Ana səhifə Ədəbiyyat “Hünərinə əhsən” – AYGÜN HÜSEYN (şeirlər)

“Hünərinə əhsən” – AYGÜN HÜSEYN (şeirlər)

80
0

 

VƏTƏN OĞLU

Yağı düşmən üstə hünərlə vardın,
Yurdun yarasını əlinlə sardın.
Ulu Qələbəyə müjdə apardın,
Hünərinə əhsən, ay vətən oğlu!

Cürətin-qələmdir, bu yerlər-varaq,
Zəfər harayıdır əlində bayraq.
Qələbə ətrinə bələnib torpaq,
Hünərinə əhsən, ay vətən oğlu!

Səngərlər bir doğma qucaq kimidir,
Hər əsgər ürəyi ocaq kimidir.
Ümid yenilməyən bayraq kimidir.
Hünərinə əhsən, ay vətən oğlu!

Yurda pay vermisən öz həyatını,
Döyüşdə çapırsan cürət atını.
Aygün alqışlayır hər gün adını,
Hünərinə əhsən, ay vətən oğlu!

*

ŞƏHİDLƏR

Bu vətən uğrunda verdi canını,
Səpdi torpaqlara qızıl qanını.
Göylərə qaldırdı öz ünvanını,
Ölümü öldürdü uca şəhidlər.

Yurdu məhəbbətlə bağrına basdı,
Hünər kitabına adını yazdı,
Qeyrət zirvəsindən ruhunu asdı,
Ölümü öldürdü uca şəhidlər.

Şəhadət camını içdi anından,
Cəsarət körpüsün keçən anından,
Əl edir Şəhidlər Xiyabanından,
Ölümü öldürdü uca şəhidlər.

Ellər misra-misra öpür, oxşayır,
Çiynində əbədi vətən daşıyır,
Aygünün qəlbində daim yaşayır,
Ölümü öldürdü uca şəhidlər.

Aygün Hüseyn

                                                                      Ziyalılar.az