Ana səhifə Ədəbiyyat ƏHMƏDE HƏPPO – AĞ DƏVƏ

ƏHMƏDE HƏPPO – AĞ DƏVƏ

43
0

 

Hər kəs mütləq ömürdən keçənləri,uşaqlıq çağlarını yada salır,xatırlayır,dərin xəyallara dalır.Ən qəribəsi də budur ki,xəyala çevrilən acılı-şirinli,enişli-yoxuşlu o günləri yaşadıqca öz-özünə deyirsən: ”Heyif o günlərə,ötən çağlara,kaş yenidən uşaq olaydım…”

Ömür kitabının səhifələrini vərəqləyə-vərəqləyə gəlib çatdım bu günün ixtiyar çağına. Əlimdə çəlik gah sağ, gah da sol ayağım üstə ləngər vura-vura uşaqlıq illərimdən həsrətilə uşaqlaşıb içdən kövrəlirəm və baxmayaraq ki, uşaqlığım heç də xoş keçməyib.

Dövri-zamanın haqsızlığı Stalin rejiminin qəddarlığında və erməni daşnak məkrində özünü daha çox biruzə vermişdi. O qanlı-qadalı illərdə azərbaycanlı qardaşlarımıza qarşı kütləvi repressiyalar başlayanda bu fırtına biz Qərbi Azərbaycanda (indiki Ermənistanda) yaşayan kürdlərdən də yan keçmədi. Uzaq Sibirə, Qazaxıstana və daha haralara sürgün olunduq. Doğrudur,uzun illər doğma ocağa həsrət qalsaq da,sonradan bizə verilən bəraət nəticəsində Azərbaycan Respublikasının müxtəlif bölgələrində məskunlaşmalı olduq. Zəhmətsevər insanlarımızın hərəsi bir işlə məşğul idi. Bir qismimiz də kolxozun fermasında işləyirdik. Kolxozun da vur-tut iki qoyun sürüsü,bir naxırı,at ilxısı və bir neçə dəvəsi vardı. İş zamanı arabir böyüklərin öz aralarında etdikləri söhbət diqqətimi çəkirdi:

“-İndiyədək heç dəvə saxlamamışıq.Bu dəvələr başımıza bəla olmasa yaxşıdı.

– Allah evini tiksin,dəvə ki, mülayim heyvandır?!

– Bəs “dəvə kini”ni nə deyirsən?

– Dəvəyə qarşı haqsızlıq eləməsən o da kinli olmaz.

– Dəvə ağır heyvan olmasına baxmayaraq deyirlər yumurtanın üstünə çıxıb yumurta qırılmayıb.”

Belə söhbətlərə çox maraqla qulaq asan vaxtlarda heç ağlıma da gəlməzdi ki, tezliklə mən də dəvələrin qayğıkeşinə çevriləcəyəm.

