Ana səhifə Ədəbiyyat Hələ burdayam -TƏNHA BULUD

Hələ burdayam -TƏNHA BULUD

58
0

Hələ burdayam

Vüsalın ipi qırıldı,
Sevgimin bağrı yarıldı,
Ruhum ruhuna sarıldı,
Hələ burdayam.

Eşq nə uca bir dağ imiş,
Nə qırılmaz bir bağ imiş,
Öldü sanırdım,sağ imiş,
Hələ burdayam.

Həsrət soldurur gülümü,
Adın yandırır dilimi,
Ruzgar sovurur külümü,
Hələ burdayam.

Taleyim ögey anadır,
Nəfəsim də sevgi dadır.
Tanrı da səndən yanadır,
Hələ burdayam.

Tənha Bulud ,yağ yenə də,
Şimşək olub çax yenə də,
Dön qəlbinə bax yenə də,
Hələ burdayam…

 

CANIM YANIR
Bilə-bilə, sevə-sevə ayrılıram,
Canım yanır…
Ruzigarda xəzəl kimi sovruluram,
Canım yanır…

Tərəzidə tarazlığa gələmmirik,
Bu həyatda bir doyunca güləmmirik,
Bizi bizdə tapmışıqsa, böləmmirik…
Ət dırnaqdan aralanır,
Canım yanır…

İlk görüşün həyəcanı hələ durur,
Ayrılıqlar, məsafələr məni yorur,
Aramızda min əngəldən biri – Qürur…
Xatirələr xəyalımda sıralanır,
Canım yanır…

Bu sevginin vusal kimi çarəsi yox,
Bir bütünük, ruhumuzun parası yox,
Taleyimin xoşbəxtliklə arası yox…
Xəstə ürək təkrar-təkrar yaralanır,
Canım yanır…

Tənha Bulud, tənhalığın bitmədimi?!
Ömrün boyu əzab çəkdin, yetmədimi?!
Çiynindəki yük səni tərk etmədimi?!
Sevdasına əsir könlüm paralanır,
Canım yanır…

ELƏ GÖZƏL SEVDİM Kİ

Elə gözəl sevdim ki…

Çiçəyin Günəşi sevdiyi kimi.

Elə gözəl sevdim ki,

Pərvanə atəşi sevdiyi kimi.

Qaranquş bahara necə tələsər,

Ana balasının üstündə əsər.

Belə gözəl sevdim, belə tərtəmiz ,

Günləri, ayları keçirdim sənsiz.

Bu sənli dünyada sənsiz  yaşadım,

Dünyadan əl üzdüm, səndən doymadım.

 

Elə gözəl sevdim ki…

Balıqlar susmağı sevdiyi kimi,

Bitkilər torpağı sevdiyi kimi.

Şükr etdim aldığın hər nəfəsə də,

Gözlərim üzünü heç görməsə də.

 

Elə gözəl sevdim ki…

Torpağın yağışa həsrəti kimi,

Elə gözəl sevdim ki…

Körpənin doğuşa həsrəti kimi.

Sən demə hər dövrün Leylisi varmış,

Könül sevdasına əsir olarmış

Bütün acıları, iztirabıyla,

Həsrəti, hicranı, qəm sirabıyla

Ömrünü bir eşqə fəda edərmiş,

İçinə qapanıb səssiz gedərmiş…

 

Elə gözəl sevdim ki…

Sevdan möhürünü vurub qəlbimə,

Əsl eşq bir dəfə olur, sən demə.

Sənli də, sənsiz də Tənha Buludam,

Ruhumu ruhuna bağlayan adam,

Elə gözəl sevdim ki…

 

 

ƏLƏK

 

Dar günün ələyində

Ələdim dostlarımı –

Yadları, qohumları,

Otları, toxumları…

Zamanın küləyində

Gizlənən kim, uçan kim?

Əl uzatmaq yerinə,

Baş götürüb qaçan kim.

Ələndikcə ələndi –

Can deyənlər qalmadı.

Canı qurban deyənlər

Bir-bir keçdi ələkdən…

Xəlbirdə bircə dənə

Vəfalı can qalmadı,

Dürüst insan qalmadı.

Dar günün ələyində

Ələmişəm hər kəsi,

Kimsə mənə canımsan,

Ürəyimsən deməsin!

 

SÖZÜMÜN İÇİNDƏ

 

Sözümün içində gizlənib sözüm,

Təhlükəli suda üzən gəmiyəm.

Özümün içimdə dustağam özüm,

Qınında gözləyən qılınc kimiyəm.

 

Dilimin ucundan asılıb sözüm,

Həyatla ölümün arasındayam.

Ürək tüğyan edir,” sus !”deyir – dözüm,

Görən bu qədərin harasındayam?

 

Sözümün içinə sığışıb dünya,

Dağılan talelər, yıxılan evlər…

Dünyanın üzünə tuturam ayna,

Aynada görünür dünya eybəcər.

 

Sözümün içində inləyir bəşər.

Gördüyüm səhnədən nitqim tutulur.

Vəhşi siyasətə qurban körpələr,

Can verən dünyaya ölü doğulur.

 

Sözümün içində gizlənib sözüm,

Təhlükəli suda üzən gəmiyəm.

Özümün içimdə dustağam özüm,

Qınında gözləyən qılınc kimiyəm.

 

RƏBBİM, SEVDİYİMİ ÖZÜNDƏN QORU

Rəbbim, sevdiyimi qoru bəladan,
Ruzigarın soyuq üzündən qoru…
Bilmədən etdiyi səhvdən-xatadan,
Dilindəki acı sözündən qoru –
Rəbbim, sevdiyimi özündən qoru…

Aldansa dünyanın bər-bəzəyinə,
Kin-küdurət girsə saf ürəyinə,
Amandır, tez yetiş, çat köməyinə…
Şeytanın ardınca izindən qoru –
Rəbbim, sevdiyimi özündən qoru…

Dost kimi görünən gizli düşməndən,
Arxasınca söyüb, üzə güləndən,
Dostluğu parada-pulda biləndən…
Paxılın kəm baxan gözündən qoru –
Rəbbim, sevdiyimi özündən qoru…

Enişli-çıxışlı həyat yolunda,
Çətin sınaqları var sağ-solunda…
Ətrafı boşalıb yalqız qalanda
Yorulub bükülən dizindən qoru –
Rəbbim, sevdiyimi özündən qoru…

Demə, Tənha Bulud üzü dönükdür,
Axirət əzabı çiynimdə yükdür,
Mərhəmətin qəzəbindən böyükdür…
Cəzanın, şiddətin tezindən qoru –
Rəbbim, sevdiyini özündən qoru…

Tamara Nadirova/Tənha Bulud/

Şair-publisist