Ana səhifə İqtisadiyyat ABŞ Ticarət Departamentinin təşkilatçılığı ilə keçirilmiş konfransda ABŞ-Azərbaycan Ticarət Palatası təqdim olunub

ABŞ Ticarət Departamentinin təşkilatçılığı ilə keçirilmiş konfransda ABŞ-Azərbaycan Ticarət Palatası təqdim olunub

30
0

İyulun 28-də ABŞ-ın Ticarət Departamentinin təşkilatçılığı ilə Avrasiya qitəsində infrastruktur layihələri, özəl sektor və beynəlxalq maliyyə institutlarının fəaliyyəti və ticarət assosiasiyalarının roluna dair onlayn konfrans təşkil edilib.

Ziyalılar.az xəbər verir ki, ABŞ Ticarət Departamentinin Rusiya, Ukrayna və Avrasiya Ofisinin əməkdaşı Qaret Mitçelin moderatorluğu ilə baş tutmuş paneldə ABŞ Ticarət Xidmətinin Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) London qərargahında baş ticarət mütəxəssisi Canel Veyek, Xidmətin Asiya İnkişaf Bankının Manila qərargahında baş ticarət mütəxəssisi Mark O`Qardi, ABŞ-ın Amsted Rail şirkətinin Rusiya ofisinin direktor müavini Mət London və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov iştirak ediblər.

N.Baxışov ABŞ-Azərbaycan Ticarət Palatasının ikitərəfli ticarət münasibətlərinin inkişafındakı rolu barədə danışıb. O, bu məqsədlə palatanın istifadə etdiyi alətlər, o cümlədən illik forum və konfranslar, ticarət missiyaları, üzv şirkətlər üçün veb görüşlər, hər iki bazarın qiymətləndirilməsi istiqamətində aparılan fəaliyyətlər haqqında geniş məlumat verib. N.Baxışov ötən il palatanın təşkilatçılığı ilə İllinoys və Oklahoma ştatları ilə baş tutmuş iki kənd təsərrüfatı forumu və bu ştatlara səfər etmiş Azərbaycan ticarət missiyası barədə danışıb, hər iki missiyanın iki ölkə arasındakı ticarətə 1,2 milyon ABŞ dollarından artıq dəyərdə töhfə verdiyini vurğulayıb. Qeyd edək ki, hər iki forum palata ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Missiyası arasında ötən ilin aprel ayında imzalanmış çərçivə sənədi əsasında həyata keçirilib.

N.Baxışov ticarət palatasının təmsil etdiyi şirkətlərin biznes maraqlarının inkişafı ilə yanaşı, iki ölkə arasında mədəni və təhsil sahələrində də əlaqələrin genişlənməsi istiqamətində müvafiq işlərin aparıldığını qeyd edib. Bu xüsusda, o, palata və USAID/Azərbaycanın aparıcı rolu ilə Oklahoma Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti arasında yaradılan ikili dərəcə proqramı barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Oklahoma Dövlət Universiteti ABŞ-ın maldarlıq sahəsində qabaqcıl ali təhsil müəssisələrindən biridir. Ötən ilin noyabrında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun başçılığı ilə Oklahomaya səfər edən ticarət missiyası universitetin maddi-texniki bazası və araşdırma mərkəzləri ilə yaxından tanış olub.

Panel müzakirələri sual-cavab sessiyası ilə davam edib. Qeyd edək ki, görüşə ABŞ iqtisadiyyatının müxtəlif sektorlarını təmsil edən qırxdan artıq şirkət nümayəndəsi, eləcə də ABŞ-ın beynəlxalq ticarətə məsul dövlət qurumlarının nümayəndələri qatılıb.