Ferma kənddən bir neçə kilometr uzaqda yerləşirdi. Yuxarı tərəfi boz təpələrlə sıralanan fermanın aşağı hissəsindəki düzənlik çöldən ibarət idi. Heyvanların örüş yeri və zəmilər bu düzənlikdə yerləşirdi.Bu yerlərdə arpa,təpələrin ətəyində isə bostan bitkiləri yetişdirilirdi.Dəmyə şəraitində yetişdirilən qarpız-yemişin şirin dadı uzun müddət damağımızdan getmirdi. Ferma uşaqdan- böyüyədək kimi çoban,kimi naxırçı,kimi də ilxıçı idi. Qadınlar isə sağıcılıqla məşğul olurdu.Həmin vaxtlar mən 9-10 yaşında idim. Əlimə bir qərməsov çubuğu vermişdilər. Və mən dəvələrə qulluq edirdim. Yaxşı yadımdadır,fermanın on dəvəsi və onların da iki-üç xötəyi vardı. Mənim başlıca vəzifəm ondan ibarət idi ki,dəvələrin zəmilərə girməsinin qarşısını alım və axşam düşən kimi onları arxaca (yataq yerinə) gətirim. Dəvələrin arasında ən böyük və tükü qar kimi ağappaq olan birisi də vardı,ona “Ağ dəvə” deyirdilər. Bundan başqa o biri dəvələr gecə səhərədək sicimlə bağlanırdı. Ağ dəvə yerə yatanda uzaqdan baxana elə gəlirdi ki,bir sürü qoyun yatışıb. İlkin vaxtlar bu dəvə yerindən qalxıb yeriməyə başlayanda məni xof basırdı,sanki dağ silkələnirdi. Ağ dəvənin qəribə özəllikləri çox idi. O, axşamlar boynuna ip salınmasını heç xoşlamazdı. Səhərlər isə başqa dəvələri açıb örüşə yola salanda Ağ dəvə onlara qaynayıb-qarışmadan ayrıca otlayırdı. Hər axşam iki-iki,üç-üç otlayan dəvələri bir yerə toplayıb arxaca gətirəndə Ağ dəvə nə qədər uzaqda olsa da arxamızca düşürdü. Bu dəvənin özünəməxsusluğu məni elə cəlb etmişdi ki,ondan əl çəkmək belə istəmirdim. Axşamlar ondan ayrılanda gözlərinə baxıb üzünə sığal çəkir,əzizləyirdim və “sabah görüşərik” deyirdim. O isə öz növbəsində məni iyləyir və əllərimi yalayırdı. Ağ dəvə ilə beləcə dostluğum davam edirdi.Və günlər ötdükcə biz bir-birimizə daha çox öyrəşirdik. Əlimə keçən hər şeyi –qarpız və qovun qabıqlarını, köhnəlmiş çörəyi xəlvətcə ona yedizdirirdim. Bir gün üzünü sığallayanda qəflətən özüm də fikirləşmədən dəvəyə “yıxıl”dedim. Həmin andaca o yerə yatdı. Mən də sevincək tez onu mindim.

O ayağa qalxanda həm qorxdum, həm də lovğa-lovğa ətrafa baxdım ki, bilim mənim dəvəyə mindiyimi görən oldumu? Heç demə anam (rəhmətlik) evin qabağında dayanıb uzaqdan bizə tamaşa edirmiş. Ağ dəvə yeriməyə başlayanda anam qışqırdı:

“- Rızqan,oğlum ,ehtiyatlı ol,yıxılarsan!”

Anam bizə tərəf qaçanda dəvə də ona sarı yeriməyə başladı. Onlar qarşı-qarşıya çatanda Ağ dəvə ehmalca yerə yatdı. Anam tez məni qucaqlayıb yalvarıcı səslə dəvəyə dedi:

“- Ay Ağ dəvə, bu yaşa gəlib çatanadək zalım fələk məni çox sınaqdan çıxarıb, iki övlad dağı sinəmə çəkib: biri acından, digəri də susuzluqdan ölüb. Ay Ağ dəvə, sən də insanlar tərəfindən həmişə yüklənirsən. Bəzən insafsızlar səni daha çox ağır yükləyir. Ona görə də bu gündən səni yüklənməyə qoymayacağam.” Həmin hadisədən sonra Ağ dəvə fermada hər kəsin sevimlisinə çevrildi.

Bəli, o vaxtlardan çox illər keçib,çox sular axıb, lakin Ağ dəvə ilə bağlı xatirələr heç yadımdan çıxmır ki,çıxmır. O xatirələr bir-birindən daha maraqlı və nümunəvidir. Xüsusilə də öz nəfsi naminə uzun illərin dostluğunu ayaqlar altına atan,duz-çörəyi unudan,xeyrə yaramayan, başqasının hesabına məqsədinə çatan, meydana atılıb “mənəm-mənəm” deyən bəzi adamlar üçün bəhs edəcəyim bu hasidələr bir növ örnəkdir. Və ya ki,dünya malına göz dikərək hər cür cinayətə əl atan, təmiz, vicdanlı insanları şər-böhtanla ləkələyən,xalqları,kütlələri bir-birinə qarşı qoyanlara Ağ dəvə nümunə ola bilər ki,bəlkə onlar öz çirkin əməllərindən xəcalət çəkib nəticə çıxarsınlar…

