Ana səhifə Gündəm Dilimizi qoruyaq,əziz həmvətənlər! – LEYLA FAİQQIZI

Dilimizi qoruyaq,əziz həmvətənlər! – LEYLA FAİQQIZI

128
0

Bu gün ölkəmizdə Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunur.

Minillikər tarixi olan dövlətimizdə necə oldu ki, bugünki Azərbaycan dili formalaşdı? Necə oldu ki, əlifbamız latın əlifbası oldu? Gəlin, qısaca tarixə nəzər salaq:
Azərbaycan dili çətin və keşməkeşli bir yol keçmişdir. Qədim zamanlardan formalaşan bu dil VII əsrdən başlayaraq ərəb dilinin, İslam mədəniyyətinin bərqərar olması ilə bir qədər öz təsirini itirdi. VII əsrin ikinci yarısından başlayaraq Azərbaycan sənətkarları öz əsərlərini ərəb dilində yazırdı. Ərəb dili Azərbaycanda tədricən dini və siyasi bir dil kimi yayıldı, müəyyən vaxt keçdikdən sonra elmi və ədəbi əsərlərin dili kimi qərarlaşdı. Bu proses XII əsrədək davam etdi. Artıq 12-ci yüzillikdə fars dili hakim dil idi. Təəssüf ki, bu gün hər birimizin qürur duyduğu böyük Nizami Gəncəvinin və onun müasiri olan bütün şairlərin yaradıcılığı tamamilə farscadır. Sevə-sevə oxuduğumuz bütün 12-ci əsr ədiblərinin əsərləri fars dilində yazılmış, sonradan Azərbaycan dilinə çevrilmişdir. Artıq 13-cü əsrdə farsca yazıb-yaratmaq ənənəsi bir qədər zəiflədi. Dilimizin inkişafı, dövlət dili olması görkəmli ədib və hökmdar Şah İsmayıl Xətayinin adı ilə bağlıdır. Səfəvilər İmperatorluğu dövründə bütün rəsmi yazışmalar məhz Azərbaycan dilində aparılır, Ş.İ.Xətayi isə əsərlərini əsasən Azərbaycan dilində yazırdı. Beləliklə, Azərbaycan dili zamanla fars dilini sıxışdırır və inkişaf yolu keçirdi. 18-ci əsrdə isə M.P.Vaqif Azərbaycan dilində yazıb-yaradır, realizm cərəyanını inkişaf etdirirdi. Sonrakı dövrlərdə artıq hamımızın bildiyi Azərbaycan dili sürətli inkişaf yolu keçərək indiki səviyyəyə gəlib çatdı.
Əlifbamız da bir neçə dəfə dəyişdirilmişdir. Tarixən mixi yazıları, runik əlifbası, göytürk əlifbası mövcud olsa da sonralar uyğur əlifbası bərqərar oldu. Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan dilinin yazda əksi ərəb əlifbasının bir variantı ila başlanıb. Səbəb isə yenə də ərəb mədəniyyətinin gəlişi ilə əlaqədar idi. Səlcuq və Səfəvi türkləri X əsrdən başlayaraq ərəb əlifbasını əsas tutmuş və ərəb-fars əlifbası vasitəsilə çoxlu əsərlər yaratmışlar.
1929-cu ilədək Azərbaycan əlifbası ərəb, 1929-1939-cu illərdə latın, 1939-1992-ci illərdə kiril əlifbası olmuşdur. 1992-ci ildən yenidən latın qrafikalı əlifba qəbul olunmuşdur. Ötən əsrin 50-ci illərində kiril əlifbasında işlənən “я”, “ю”, “е” hərfləri əlifbadan çıxarıldı. 1992-ci ildə isə latın əlifbası qəbul olunarkən “ə” hərfi qoşa nöqtəli “a” ilə ifadə olunurdu, sonralar o da indiki “ə” hərfi ilə əvəzləndi. Tarixən dilimizdə mövcud olan “sağır nun”, (yəni “kar n”) zamanla dilimizdən və əlifbamızdan çıxarılmış, yalnız qərb bölgəsinin dialektlərində yaşamaqdadır.
2001-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla hər il avqust ayınıb 1-i Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunur. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən kiril əlifbası ilə nəşr olunan kitablar latın əlifbası ilə yenidən nəşr olunmağa başladı.
Harada yaşamağımızdan, hansı mühitdə yaşamağımızdan asılı olmayaraq hər birimiz öz dilimizi qorumalı və gələcək nəsillərə ötürməliyik. Dilimizi qoruyaq, əziz həmvətənlər!

Leyla Faiqqızı

filologiya üzrə fəlsəfə doktoru

Ziyalılar.az