Ana səhifə Cəmiyyət Ziyalılar Mərkəzi xalqımızı müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etdi

Ziyalılar Mərkəzi xalqımızı müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etdi

129
0

Bu gün Hicri-Qəməri təqvimiylə Zilhiccə ayının 10 -cu günü-Müqəddəs Qurban bayramıdır.

Üç səmavi dinin – YəhudilikXristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilmişdir. İslama görə, qurban “Allaha yaxınlaşdıran şey” mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyətiylə və Allahın adıyla kəsilən heyvana deyilir.

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.

“Rəbbin üçün namaz qıl və qurban kəs!”/Kövsər-2/, “De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”/Əl-Ənam-162/, “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”/Əl-Həcc-34/ kimi münasibətlər göstərilir. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: “Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: “Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”.

İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.

Qurban bayramı Allahın bəşəriyyətə nazil etdiyi, ictimai, sosial, mədəni, mənəvi, humanist əsaslara söykənən, böyük müsbət mahiyyət kəsb edən hadisədir. Xalqımız əsrlərdir bu bayramı təntənə ilə qeyd edir.
Ziyalılar Mərkəzi adından Azərbaycan xalqının Qurban bayramını təbrik edir, xalqımıza uca Allahdan ruzi – bərəkət, rifah, qələbə arzu edirik.
Şəhidlərimizin ruhu şad, qazilərimizin canı sağ olsun!
Uca millətimiz hər zaman var olsun! Amin!

Ziyalılar Mərkəzi

Ziyalılar.az