… İsti yay günlərindən biri idi. Bir də gördük ki, fermaya bir maşın gəldi. Sürücüdən başqa, maşından daha üç nəfər də düşdü. Dedilər ki, biri kənd sovetinin sədri, digəri məktəb direktoru, üçüncüsü isə rayon mərkəzindən gəlmiş yüksək vəzifəli şəxsdir. Onlar bütün ferma işçilərini bir yerə toplayıb bildirdilər ki, Sovet hökumətinin qərarı ilə

 

Hər bir uşaq məktəbə getməlidir, uşaqlarını məktəbə qoymayan valideynlər cəzalanacaq. Məlum oldu ki, fermada məktəb yaşlı üç-dörd uşaq var. Valideynlərə dönə-dönə tapşırdılar ki, sentyabrın 1-də uşaqlarını məktəbə göndərsinlər.

İllər gəlib ötəcək, mən oxuyub Sovet hökumətinin quruculuq işlərinin iştirakçısı olacağam və milyonlar kimi başa düşəcəyəm ki, bir tərəfdən Sovetlər qayğıkeşdir, digər tərəfdən isə bir neçə mal-qarası olanı “kulak” adlandırıb həbsə salır, ya da sürgün edir bizim ailələr kimi. Sovet İttifaqı ikitərəfli yükün sahibi idi. Bu yükün bir tayı gizli işlər və özünütərif, digər tayı isə yalan-palan, dedi-qodu ilə dolu idi. Ona görə də yetmiş ildən sonra bu dövlətin sütunları laxladı və o birdən çökdü…

Bəli,sentyabrın 1-i gəlib çıxdı. Biz dörd uşaq böyük qardaşımın müşayəti ilə səhər tezdən kənd məktəbinə üz tuturduq. Məktəb fermadan üç-dörd kilometr aralıda yerləşirdi. Başqa uşaqları deyə bilmərəm, mənim sevincim yerə-görə sığmırdı, uçmağa qol-qanadım yox idi, ,qanad açıb uşmaq istəyirdim. Məktəbin ağ təmiz divarları, həyətdəki səliqə-səhman, rəngbərəng çiçəklər, yamyaşıl ağaclar, dəstə-dəstə məktəbə gələn uşaqlar və sair məni elə sehrləmişdi ki, az qalırdı qışqırıb deyim:”-Mən artıq buradan heç yana getmək istəmirəm!..”

Böyük qardaşım bizi məktəbin direktoruna tapşırıb getdi, orada qaldıq. Mənim üçün məktəbdəki günlərim biri-birindən xoş keçirdi baxmayaraq ki,oraya gedib-gəlmək uzaq və əziyyətli idi. Digər uşaqlar gündə bir bəhanə ilə tez-tez dərsdən qaçırdı, mən isə hər gün böyük sevinclə,yeni həvəslə dərsə tələsirdim. Dərsdən sonrakı vaxtlarda yenə də dəvələrə qulluq edirdim. Məktəb yolu dəvə arxacının yanından keçirdi. Digər dəvələr arxacdan xeyli aralıda, Ağ dəvə isə məktəb yolunun kənarında otlayırdı. Biz ona yaxınlaşanda o başını qaldırıb bizə baxırdı. Bir çox uşaqlar Ağ dəvənin baxışına etinasızlıq edib yan keçəndə mən hər dəfə dayanıb onun başını sığallayırdım…

