Ana səhifə müsahibə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ilahiyyatçı Tural İrfan müsahibə verib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, ilahiyyatçı Tural İrfan müsahibə verib.

38
0

Ziyalılar.az Arx.az-a istinadən  həmin müsahibəni sizə təqdim edir:

-Tural bəy, bildiyimiz kimi bir neçə kitab müəllifisiniz. Ancaq son zamanlar sanki yaradıcılığınızın işıqlanmasında bir ləngimə, fasilə hiss olunur. Səbəb nədir ?

Bilirsiniz, yaradıcılıq fitri istedaddan doğursa onda heç zaman ləngimə olmur. Çünki insan yazıb-yaratmaqda sanki bir növü öz ixtiyarında olmur. İlahi bir qüvvə vaxtlı, vaxtsız onu yazmağa məcbur edir. Mən də hər zaman yazıb yaradıram. Artıq 8 kitabım işıq üzü görüb. Maddi imkan üzündən 20 dən artıq əsərim hələ çap olunmayıb. Qayğılar, çətinliklər çox sıxır məni. Onların içində elmi işlərim, traktatlarım da var. Amma demək olar ki, mən hər gün yazıb yaradıram. Hətta ən narahat vaxtımda, metroda, avtobusda, qatarda da boş durmuram…

– Bəlkə siyasətlə məşğul olmaq insanı geri salır nələrdənsə?

Düşünmürəm. Çünki siyasət də vacib məsələdir. Məsələn, Sabir Rüstəmxanlı şairdir, həm də siyasətçidir, siyasi partiya sədridir. Düşünmürəm ki, onu siyasət geri salıb. Çünki hər şey insanın özündən asılıdır. Əgər səndə istedad və qabiliyyət varsa, sən həm yaradıcılıqla, həm də siyasətlə məşğul ola bilərsən. Mən əvvəllər yaradıcılığa şeirlə başlamışam, ancaq sonralar publisistika və nəsrə keçmişəm. Son iki romanım ictimaiyyət tərəfindən kifayət qədər yüskək qiymətləndirilib.

Tanınmış ziyalılar, professorlar Məhərrəm Qasımlı, Nadir Məmmədli, Hacı Seyfəddin Qəniyev, tanınmış şair Əkbər Qoşalı kimi simalar müsbət rəylər veriblər yaradıcılığıma. Xalq şairi Nəriman Həsənzadə şəxsən özü mənə zəng edərək “Kamikadze-1” romanım haqqında yarım saat xoş sözlər dedi. Razi Nurullayev, Qənirə xanım Paşayeva kimi siyasət adamları da yüksək qiymətləndirib yaradıcılığımı. Əgər hardasa uyğunsuzluq olsa idi bircə nəfər irad bildirərdi. Əksinə, düşünürəm ki, siyasətlə məşğul olaraq yazmaq daha mükəmməldir.

– Siyasi partiyada sədr müavinisiniz. İxtisasca da ilahiyyatçısınız. Din ilə siyasət ziddiyyət təşkil etmirmi?

Xeyr, qətiyyən din ilə siyasət zidd deyil. Din mükəmməl bir yoldur, kamillik yoludur. Dinin içində siyasət də var. Doğrudur, indiki siyasətdə çirkinliklər çoxdur. Din isə paklıq timsalıdır. Siyasət və din düşmən deyillər. Hətta bəziləri dini tam siyasət hesab edir. Lakin mən bununla razı deyiləm. Dinin tərkibində siyasət ola bilər, amma din bütövlükdə siyasət deyil. Mən bir neçə dini məktəb, universitet bitirmişəm, ali təhsil ocağında müəllim də işləmişəm.

Lakin indiki siyasi fəaliyyətimi əvvəlki peşələrimin zirvəsi hesab edirəm. Çünki insan daima kamilliyə can atır. Öyrənməyə, öyrətməyə cəhd edir. Odur ki, mən öz siyasi fəaliyyətimdə hər zaman insanlara fayda verməyi məqsəd hesab edirəm. Yəni mənsub olduğum siyasi partiya və siyasi xətt də ölkədə kifayət qədər qəbul edilən, sanbalı və dəyəri olan bir xətdir. Yəni partiyamızın sədri, Milli Məclisin üzvü Razi Nurullayev özü çox mənəviyyatlı, savadlı, milli mənəvi dəyərlərə bağlı insandır.

