Ana səhifə Cəmiyyət “Günəşin Nuru -4” antologiyası nəşr olundu

“Günəşin Nuru -4” antologiyası nəşr olundu

376
0

Gənc şairə Esmira Günəşin 2019-cu ilin yanvar ayından “Günəşin Nuru” adı ilə başlatdığı antologiya layihəsi hər gün daha çox uğur qazanmağa davam edir. Artıq antologiyanın 4-cü nəşri işıq üzü görüb. Hər dəfə fərqli qələm əhlinin nəşr olunduğu antologiyada nəinki ölkəmizin bölgələrində yaşayan şairlər, eləcə də xaricdə vətən həsrətiylə yaşayan istedadlı şairlərimizin şeirləri də dərc olunub. Hər antologiya nəşr olunduqdan sonra şairə Esmira Günəş ölkəmizin müxtəlif bölgələrində təqdimatlar təşkil edərək, kitabları oxucuların ixtiyarına verib. Bir çox kitabxana fonduna hədiyyə olunan antologiyalar, mədəniyyət evləri ilə yanaşı, antologiyaya maraq göstərən hər kəsə təqdim olunur. Oxuculardan gələn gözəl fikirlər, xoş sözlər isə şairləri daha da ruhlandırır. Sorağı ölkə sərhədlərini aşan “Günəşin Nuru” antologiya layihəsində iştirak edən şairlərin şeirləri Türkiyədə “Maki” dərgisində və “Anamursedir” saytında, İranda bir neçə qəzetlə yanaşı “Ədəbi körpü” internet dərgisində, həmçinin ölkəmizdə nəşr olunan bir çox qəzet və jurnallarda dərc olunur. Milli saytlarımızda daimi olaraq “Günəşin Nuru” layihəsi haqqında paylaşımlar olunaraq, dərc olunan şairlərin şeirləri paylaşılıb daha geniş kütləyə təqdim olunur. Bu dəfə “Günəşin Nuru 4” antologiyasında Anar Boluslu, Aslan Tərtərli, Azər Həsənov, Ceyhun Şirvani, Çiçək Tağıyeva, Emin Bayramlı, Esmira Günəş, Əfsər Abdullayev, Gülnar Ümid, Xatirə Səfərova, İradə Eldarlı, Leyla Azəri, Mələk Yusif, Mənzər Əkbərova, Nahidə Elman, Natik Dəniz, Rəvan Məmmədov, Sevda İbrahimli, Sevil Qulubəyova, Səriyyə Yaşar, Şəlalə Şəfəq, Tamam Yaralı, Yadigar Təvəkgül və Yeganə xanımın şeirləri dərc olunub. Hər birinin fərqli üslubu, fərqli şeirləri inanırıq ki bu dəfə də oxucuların marağına səbəb olacaq və “Günəşin Nuru 4” antologiyası da özündən əvvəl nəşr olunan 3 cildinin gətirdiyi uğurlardan qat-qat artıq uğur qazanacaq. Onu da qeyd edək ki, ölkəmizdə nəşr olunan digər antologiyalardan fərqli olaraq, “Günəşin Nuru” antologiyasına sözün əsl mənasında əziyyəti böyük olan Esmira xanım antologiyanın hər cildində nəşr olunan şairi Fəxri Fərmanla mükafatlandıraraq əziyyətlərinin hədər olmadığını hələ də sözə-sənədə dəyər verildiyini sübut etməyə çalışır. “Günəşin Nuru” ədəbi məclisinin təsisçisi olaraq tez-tez sosial şəbəkələrdə ədəbi müsabiqələr təşkil edən şairə kitablara daha çox maraq yaradır və oxucu kütləsinin artmasına da səbəb olur. Bu çətin yolda saytımız adından şairə Esmira Günəşə uğurlar arzulayır və “Günəşin Nuru 4” antologiyasında dərc olunan şairləri təbrik edirik. Uğurlarınız hər zaman bol olsun.

Ziyalılar.az