Payızın son günləri idi. Yağışlı-çiskinli, küləkli, tədricən soyuyan havada məktəbin palçıqlı yolu ilə gediş-gəliş çətinləşmişdi. Həmin vaxtlar fermadan təkcə mən məktəbə gedirdim. Digər uşaqların valideynləri müxtəlif bəhanələrlə övladlarını məktəbdən yayındırırdılar. Mən tək qalmışdım. Hər gün tezdən anam məni yuxudan oyadır, çantama bir təndir çörəyi qoyur, əlimə də bir dürmək verərək məktəbə yola salırdı. Əlimdəki dürməyi yeyə-yeyə yollanırdım. Məktəb yolu uzun,vaxt isə qısa olduğundan gecikməyim deyə tələsə-tələsə gedirdim. Bir gün gecikmişdim. Əlimdə dürmək Ağ dəvəyə yaxınlaşanda o, ağzını marçıldadıb mənə yaxınlaşdı, çantamı iylədi. Mən üzümü ona tutaraq: “-Ay Ağ dəvə, yoxsa çörəyin iyi burnuna dəyib,hə?”-deyə ondan mehribanlıqla soruşdum. Dəvə də gözəl baxışları ilə uzun kipriklərini döydü. Sonra çantamdakı qalın təndir çörəyini çıxarıb yarıya böldm, bir parçasını dəvəyə uzatdım. O, əvvəlcə çörəyi iylədi, sonra isə onu dişi ilə parçalayaraq yeməyə başladı. Yeyib qurtaranda başını yuxarı qaldırıb mənə bir də baxdı. Elə bil dəvə baxışları ilə deyirdi: ”-Böyük Allahın bu gününə şükür!” “Təşəkkür”əvəzinə burnu ilə mənə toxunan dəvə, başını aşağı salıb yanımdan uzaqlaşdı. Mən həmin gündən sonra hər dəfə dəvəyə yaxınlaşanda o, başını qaldırıb gözlərini gözümə dikirdi. Mən də öz növbəmdə hər dəfə ona yaxınlaşıb üz-gözünü tumarlayır və çantamdakı təndir çörəyinin yarısını verirdim. Ağ dəvə əlimdən aldığı çörəyi elə şirin-şirin yeyirdi ki, dərsə geciksəm də belə dayanıb ona heyranlıqla tamaşa etməkdən zövq alır və zümzümə ilə ona deyirdım:

“Ay qaragöz Ağ dəvə,

Gəl məni apar evə,

Sənə pay çörək verim,

Oxşayım sevə-sevə.”

Bir gün yenə anam adəti üzrə məni tezdən oyadıb dedi:

“-Ay oğul, tez elə əynini geyin, yuyun, axşam bişirdiyim südlü aşdan bir az qalıb, qızdırmışam,onu da ye, bu üç manatı da verirəm məktəbdə “katlet” alıb yeyərsən , di tez ol, yola hazırlaş!”

Südlü aşı yeyən kimi məktəbə tərəf yollandım və Ağ dəvəyə çatıb çantadan təndir çörəyini çıxardım.Yenə bir parçasını ona yedirdim. Birdən yadıma düşdü ki, anamın verdiyi üç manata məktəbdə “katlet” alıb yeyəcəyəm. Ona görə də çörəyin qalan hissəsini də dəvəyə uzatdım. O, başını qaldırıb gözütox adamlar kimi üzümə diqqətlə baxdı, arxaya çevrilib getdi.

Səhəri gün yenə dəvəyə yaxınlaşdım, çörəyi parçalayıb yedirdim ona. İkinci parçanı dəvəyə uzadanda heç üzümə baxmadan mənə arxa çevirib tez aralandı. Beləcə hər dəfə o öz payını şirin-şirin yeyir, qalan paya isə göz dikmirdi. Bir gün Ağ dəvəni ikinci payı da yeməyə məcbur etmək istədim. Çörəyi güclə onun ağzına dürtdüm. Heyvan hirslənərək yerə tüpürüb getdi. O gündən mən bir daha öz payımı ona vermədim.Yadıma bu hadisə bir el məsəlini saldı: ”-Qoy insanın tikəsi yarımçıq ,namusu isə bütöv olsun”.

Ağ dəvə ilə bağlı digər əhvalatı da unuda bilmirəm.

Üçüncü sinifdə oxuyurdum. Bu üç ildə heç nə dəyişməmişdi, təkcə məktəbə getdiyim yolda bir qədər fərq yaranmışdı.Yenə hər səhər anam məni tezdən oyadır, əlimə dürmək verir, çantama təndir çörəyi qoyur, mən də məktəbə tələsir,yolüstü Ağ dəvəyə çörəyin bir parçasını yedizdirirdim. Məktəbə getdiyim cığır geniş şum yerinin ortasından keçirdi. Öncə qeyd etdiyim kimi, kolxozumuz buğda, arpa və sair taxıl bitkiləri yetişdirirdi. Payızda taxıl biçildikdən sonra samanı yığıb taya düzəldirdilər.Tayalardan biri məni məktəbə aparan çığırın kənarında idi…

… Artıq qış gəlmişdi,havalar yaman sərt keçirdi. Qar-yağış yolda gediş-gəlişi çətinləşdirmişdi. Tez-tez yeriyəndə qara-yapışqanlı palçıq hərdən dizimə çıxırdı. Bəzən mənə elə gəlirdi ki, bu palçıq yox, qətrandır,saqqız kimi ayaqlarıma yapışıb.

