Ana səhifə Mədəniyyət Bugün görkəmli teatr və kino aktrisası,Azərbaycanın Xalq artisti, Azərbaycanın ilk peşəkar travisti,...

Bugün görkəmli teatr və kino aktrisası,Azərbaycanın Xalq artisti, Azərbaycanın ilk peşəkar travisti, “Azərbaycan səhnəsinin Cülyettası” Barat Şəkinskayanındoğum günüdür

48
0

Barat Şəkinskaya (Barat Həbib xan qızı Şəkinskaya; 28.06.1914, Şuşa – 14.01.1999, Bakı) – 28 iyun 1914-cü ildə Şuşada bəysoylu ailədə doğulub.
(Atası Həbib xan, 1920-ci il, aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb.
Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub).
Barat Şəkinskaya hələ uşaq ikən – 1920-ci ildə Şuşada göstərilən “Şəbih” tamaşasında Səkinə rolunda çıxış edib. O, ilk təhsilini Şuşada alıb.
1920-ci il avqustun 21-də anası uşaqları (Barat, Səriyyə və Süleyman) ilə birlikdə Şuşanı tərk edərək, Ağdamın Göytəpə kəndinə gedib. 1923-cü ildə isə Gəncəyə köçüblər.
Həmin il sentyabrın 1-də Barat xanım, Gəncədəki 2 saylı, birinci dərəcəli qız məktəbində dərsə başlayıb; 1927-ci ildə Gəncədə Pedaqoji Məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış edən Barat xanım, 1929-cu il, sentyabrın 18-də Gəncə Həmkarlar İttifaqının “Fəhlə klubu”nda aktrisa ştatına götürülüb. 1930-cu il, iyunun 25-də Pedaqoji Məktəbi bitirərək, Sərkər kənd məktəbinə müəllim göndərilib; eyni zamanda, “Qadınlar klubu”nun, “İşçi klubu”nun və “Dəmiryolçular klubu”nun dram dərnəklərində həvəskar aktrisa kimi fəaliyyətini artırıb.
1933-cü il, yanvarın 7-də Gəncə Türk İşçi Teatrosunun truppasına aktrisa götürülüb.
1935-ci il, fevralın 23-də tibb təhsili almaq məqsədi ilə Bakıya gəlib. 1935-ci il, sentyabrın 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa qəbul olunub.
Barat Şəkinskaya qazandığı sənət nailiyyətlərinə görə 26 yaşında Azərbaycanın Əməkdar artisti, 35 yaşında isə milli teatrın yaranmasının 75 illiyi münasibəti ilə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.
Barat Şəkinskaya 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. Aktrisanın iştirak etdiyi “Arxip baba və Lyonka”, “Ad günü”, “Köhnə qala”, “Çippolino”, “Buratino”, “Sirk gəlir” və onlarca bu səpkili tamaşalar “Qızıl fond”da qorunub saxlanılır.
Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. “Görüş” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (1957), “Kölgələr sürünür” (1958), “Qəribə əhvalat” (1960), “Telefonçu qız” (1962), “Evin kişisi” (1978), “Onun bəlalı sevgisi” (1980), “Üzeyir ömrü” (1981) və b. filmlərdə Barat xanımın oynadığı rollar kino tariximizin qiymətli incilərindəndir.
Görkəmli sənətkarın yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti – oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə teatrında oynadığı Kostya, Bakıda oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb.
1937-ci il yanvarın 14-də milli teatr tariximizə “Azərbaycan səhnəsinin Cülyettası” unudulmaz səhifəsini yazıb.
1943-cü ildə Gəncəyə qayıtdıqdan sonra buradakı dövlət teatrının yaradıcı kollektivinə üzv olub və Bahar (“Bahar”) və Hürü (“Məhəbbət”) rollarının ifaçısı olub. 1944-cü il, dekabrın 18-də Barat Şəkinskaya köçürmə yolu ilə Gəncə teatrından Akademik Milli Dram Teatrına keçib.
1956-cı il, iyulun 12-də Barat Şəkinskaya ərizə yazaraq məzuniyyətə gedib; lakin məzuniyyətdən sonra işə qayıtmayaraq teatrdan çıxıb. Dörd il “AzərbaycanFilm” kinostudiyasında aktrisa, Filarmoniyada aparıcı, yenicə açılan televiziyada diktor işləyib; Daşkənddə keçirilən Beynəlxalq Kino Festivalı Günlərində uğurla iştirak edib.
1960-cı il, oktyabrın 27-də Mehdi Məmmədov Akademik Teatra baş rejissor təyin edildikdən sonra, teatrdan getmiş bir neçə sənətkar, o cümlədən Barat Şəkinskaya yenidən teatra dönüb.
Aktrisa Moris Meterlinqin “Göy quş” (Tiltil), Şekspirin “Kral Lir” (Kardeliya), “Romeo va Cülyetta” (Cülyetta), “Otello” (Dezdemona), “On ikinci gecə” (Viola), “Polad qartal” (Şəfiqə), Şillerin “Məkr və məhəbbət” (Luiza), Karlo Haldoninin “Mehmanxana sahibəsi” (Mirandalina), Lope de Veqanın “Rəqs müəllimi” (Florela), Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub.
Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Axırıncı dəfə o, uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin “Çiçəklənən arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub.
Sənətə böyük ehtiramı olan Barat Şəkinskaya elə bu məhəbbət üzündən də səhnəni tərk edib. Görkəmli sənətkarın 70-ci illərdə səhnə ilə vidalaşma səbəbini prpfessor İlham Rəhimli belə izah edir: “Səbəbini bir dəfə özündən soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Mən bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim, hə Barat, səninki burada qurtardı”… – Məncə, bu sözlər özü də, bir sənətkarın timsalında, şəxsiyyətin özünə, sənətə, sənətdaşlarına və tamaşaçılara bəslədiyi ülvi münasibətin özünəxas örnəyini təşkil edir.
Görkəmli sənətkarın üç övladından (Solmaz, Rövşanə, Elçin) ikisinin onun sənət yolunu özünə-məxsus şəkildə davam etdirdiyi məlumdur: Elçin – Əməkdar incəsənət xadimi, sevimli kino aktyoru, görkəmli teatr rəssamı kimi ün qazanıb; Solmaz – ömrünün əlli ilini Azərbaycan Televiziyasında rejissor vəzifəsində çalışıb.
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub.
RUHU ŞAD OLSUN!

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə

Ziyalılar.az