İƏT Modeli” layihəsi 2010-cu ildən keçirilməkdədir və Forumun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə artıq 10 ildir ki, hər il milli və beynəlxalq səviyyədə uğurla təşkil olunur. Bu proqramın əsas məqsədi İƏT coğrafiyasında mövcud olan aktual problemləri müzakirə edərək, gənclərin diplomatik və kommunikasiya bacarıqlarını gücləndirmək, onların beynəlxalq arenada təmsilçilik səviyyələrini artırmaq və İƏT-ə üzv ölkələri təmsil edən gənclər arasında həmrəyliyi inkişaf etdirməkdir.