Bir gün acizliyimdən az qala həyatımı itirəcəkdim. Belə ki,dərsdən sonra uşaqlar məktəbin meydançasında voleybol oynamağa getdilər. Mən də onlara qoşuldum. Bir anlığa unutmuşdum ki, mən evləri məktəbin yanında olan bəxtəvər uşaqlardan deyiləm. Qışda hava tez qaralır, fermaya qədər uzun yolu piyada qayıtmalıyam. Bilmirəm nə qədərsə oynamışdım. Onda ki ayıldım, baxıb gördüm hava qaralıb və xeyli soyuqdur. Yola düşəndə yağış-külək də güclənir və arabir məni sinəmdən geriyə itələyirdi. Hiss etdim ki, üşüyürəm. Soyuq üzümü ülgüc kimi kəsirdi. Əlimi üzümə çəkdim, qar dənəcikləri qaşıma-kipriklərimə yapışmışdı. Atamdan eşitmişdim ki, çovğuna düşən adam bir yerdə dayanıb -dursa yağan qarda dona bilər. Ona görə də ayaqlarıma güc verib iti irəliləməyə başladım. Yolun kənarındakı ot tayasına çatar-çatmaz qulağıma vəhşi heyvanların ulaşma səsi dəydi, birdən məni xof basdı. Bu yerlərdə tülkü, çaqqal tez-tez görünürdü. Ulaşma səsinin hansı heyvana aid olduğunu bilmədim. Yoluma davam edib tayaya yaxınlaşdım. Burada yolum yarı olurdu. Bayaqkı səslər kəsilmişdi, yalnız küləyin uğultusunu eşidirdim. Gözə heç kəs dəymirdi,qorxu məni yaman bürümüşdü. Arxamı tayaya söykəyib çantamı yerə qoydum ki, nəfəsimi dərim və donmuş üz-gözümü, qulaqlarımı ovuşdurum. Elə bu andaca qəfildən qarşıma bir neçə canavar çıxdı. Onlar ulaşaraq məni elə qorxutdular ki, tir-tir əsməyə başladım. Bircə dəfə “ay ana!”-deyə qışqıra bildim. Dilim tutuldu, qulaqlarım batdı, gözlərim qaraldı, az qaldı huşumu itirim. Canavarların dişlərinin şaqqıltısını sanki başıma ağır toxmaq dəymiş kimi hiss etdim. Onların gözləri par-par yanırdı. Mən çantamı ikiəlli sinəmə sıxdım. Canavarlar dişlərini qıcıyıb mənə azca yaxınlaşır, nə edəcəyimdən ehtiyatlanaraq öz məqamlarını gözləmək üçün geri çəkilirdilər. Ovları ovuclarının içinə düşmüşdü. Ona görə də elə bil öz ovları ilə oynayırdılar. Birdən mənə elə gəldi ki, yer-göy bir-birinə dəydi, nəriltidən qulaqlarım batdı. Bu Ağ dəvənin nəriltisi idi. Gözlərimə bir anlığa işıq gəldi, ”öz xilaskarımı” gördüm. Ağ dəvə canavarlara hücum edib onları nərilti ilə təpikləyir, pərən-pərən salmağa çalışırdı. Acgöz vəhşilər isə ovlarından əl çəkmək istəmirdilər. Dəvə öz balasını müdafiə edən kimi məni qorumağa çalışdı, yırtıcıların qarşısında qayaya çevrildi. Canavarlar Ağ dəvəni də parçalamaq məqsədilə bizi mühasirəyə aldılar. Dəvə həm özünü, həm də məni müdafiə üçün bir an belə sakit dayanmır, çevik hərəkəti ilə yırtıcılara tərəf hücuma keçmişdi. Öz layiqli cəzasını alan yalquzaqlardan biri arxadan dəvəyə həmlə edəndə dəvə ona elə bir təpik vurdu ki, o bir neçə metr aralıda yerə sərildi,əvvəlcə ulamağa, sonra isə it kimi zingildəməyə başladı. Mən bu ölüm-dirim savaşına maraqla tamaşa edirdim. Onları saymağa başladım: beş canavar idi.Bu haray-həşirdə həm dəvənin “qəhrəmanlığı ” məni heyrətləndirdi,həm də böyüklərin bir sözü yadıma düşdü: ”Canavarlar ova çıxanda bir-birinə etibar etmədikləri üçün dəstə ilə gəzirlər”.

