Ana səhifə Cəmiyyət Tovuz döyüşləri ilə bağlı ZİYALILAR MƏRKƏZİNİN BƏYANATI

Tovuz döyüşləri ilə bağlı ZİYALILAR MƏRKƏZİNİN BƏYANATI

122
0
Son günlərdə mənfur düşmənimiz tərəfindən törədilən təxribat nəticəsində gedən döyüşlər göstərdi ki, Azərbaycan Ordusu gözlənilməz hücumun qarşısını almaqda çətinlik çəkmir. Əlbəttə, düşmənin təxribatı nəticəsində baş verən döyüşlərdə itkilər də vermişik, düşmənə göz dağı olan igid oğullarımız Vətən torpağının azadlığı yolunda canlarını fəda edir, ancaq murdar düşmənin ayağının torpağımıza dəyməsinin qarşısını mərdliklə alırlar. Qürur hissi keçiririk ki, onlar düşmənə tutarlı cavab verir, düşməni dəfələrlə artıq itkilərə məruz qoyurlar. Döyüş meydanında bir neçə gün ərzində yüzlərlə yaralı və ölü daşıyan ermənilər itkilərdən dəhşətə gəliblər. Zabit və əsgərləri mövqelərini qoyub qaçır. Ermənistanda cəbhədə hadisələrin belə cərəyan etməsini gözləməyən dövlət başçısı və hərbi rəhbərlik xalqa doğru məlumat verməkdən yayınır. Müdafiə naziri ilə görüşən baş nazir Nikol Paşinyan itkiləri yenə də gizlətməyi tapşırıb. Çünki döyüşdə həlak olan erməni gənclərinin qanı onların əllərinə bulaşır. Məhz onlar gəncləri Azərbaycana ərazilərinin işğalına və terrorlara cəlb edirlər. Xalqının gözünə dik baxa bilməyən, ölüm və yaralanmalarla bağlı statistika ilə möhtəkirlik edən Ermənistan rəsmiləri əslində xalqı deyil, özlərini aldadırlar. 2016-cı ilin aprelində və Günnüt əməliyyatları zamanı yaşadıqları xof yenidən başlarının üstünü kəsdirib və “erməni xəstəliyi”nin simptomları özünü yenidən göstərir. Onlar dünyaya haray-həşir salıb yardım istəyirlər, digər tərəfdən, Azərbaycanı təcavüzkar kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxırlar. Hətta dünya mətbuatını çaşdırmaq üçün döyüşlərin guya Azərbaycanın Tovuz istiqamətində deyil, Ermənistanın Tavuş ərazisində olmasını yayırlar. Xəritəyə baxan nabələd insanlar da Tavuşun məhz erməni ərazisi olduğunu görüb elə zənn edir ki, döyüş sanki onlsırn torpağında gedir. Ona görə mətbuatımız da erməni hiylələlərini faş etməkdə ayıq olmalıdır. Torpağını qoruyan Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə dözməyən düşmən tərəfdə, xüsusilə Tavuş vilayətində, Berd rayonunda erməni ailələri ölkənin içərilərinə doğru qaçmağa çalışırlar. Ermənistanın fövqəladə hallar naziri Feliks Solakyan əhalini sakitləşdirməyə cəhd edərək vəziyyətin daha ağır olacağı təqdirdə hökumətin onları köçürəcəyinə söz verib. Ancaq ordumuzun həmlələrindən qorxmuş ermənilər bunu heç eşitmək belə istəmir, müxtəlif yollarla qaçıb aradan çıxmağa çalışırlar. Bu gün Azərbaycan xalqı ayaqdadır, hamı döyüşmək, işğal altında qalan torpaqlarımızı azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ehtiyac olmasa da yüz minlərlə soydaşımız döyüşçülərimizə köməyə getmək istədiyini bildirir. Hərbi Səfərbərlik İdarələrinə gedərək könüllü olaraq adlarını yazdırırlar. Düşmənə qarşı nifrət, axıdılan nahaq qanların qisasının alınması üçün hamıda döyüşkənlik əhval-ruhiyyəsi hakim kəsilib. Düşmənimiz görür ki, hətta bizim generallarımız və orta çinli zabitlərimiz öz əsgərləri ilə bərabər vuruşur, onları ruhlandırır, şəxsi nümunə göstərirlər. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov və başqaları Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqlar. Onlar döyüş meydanında mərdliklə şəhid oldular, amma döyüşçülərimiz üçün, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi qoyub getdilər.
Ziyalılar Mərkəzi olaraq bəyan edirik ki, hər birimiz Vətən naminə, Azərbaycan torpaqları naminə Ali Baş Komandanın əmri ilə hər zaman döyüşməyə, bütün lazımi, mümkün mübarizə yolları ilə düşmənə qarşı mücadilə aparmağa  hazırıq. Azərbaycan Dövlətinin mövqeyinin haq və haqlı olduğunu dərk edərək xalqımıza, dövlətimizə qarşı uzanan əllərin kəsilməsində hər an iştirak etməyə hazırıq. Yaşasın Azərbaycan, yaşasın Ordumuz, yaşasın xalqımız!
Ziyalılar Mərkəzi
 Ziyalılar.az