Yəni, bizim siyasətdə amalımız hansısa dünyəvi mənsəb, vəzifə, şan şöhrət, maddiyyat və sair deyil. Bizim hədəfimiz xalqımızın rifahı, vətənimizin sabitliyi, insanların yaxşı yaşamasıdır. Əgər hansısa vəzifə və mənsəbə də çatarıqsa bu, ancaq xalqa xidmət yolundakı niyyətlərimizi həyata keçirməyə vasitə ola bilər. Hesab edirəm ki, dinin də əsl məqsədi elə xalqa, dövlətə, insanlara xidmət etmək, saf, pak, mənəviyyatlı olmaqdır.

– Ziyalılar Mərkəzi adlı bir qurum təsis etmişdiniz, fəaliyyətiniz nə yerdədir?

“Ziyalılar Mərkəzi” əslində yeni deyil. Mən hələ universitetdə müəllim işlədiyim zamanlardan həm də ədəbi fəaliyyətlə məşğul olurdum. İlk kitabım da elə o zaman çıxıb. Hətta təvazökarlıqdan uzaq olsa da belə, deyim ki, nümunəvi təhsilimə görə magistraturanı bitirən kimi məni universitetdə müəllim saxladılar. Rektor, tanınmış ictimai xadim, ölkədə ilk ilahiyyat alimi, şöhrət ordenli Hacı Sabir Həsənli ilk kitabıma ön söz yazıb çapına da yardım etmişdi.

O zaman ədəbiyyat adamları, dostlar, jurnalist, publisist yoldaşlarla birlikdə ədəbi, mədəni, mənəvi əlaqələrimizi, yaradıcılığımızı daha da səmərəli inkişaf etdirmək üçün tanınmış ziyalıların da tövsiyyəsi ilə bir ictimai birlik təsis etdik. Şeir antologiyaları, almanaxlar, məcmuələr, qəzet, jurnal nəşr etdik. Kifayət qədər faydalı işlər gördük.

Bir neçə il əvvəl də artıq ətrafımızdakı ağsaqqalların, ziyalıların, tanınmış ictimai xadimlərin, cəmiyyətin israrlı tələb və istəklərinə rəğmən həmin birliyin bazası əsasında “Ziyalılar Mərkəzi” ni təsis etdik. Dərhal da müsbət qarşılandıq. Cənab Prezidentin sərəncamlarına müvafiq olaraq keçən 2019 cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar İmadəddin Nəsimiyə həsr edilmiş tədbirlər keçirdik. Tədbirlər iki böyük şəhərdə, Sumqayıt və Xırdalanda möhtəşəm şəraitdə keçdi.

Xalq artistləri, alimlər və ictimai xadimlər də iştirak etdilər. Sonra xalq yazıçısı, böyük şəxsiyyət İsmayıl Şıxlının 100 illik yubileyini qeyd etdik Atatürk Mərkəzində. Həmçinin “2019 cu il üzrə İlin Ziyalısı” naminasiyası elan etdik. Ölkənin bir sıra tanınmış ziyalı və ictimai xadimi də münsif olaraq iştirak etdi. Yekdil səslə Azərbaycan Jurnalistlər Birliyinin sədri, hörmətli Elçin Şıxlı “İlin Ziyalısı” seçildi. Mərkəzimiz tərəfindən təltif etdik. Habelə, çoxsaylı kitab təqdimatlarına təşkilatçılıq etdik.

Mənim “Kamikadze-1” romanımın Azərbaycan Yazıçılar Birliyində təqdimatı oldu. Mərkəzimizin idarə heyətində olan yazarlar, şair Rəşad Mahmudun, hüquqşünas Vüqar Dadaşovun, araşdırmaçı Sərxan Carçının vətənpərvərlik mövzusunda olan əsərləri Azərkitab kitab təbliğatı Mərkəzində ictimaiyyətə təqdim olundu. Hazırda da fəaliyyətimiz öz axarındadır. Üzvlərimizin yaradıcılığını, elmi, publisistik məqalələrini, poeziya nümunələrini əks etdirən sanballı bir məcmuə-antalogiyanın üzərində işləyirik.