Bir qədər keçdikdən sonra dəvədən layiqli “pay” alan canavarlar ulaya-ulaya ,bir-birinin üstündən tullanaraq oradan uzaqlaşdılar. Ağ dəvə qarşımda dayanmışdı. Baxışlarından “qorxma balaca, mən səninləyəm,verdiyin çörəyi unutmamışam, min belimə gedək” kəlməsini oxudum. Gözlərini gözümə zilləmişdi. Qəlbən kövrəldim. ”Xilaskarım”ın başını balaca sinəmə sıxdım, üzümü üzünə sürtdüm. Ağ dəvə məni başa düşürmüş kimi dizlərini büküb qarşımda yerə yatdı, belinə oturdum. O, evimizə sarı yoillandı. Mən isə hələ də qorxu-həyəcan içində geriyə baxıb öz-özümə fikirləşdim ki, birdən yenə canavar sürüsü arxamızca gələr. Ot tayasından xeyli uzaqlaşmışdıq ki, qulağıma itlərin səsi dəydi. Elə bu vaxt kiminsə itləri harayladığını ,anamın da qışqırığını eşitdim: ”-Ay haray,tez gəlin!”

Fermanın itləri qabağımıza çıxdı.Yəqin onlar da canavarların iyini hiss etmişdilər.Güclü külək sis-dumanı dağıtmışdı,hava açılmışdı,bayaqdan yağan qar kəsilmişdi. Uzaqdan anam-atam, əmim və bir neçə qonşu bizə tərəf qaçırdı. Onlar bizə yaxınlaşanda anam əllərini göyə qaldırıb ucadan dedi: “- Allah, şükür sənə, balamı mənə yetirdin. Balamı canavarlar yesəydi,ürəyim partlardı.”

Ağ dəvə haraya gələnlərin müşayəti ilə evimizə çatan kimi yerə yatdı. Qardaşım hamıdan qabaq qaçıb gəldi, məni dəvədən düşürüb qucaqladı, üz-gözümdən öpdü. Məni evə aparıb yatağıma uzatdılar. Bütün qohum-qonşular başıma yığışmışdı. Heç kim olmuş əhvalatı təfsilatı ilə bilmirdi. Anam başımı qollarının üstünə alıb mənə ürək-dirək verir, tez-tez üzümdən öpürdü.

Bir qədər keçdikdən sonra fermada işləyən qonşular dəvəni arxaca apardılar. Hamıya dəvənin bu fədakarlığının səbəbini danışdım. Söylədim ki, artıq üç ildir məktəbə apardığım çörək payımı Ağ dəvə ilə bölüşürəm.Bu sözləri eşidən anam yenidən ağlamağa başladı. Onun bu ağlamağının səbəbini o zaman dərk etməsəm də, indi bilirəm ki, yazıq anam xeyirxahlığımın əvəzində dəvənin məni ölümdən qurtarmasının səbəbini anlayıb, mütəəssir olmuşdu. Bayaqdan ana-bala söhbətinə diqqətlə qulaq asan atam (rəhmətlik) dərindən ah çəkib uca səslə dəvənin ünvanına dedi:

“-Ağ dəvə, mal-mülküm sənə qurban, yediyin çörək halalın olsun! Kaş bəzi adamlar da kəsdikləri çörək xatirinə sədaqətli olaydılar… Çörək verəninə xəyanət etməyəydi,onu ayaqlamayaydılar…”

Ziyalılar.az