Ana səhifə Gündəm “ZİYALI” adına iddialı olanlar-Tanınmış hüquqşünas Vüqar DADAŞOV yazır

“ZİYALI” adına iddialı olanlar-Tanınmış hüquqşünas Vüqar DADAŞOV yazır

87
0

Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, Respublika Ziyalılar Klubunun İH-nin üzvü, VI çağırış Milli Məclisə deputatlığa namizəd, Qarabağ Qazisi Vüqar Dadaşov ziyalılarla bağlı maraqlı çıxış edib. Həmin çıxışı oxucularımıza təqdim edirik.

Son günlərdə ölkə mətbuatında “ziyalı” məhfumu ilə bağlı müəyyən fikirlərə rast gəlinir. Əlbəttə ki, bu çox sevindirici haldır. Sözü gedən mövzu ilə bağlı yazım hələ 2019-cu ilin may ayından başlayaraq  ölkə mətbuatında geniş yayımlanmışdı. Sözsüz ki, cəmiyyətimizdə  əsl ziyalı kimi  görmək istədiyimiz şəxslərə ehtiyac və hörmət var. buna baxmayaraq, artıq  cəmiyyətimizdə “ziyalı”nın kim olduğu barədə yanlış təəssürat  yaranıb, daha doğrusu “ziyalı” oz mahiyyətindən kənar düşüb.

Ziyalı kimdir? Bu təbəqəyə kimləri aid etmək olar? Əvvəla “ziyalı” nə təhsil səviyyəsi ,nə də ki, tutulmuş mövqe deyil. “Ziyalı” düşüncə tərzidir. İlk növbədə ziyalı tərəf müqabilinə hörmətlə yanaşan və onu dinləmək qabiliyyətli, tənqidi qəbul edən və nəticə çıxarmaq qabiliyyətli şəxsdir. Əsl ziyalı çox həssasdır, heç vaxt heç kəsi alçaltmaz, kobudluq etməz, paxıllıq etməz və heç kəsə özünə arzulamadığını arzulamaz.  Bütün pisliklər genetik quruluşuna zidd olan şəxslər ziyalıdır.

Ziyalı o şəxs deyil ki, klassik ədəbiyyatı bilsin, klassik rəssamlıqdan anlayışı olsun, muzeyləri gəzsin, klassik musiqi dinləsin, teatr və kinoya getsin. Bütün bu deyilənlər əsas şərt deyil. Qeyd edilənlər ziyalıya xas olsa da, əsl ziyalı  bilikli və elmli, gözəl görüntülü və maneralı insan deyil. Ziyalılıq qəlbigenişlik və qəlbən zənginlik, ətraf dünyaya biganə qalmamaq, yeni bilikləri mənimsəmək və mədəni dəyərləri qavramaq və qorumaq bacarığıdır, mənəvi anlayışı yüksək   olan zəkalı şəxsdir. Ziyalı şəxsin borcu onu əhatə edən cəmiyyətə biganə olmamağı və insanlara xeyirxahlıq hissidir. Deməli ziyalılıq düşüncə tərzidir. Qeyd edilənlərdən kənar düşüncəyə malik, hər hansı bir mövqe tutan,  təhsilli,  titullar və medallara sahib adamlar ziyalı sayılmır.

Əsl ziyalı hər bir cəmiyyətin inkişafı, milli mənəvi dəyərlərin qorunması, dövlət və dövlətçiliyin saxlanılması üçün dayaq nöqtəsi və qoruyucu immunitetdir.  Ziyalı canlı bir orqanizm olan dövlətin və xalqın refleks xüsusiyyətidir, ziyalı xalqın və dövlətin mayakıdır.

Çox təəssüf ki,  doğma vətənimizdə ziyalılar bir təbəqə kimi yox olmaqdadır və özlərini xalqın ziyalısı kimi hiss edənlər xalqımızın milli, mənəvi dəyərlərinə, adət ənənələrinə və bizi bir millət edən identik quruluşumuzun tərkib hissəsi olan mentalitetimizə edilən təhdidlərə qarşı reaksiya vermirlər. Dövlət və dövlətçiliyimizə, suverenliyimizə, sosial rifahımıza təhlükə yaradan hallara münasibət bildirmirlər. Sovet dönənimdə belə, repressiyalara baxmadan Əhməd Cavad, Şıxəli Qurbanov, Hüseyn Cavid, Vəli Məmmədov, Xudu Məmmədov, Mikayıl Müşfiq və adlarını saymadığım digər Azərbaycan oğulları əsl ziyalı kimi xalqın önündə idilər və bir mayak kimi xalqa istiqamət verirdilər. Müstəqilliyimiz dövrümüzdə isə tam əksinə olan proseslər baş verməkdədir. Milli- mənəvi dəyərlərimiz məhv edilir, ərazi bütövlüyümüz pozulub, dövlətə və xalqa xidmət yaltaqlıqla əvəz olunub. Budurmu ziyalılıq?! Mənə məlum olan qədər deyə bilərəm ki, özlərini ziyalı sayan ,ara- sıra cəmiyyətimizdə baş verən neqativ hallara münasibət bildirən demək olar yoxdur . Sözsüz ki, bir neçə nəfər şəxsi ziyalını çıxmaq şərti ilə. Bəs qalanları, həmin yox kimi görünən, susan “ziyalı”lar niyə ziyalı adına iki əlli yapışıblar?!

Həqiqətən etiraf etmək lazımdır ki, həm bir xalq olaraq ,həm də bir dövlət olaraq Azərbaycan cəmiyyətinin əsl ziyalıya ehtiyacı var, Azərbaycan xalqı əsl ziyalı axtarışındadır; imamlar susuz səhrada su axtaran kimi. Allah xalqımızı və dövlətimizi qorusun.

.

29.06.2020

Ziyalılar.az