Mərkəzimizin amalı: ziyalılıq, mənəvi zənginlik, sağlam cəmiyyət, vətənpərvərlik, yaradıcılıq və ictimaiyyətin mənəvi cəhətdən səmərəli qidalanmasına çalışmaqdır. Tarixi mədəniyyət abidələrimizin təbliği, işğalda olan torpaqlarımızda, Qərbi Azərbaycanda, Qarabağda qalan abidələrimizin unudulmaması, gələcək nəsillərə bu tarixin hərtərəfli çatdırılmasında sabitqədəm fəaliyyət, məqsədlərimizdən biridir.

– Siz mənəviyyat, ədəbiyyat, din adamısınız. Bir ekspert kimi hər zaman mətbuatda, televiziyalarda müsahibələrinizi, açıqlamalarınızı, məqalələrinizi görürük. İndiki vəziyyəti necə dəyərləndirirsiniz?

Vəziyyət deyərkən bunu bir çox yöndən dəyərləndirmək olar. Şəxsən mənim istəyim odur ki, hər şey yaxşı olsun, ədalətli, vicdanlı olsun hamı. Ədəbiyyat da, mədəniyyət də ilk öncə mənəviyyatın saf olması ilə tərəqqi edir. Şair qəlbli insan üçün nizamı pozulmuş cəmiyyətdə yaşamaq zülümdür. Qucağında körpəsi ilə şosselərdə məmur Ciplərinə açılan cavan gəlin əllərini görəndə doğulduğuma peşman oluram.

Hər dəfə haqsızlıqdan özünü yandıran qazi görəndə həyata nifrət edirəm. Metrolar önündə dilənən qarı görəndə sarsılıram. İstəyirəm insanlar varlandıqca səxavətli olsun, qudurmasınlar. Vəzifələri böyüdükcə vicdanları əskik olmasın. Ancaq hər şeyi də siyasətə bağlamaq doğru deyil. Hər şeydə hökuməti günahlandırmağın tərəfdarı deyiləm. Belə bir misal var ki, məscidin ağzı açıqdı itib abrına nə gəlib?

Gərək bəzi, cəmiyyəti dumanlandıran fərdlər, məmurlar özləri insaflı olsunlar. Hər şeyə hökumət nəzarət edəndə deyirlər azadlığımız yoxdur. Nəzarət etməyəndə, azadlıq verəndə də deyirlər özbaşınalıqdır… Çünki bəzi insanlar öz günahlarını görmürlər. Bu gün hər şeyi manapoliyaya alıblar. Hətta ədəbiyyatı da. Daha şeiri də məmurlar özləri yazır. Mahnı da bəstələyirlər. Sonra da saxladıqları müğənnilərə verib oxutdururlar.

Kimin məmur qohumu, “krışası” varsa haqlı da odur, şair də odur, alim də odur, filosof da odur… Xalqımız yüksək dərəcədə qabiliyyətli xalqdır. Amma məmurlar xalqı istismar edirdilər. Yaradıcı insanlar üçün, istedadını üzə çıxarmaq istəyənlər üçün o zaman şərait olur ki, zülüm çəkib aidiyyatı yerlərə “kanal” tapasan. Tutaq ki, jurnalistlərə ev verirlər. Kimin adamı, tanışı varsa onu siyahıya salırlar. Məni niyə salmırlar? Səni niyə salmırlar?

Hətta elə qorxulu məmurlar var ki, sənə etdiyi qanunsuzluğa görə yuxarı orqanlara şikayət etdiyinə görə səni hədələyirlər, təziq göstərirlər, üstünə maşın sürürlər. 2014 cü ildə bir icra başçısının oğlu 3 dəfə üstümə maşın sürdürdü. Birində ağır yaralandım, xeyli əziyyət çəkdim, 8 dəfə məhkəməyə və aidiyyatı orqanlara müraciət etdim, baxan olmadı. Demək olar ki, hər gün məmurlardan ziyan çəkirik. Mən tək özümü demirəm, sadəcə özümü misal çəkdim. Məni kimi saysız insanlar da analoji olaylara tuş gəlirlər. Amma cənab Prezidentin hazırda apardığı islahatlar çox ümidvericidir. Hədəğadan çıxmış, hər şeyi öz əlində cəmləmiş zülmkar məmurlarla bağlı ciddi ölçülər götürülür, cəzalar tətbiq olunur…

