Ana səhifə Ədəbiyyat NUHLARIN DƏRYADA BATAN YERİ – FAİQ HÜSEYNBƏYLİ POEZİYASI (şeirlər)

NUHLARIN DƏRYADA BATAN YERİ – FAİQ HÜSEYNBƏYLİ POEZİYASI (şeirlər)

54
0

 

Burdan sənə səslənirəm,
Səsimin çatan yerisən.
Mənim bu söz hisslərimin,
Aləmi qatan yerisən.

Ümidimin donu yaşıl,
Arzular başımdan aşır.
Üsyanımın mışıl-mışıl,
Qıvrılıb yatan yerisən.

Mən bir aşiq, sən bir pəri,
Bağladıq kitab-dəftəri.
Dəryaların diri-diri,
Şairi udan yerisən.

Bax bazar qiyamətinə,
Aldanma hər qiymətinə.
Sevgini su qiymətinə,
Çox ucuz satan yerisən.

Bu yerlər satılan yerdi,
Əzaba qatılan yerdi.
Daldan daş atılan yerdi,
Kimin daş atan yerisən?

Allah, qoru bu ruhları,
Yox et qaragüruhları…
Bu iman ilə Nuhların,
Dəryada batan yerisən.

Eheeyy… sənə səslənirəm,
Eşqinlə həvəslənirəm:
Ünümün yetən yerisən,
Səsimin çatan yerisən.
Üsyanımın ilan kimi
Qıvrılıb yatan yerisən.

SU QOXUSU, GÜL SƏSİ

Pərdə açılır…
Gün doğur,
başlayır tamaşa.
Firmada işləyirəm,
Aylıq maaşa.
Arxa fonda su qoxusu, gül səsi,
Özümdən böyükdü əllərimin kölgəsi.
Yalnız sözlə
təəccübləndirə bilərəm hər kəsi,
başqa heç nə…
Girmişəm bu bədənin içinə,
Sığal çəkirəm qayğılarımın başına,
Firmada işləyirəm,
Aylıq maaşa.
Səhərdən axşama kimi
yazıram Bakının yollarını
o başa-bu başa.
Firmada işləyirəm,
Xərcləyirəm ömrü dükan-dükan,
vitrin-vitrin:
bu xoş gün sənin olsun,
bu adi gün sənin.
bir az qara gün qalıb,
müddəti bitmək üzrədi,
Alın, götürün…

Keçmişlə gələcəyi
bəzən bir söz ayırıb,
bir səs ayırıb.
Kommunizm
kapitalizmə qurban gedib,
rekonstruksiya
“ferma”dan “firma” qayırıb.
Firmada işləyirəm,
Bu ay satış yaxşıdı, deyəsən.
Yazıram Bakının küçələrini
o başa-bu başa.
ürəyim uçur ayın sonuna –
aylıq maaşa:
Beş-altı şar alacağam,
Top alacağam.
bir-iki oyuncaq,
Böyük oğluma ayaqqabı,
Kiçik oğluma köynək…
Zəhməthaqqımı sevincə çevirib
Qanadlanacağam şəhərdən rayona –
balalarımın yanına.

Arzularla gerçəklik
üst-üstə düşməyəndə
əllərim sönür,
Dünyam tərsinə dönür.
Elə çox arzum da yoxdur –
Satış zəif olur hərdən…
Firmada işləyirəm,
Gün batır, iş bitir…
Pərdə.

Ən çox əllərimi sevir oğlum,
ən çox əllərimi –
Onu qucaqlamaq üçün,
bağrıma basmaq üçün.
şəklənir oğlum,
Əllərimə qulaq asmaq üçün.

Ən çox əllərimdən tanıyır məni oğlum,
Cadar-cadar, qabar-qabar.
Oğlumun əllərindən öpməsə əllərim,
qanar… qanar…
Oğlumun kəpənək əlləri
əllərimə qonar.

Ən çox əllərimi sevir oğlum,
Əl-ələ tutmaq üçün,
Yaşının az olduğunu
unutmaq üçün.

Oğlumun əlləri,
Uçur güldən-gülə.
Ən çox əllərimi sevir oğlum,
Birgə böyüyür əllərim ilə.

Əllərim hədiyyədi ona
Ad günündə.
Əllərimi gətirirəm oğluma
Ən şad günündə.
Ən arxayın, ən inamlı
Güvəncidi əllərim.
Onun xoşbəxtliyidir,
Sevincidir əllərim.
Oğlum üçün dünyanın
Ən bəxtəvər küncüdür əllərim.
Ürəyimdən qabaq can atır
birinci… əllərim…

Əllərim üzümü ağ edir,
Tanrım, üzümü ağ saxla!
Əyər mən ölsəm,
Əllərimi sağ saxla!

***

Qaçdı şeirlərim,
Qaçıdı evdən bayıra,
Tutub saldım qəfəsə.
Qaçdı şeirlərim,
Qaçdı ürəkdən dilə,
Tutub oturtdum sözə, səsə.
Hərdən xoşuma gəlmirəm nəsə,
Başağrı olmasın sizə.
Harda nə gəlir başıma,
Çəkib gətirirəm sözə.
Andıra qalmış şair ömrüdü,
Çevirirəm o üzə, bu üzə…

Qaçdı şeirlərim dildən dodağa,
tutub həbs etdim varağa.
Ömürlük cəza kəsdim,
Hərdən incidim, küsdüm,
Hərdən üstündə nanə kimi əsdim.
Oynadı şeirlərim bağrımın başında,
özü də bu cavan yaşımda.

Öpüb qoydum gözümün üstünə,
Bir də məndən şeir istəmə,
İstəmə, dostum.
Nimdaş paltar kimidi söz,
Neçə əyinə geyilib,
əzilib, yırtılıb,
min illik əsarətdən qurtulub,
Artıq nöqtəsi qoyulub.
Ən qəddar işgəncəyə məruz qalıb,
gözləri oyulub…

Qaçdı içimdən çölə şeirlərim,
Uçdu güldən-gülə şeirlərim.
Gedib qondu bir sevgiyə,
“can” deyə-deyə.
Bir də məndən şeir istəmə,
Aldanma bu nəsnəyə,
Aldanma, dostum.