Ana səhifə Siyasət ÜST tərəfindən Azərbaycana göstərilən dəstəklə bağlı Xarici İşlər Nazirliyində tədbir keçirilib

ÜST tərəfindən Azərbaycana göstərilən dəstəklə bağlı Xarici İşlər Nazirliyində tədbir keçirilib

27
0

İyunun 25-də Avropa İttifaqının (Aİ) “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisi tərəfindən Azərbaycana göstərilən dəstəklə bağlı Xarici İşlər Nazirliyində tədbir keçirilib.

Ziyalılar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tədbirdə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Səhiyyə nazirinin müavini Rahim Əliyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki rəhbəri Hande Harmancı iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ramiz Həsənov günümüzün ən böyük çağırışlarından biri olan COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan tərəfindən görülmüş qətiyyətli tədbirlər haqqında ətraflı məlumat təqdim edib.

Nazir müavini qlobal pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq və həmrəyliyin vacibliyini vurğulayaraq, dövlətimizin başçısının təşəbbüsü ilə qlobal pandemiya ilə mübarizə mövzusunda Türkdilli Əməkdaşlıq Şurasının Fövqəladə Zirvə toplantısı və Qoşulmama Hərəkatının Kontakt Qrupunun Zirvə toplantısının keçirildiyini qeyd edib, eləcə də Azərbaycan tərəfindən ümumdünya sağlamlıq böhranı ilə mübarizədə edilmiş ianə və humanitar yardımlardan danışıb.

Azərbaycanın milli səviyyədə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin Aİ tərəfindən dəstəkləndiyini vurğulayan R.Həsənov Aİ-nin bugünkü yardımının Şərq Tərəfdaşlığı ölkələrinin COVID-19-a qarşı mübarizəsi üçün “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü”nün tərkib hissəsi olduğunu və bu yardım vasitəsilə Azərbaycana 10 minlərlə respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonların çatdırıldığını bildirib və bu xüsusda Aİ və ÜST rəsmilərinə təşəkkürünü ifadə edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışında qeyd edib ki, mövcud qlobal pandemiya dövründə təcrid deyil, beynəlxalq həmrəylik və liderlik nümayiş etdirilməlidir. O, hazırkı durumda həmrəylik, tərəfdaşlıq, komanda işi və əməkdaşlığın ən vacib istiqamətlər olduğunu vurğulayıb. K.Yankauskas Avropa İttifaqının üzv dövlətlərlə birlikdə “Avropa komandası” olaraq Aİ-nin Şərq qonşuluğunun dayanıqlığını və ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialını gücləndirmək üçün COVID-19 pandemiyasının qarşısını almağa, virusu aşkarlamağa və mübarizə aparmağa kömək etdiyini söyləyib. Bu yardımın Aİ ilə Azərbaycan arasında praktiki əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd edən Aİ nümayəndəsi iki tərəf arasındakı tərəfdaşlığın daha da güclü olacağını vurğulayıb.

Daha sonra çıxış edən ÜST-nin ölkəmizdəki rəhbəri Hande Harmancı Aİ-nin maliyyələşdirdiyi və ÜST tərəfindən həyata keçirilən layihə haqqında məlumat verib. İki il ərzində reallaşdırılacaq layihə çərçivəsində tibb işçilərinə təlimlərin keçiriləcəyi, müvafiq tibbi ləvazimatların veriləcəyi, beləliklə virusla mübarizədə ön cəbhədə olan tibb işçilərinin yoluxma riskinin azaldılmasına töhfə veriləcəyini qeyd edib. Bu xüsusda, ÜST rəsmisi layihənin həyata keçirilməsinə dəstək olduqları üçün Azərbaycan Respublikası Xarici İşlər və Səhiyyə nazirliklərinə təşəkkür edib.

Səhiyyə nazirinin müavini Rahim Əliyev COVID-19 pandemiyasının sərhəd tanımadığı kimi, ona qarşı mübarizənin də sərhəd tanımadığını və bu mübarizənin mütəşəkkil, həmrəylik, qarşılıqlı yardım, qazanılan müsbət təcrübədən istifadə təməllərinin üzərində qurulmasının zəruri olduğunu bildirib. Azərbaycanın müharibə şəraitində olmasına rəğmən, sosialyönümlü siyasət həyata keçirdiyini və səhiyyə sahəsində son illər böyük irəliləyişin əldə edildiyini qeyd edən R.Əliyev insanların sağlamlığının təmin olunmasının dövlətimizin siyasətinin mərkəzi xəttini təşkil etdiyini vurğulayıb. O, Səhiyyə Nazirliyi adından Avropa İttifaqı və ÜST rəsmilərinə təşəkkürünü bildirib və insanların sağlamlığının qorunması ən alicənab və nəcib iş olduğundan əminliyini ifadə edib.

Tədbirin sonunda Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının tərəfindən Azərbaycan Respublikası Hökumətinə təqdim edilən COVID-19 əleyhinə yardım məqsədilə gətirilmiş fərdi qoruyucu vasitələrin təhvil-təslim aktı imzalanıb.