Növbədənkənar Parlament seçkilərinin nəticələrini müsbət dəyərləndirirəm. Kifayət qədər savadlı, təcrübəli, vətənpərvər adamlar seçildi parlamentə. Bu da çox ümidvericidir. Ümumiyyətlə nikbin yanaşmaq lazımdır gedişata. Çünki ölkə başçımız artıq bütün sahələrdə operativ islahatlara start verib. Sadəcə ona kömək olmaq lazımdır. Onun gördüyü, görəcəyi bütün işlərdə iqtidar, müxalifət demədən ona əməli şəkildə dəstək olmaq lazımdır. Hörmətli Mehriban xanımın gördüyü işlərin misli bərabəri yoxdur.

Onların gördüyü xeyirxah işlərə, bəzi məmur təbəqəsinin öz maraqları naminə kölgə salınmasına məhz biz, ziyalılar, yaradıcı insanlar imkan verməməliyik. Xalqla rəhbərliyin arasında sədd, çəpər yaradılmasına imkan vermək olmaz. Bax onda hər şey gözəl olacaq. Əgər səsimiz, sözümüz yuxarı çatarsa, mən əminəm ki, çatan kimi arzularımız çin olacaq. İnanıram ki, yeni seçilən parlament də Prezidentə layiqli dəstək olaraq xalqımızın rifahı naminə daha böyük işlər görəcəkdir.

– Bildiyim qədər saz da ifa edirsiniz. İlahiyyatla saz necə uyğunlaşır?

Bəli, mən Aşıq Ədalət Nəsibovdan öyrənmişəm saz sənətini. Mənə ustad kimi halallıq verib. Azərbaycan Aşıqlar Birliyinin üzvüyəm. Uşaqlığımdan saz ifa edirəm. Özü də peşəkar aşıqların dediyinə görə yaxşı ifa edirəm. Mən müasir düşüncəli adamam. Dinimizdə musiqi yasaqlanmayıb. Bəzi ifratçılar musiqiyə xor baxırlar. Amma bu doğru deyil. Quranın oxunuş avazları, məqamatları elə musiqi üstündə oxunur, əzan musiqi notları üzərində oxunur.

Evliya Çələbi yazır ki, Musa peyğəmbər çobanlıq edərkən ney ifa edərdi. Davud Peyğəmbər də müğənnilik edirdi… Ən əsası isə, Qiyamət günündə İsrafil mələyin sur, ney çalaraq insanların dirilməsini təşkil edəcəyi deyilir. Saz da qədim alətimizdir. Mən təkcə saz yox, piano, gitara, tanbur da ifa edirəm. Milli dəyərlərimizi, Azərbaycançılığımızı məhz bu xüsusiyyətlərlə yaşatmalıyıq.

– “Kamikadze-1″ və “Eşqin şəhidi” romanlarınızı təbliğ edə bildinizmi kifayət qədər?

Açığını deyim ki, indi elə bir zamandır ki, əsasən də gənclərdən olan yaradıcı insanlara qayğı qənaətbəxş deyil. Kimin adamı, pulu varsa istedadı olmasa da o qabağa çıxır. Mən də qeyd edilən romanları çox çətinliklə çap etdirdim o qədər də geniş olmayan tirajda. Təqdimat etdik, tanınmış ədəbiyyat, hətta siyasət adamları iştirak etdilər, müsbət qarşılandı.

Doğrudur, ermənilər əleyhinə yazıldığı üçün erməni xislətlilər problemlər də yaratdılar. Hədələr oldu, hətta rayonların birində təqdimat keçirəcəydik, icra başçısı səviyyəsində maneələr oldu, imkan vermədilər. Lakin əsərlər yeni üslubda, tarixi həqiqətləri əks etdirdiyi üçün geniş maraq yaratdı, bu gün də o romanlar əl-əl gəzir. Özümdə çox az miqdarda kitab qalıb. Əgər hər hansı dəstək olarsa yenidən çap edəcəyəm Allahın köməkliyi ilə. Mətbuatda kifayət qədər yazılar yazıldı, müzakirələr aparıldı.

