Ana səhifə Ədəbiyyat TURAL İRFAN-İNDİ KİMƏ İNANASAN?

TURAL İRFAN-İNDİ KİMƏ İNANASAN?

101
0
Nadan, cahil “alim” olub,
İndi kimə inanasan?
Alimlər də zalim olub,
İndi kimə inanasan?

Biri sağdan dağa çəkir,
Biri soldan bağa çəkir,
Hərə bir qırağa çəkir
İndi kimə inanasan?

Pozulub xalqın mizanı,
Toz olub haqqın mizanı,
De, kim pozub bu nizamı
İndi kimə inanasan?

Başbilənlər baş hayında,
Kasıb, fəhlə iş hayında,
Baş açılmaz bu oyunda
İndi kimə inanasan?

Məmurlar qansız, amansız,
Varlılar dinsiz, imansız,
Hamı sabaha gümansız-
İndi kimə inanasan?

Dünya başdan bazar olub,
Qazancımız azar olub,
İnam özü bezar olub
İndi kimə inanasan?

Tural İrfan

ilahiyyatçı-yazar