– İndi nə yazırsınız?

Mən eyni vaxta, eyni zamanda bir neçə iş aparmağı xoşlayıram. Eyni vaxtda bir neçə roman, bir neçə kitab, bir neçə məqalə, hətta bir neçə şeir də yaza bilərəm. Odur ki, bir elmi əsər və Qərbi Azərbaycan dialektləri, arxaik sözlər lüğəti üzərində işləyirəm. İstəyirəm mükəmməl olsun. Artıq 20 il olar bu işlə məşğulam. Başdan ötürmə işləri xoşlamıram. Nəsil şəcərəmiz haqda yazıram. Atam vaxtilə yazırdı, yarımçıq qaldı. Çünki dünyasını dəyişdi. İndi onu davam edirəm. Ümumiyyətlə şəcərə nədir, necə yazılır, necə araşdırılır… Çap olunası bir neçə şeir kitabım da var. Amma heç bir dövlət dəstəyi olmadığından üzə çıxarda bilmirik.

– Atanız da bildiyim şair olub.Yəqin ki, sizə də bu istedad ondan keçib?

Ümumiyyətlə Azərbaycan xalqı istedadlı xalqdır. Hər birimiz istedadlıyıq. Sadəcə bu istedadı biri üzə çıxara bilir, biri çıxara bilmir. Birinə qiymət verilir, birinə verilmir. Bəli, atam Sadiq Qaranın yaradıcılığı çoxşaxəli olub. O, uzun müddət məsul vəzifələrdə çalışıb. Mərhum ümummilli lider Heydər Əliyevin Azərbaycana əvvəlki rəhbərliyi zamanında şəxsən onun təyinatı ilə Xalq Nəzarəti Komitəsinin sədri işləyib rayonların birində. Uzun müddət qəzet redaktoru olub. SSR Jurnalistlər İttifaqının üzvü, Əməkdar Jurnalist idi. 9 kitabı işıq üzü görüb. İndi də uşaq şeirlərini toplamışam, dəstək tapa bilsəm çap etdirəcəyəm. Əsasən tariximizə, toponimikamıza aid bir çox tədqiqatları var.

Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi o dövrün bir çox böyük şairləri atama uğurlu yol yazmışdılar. Rəsul Rza Ədəbiyyat qəzetində onun yaradıcılığına dəstək olub. Anarla, Xəlil Rza ilə, Fikrət Sadıqla, Nüsrət Kəsəmənli ilə, Davud Nəsiblə, Məmməd Arazla, Oqtay Rza ilə dost idi, amma əvvəllər dövlət vəzifələrində, rayonlarda işləməsi ona, ədəbiyyat səhnəsində parlamağa imkan verməmişdi. Mənim ana babam da şeir yazırdı, sazı sevirdi.

– Ölkədə tanınmış, nüfuzlu nəsillərlə qohumluqlarınız var, sizcə soy ağacının kiməsə gedib çıxmasının insan həyatında rolu varmı?

Bilirsinizmi, əslində dinimiz soyu, kökü, nəsillə öyünməyi bəyənmir, əsas insanın öz şəxsi keyfiyyətlərinə önəm verir. Lakin insanın zatı, kökü, əsli də şərtdir. Çünki gözü tox, əsilzadə, kübar və alicənab nəsildən törəyən adam da çox zaman o xasiyyətdə olur. Ot kökü üstə bitər, deyirlər. Mənim ata babam Əhməd Ağa zəngin və savadlı adam olub, ağa titulu daşıyıb. Sovet hakimiyyəti onun var- dövlətini əlindən alıb. Onun atası Kərbəlayi Xəlil isə daha varlı insan olub. Vedibasar mahalı bilirsiniz ki, igid, cəsur, mərd insanlar çox yetirib.

Əslən o tərəflərdən olan babalarımız atla Kərbəlaya gedəcək qədər imanlı insanlar olublar. Babamın əmizadəsi Məşhədi İbrahim isə qanuni milyonçu olub. Qori Seminariyasının filialını Qazaxa köçürəndə öz şəxsi mülkünü bu Seminariyasının yerləşməsi üçün bağışlayıb və orada da Azərbaycanın tanınmış şəxsiyyətləri yetişib. Məşədi İbrahim və Kərbəlayi Xəlil öz dövrlərinin ən zəngin və xeyriyyəçi insanları olublar. Kərbəlayi Xəlil hazırda da qalan iki məscid tikdirib o dövrdə.

Onun bir qardaşı Məşədi Molla Həsən və oğlu Hacı Əli də o zaman din alimi, molla kimi Nəcəfdə oxuyub, Kəlbəcər və Göyçə mahallarında mədrəsələr təsis edərək əhalini maarıfləndiriblər. Qohumlarımız Kəlbəcərin Zar, Təkdam kəndlərində, Göyçə və Dərələyəz mahallarında yaşayıblar. Ana nənəm ölkənin ilk qadın hüquqşünası, ilk qadın prokuroru Bilqeyis Haşımzadədir. Yoldaşı Şükür müəllim də uzun müddət təhlükəsizlik orqanlarında əsas vəzifələrdə işləyib. Atamın bibisi Abbasqulu bəy Şadlinskinin gəlini olub.. . Elə bilirəm ki, bu haqda kifayətdir.

– Yeni nə planlarınız var?

Mən ümumiyyətlə planla iş görmürəm. Qəza və qədər var, bir az da həyatın öz axarı var. Həyatın axarı hər an dəyişə bilir və dəyişir. Hətta Quran birdən nazil olmayıb. 23 ilə hissə – hissə, qarşıya çıxan və çıxacaq hadisələrə uyğun olaraq əmrlər, hökmlər göndərilib. Ona görə də mən konkret planlaşdırmıram ki, bu işləri etməliyəm və ya edəcəyəm. Zaman və məkan da əsas şərtdir. Cəmiyyətimiz, zəmanəmiz, ölkəmiz təzadlar içindədir. Eniş, yoxuş, pərakəndəlik, qeyri stabillik, yeri səhv düşənlərin küyü, yersiz və haqsız məqama qalxanların nərəsi çaş-baş salır bəzən adamı…

Ona görə planla heç nə etmək olmur burada. Bu gün planlaşdırırsan ki, sabah bu işi görəcəksən. Sabah bir quldur məmur başına elə oyun açır ki, illərlə o oyundan çıxa bilmirsən. Görüləsi işlər isə lap çoxdur. Şəxsən mənim o qədər görüləsi faydalı işlərim, yazıb yaradacağım, xalqın xeyrinə olan real layihələrim var. Amma nə fayda…

Ölkə başçımıza ümidvarıq ki, maneələri aradan apardıqca bəlkə bizi kimi məhvə məhkum edilmiş, boğulmuş,unudulmuş, qayğıdan, diqqətdən kənarda saxlanılmış gənclərə də hansısa işıq yolu açılar, biz də öz itedadımızı, yaradıcılığımızı, potensialımızı üzə çıxarda bilək.

– Maddi vəziyyətinizdən gileylənirsiniz, necə yaşayırsınız?

Şükür Allaha, Allah hamıya ruzi verir. Amma nazirin itindən yaxşı yaşamıram. Bu aydan o ya borcla çıxırıq. Evim yoxdur. Yazdıq, pozduq, heç vecinə alan da olmadı. 20 ildən artıqdır peşəkar jurnalistika ilə, publisistika ilə, elmlə, poeziyayla məşğul ol, kitablar yaz, yüzlərlə məqalə, elmi iş və s. Axırda da səni unutsunlar. Rəhmətlik Qabilin “Səhv düşəndə yerimiz” şeiri yadıma düşür bu məqamda…

Düzdür, deyirlər kişi ağlamaz, amma mən ağlamıram, sadəcə kövrəlirəm. Haqsızlıq və ədalətsizlik mənim cavan yaşda saqqalımı ağardır,ömrümü məhv edir… Həllac Mansur deyirdi ki, əsl cəhənnəm bizim əzab çəkdiyimiz yer deyil, əzab çəkdiyimizi heç kəsin bilmədiyi yerdir. İndi mənim əzab çəkməyim əsl cəhənnəm deyil. Əsl cəhənnəm, mənim necə əzab çəkdiyimi heç kəsin bilməməsidir. Bax, dəhşət budur!

-Təşəkkür edirəm, müsahibəyə görə.

Çox sağ olun, buyurun.

Ziyalılar.az