Ana səhifə Siyasət Məhkəmə sistemində islahatlar davam etməlidir

Məhkəmə sistemində islahatlar davam etməlidir

78
0

Məhkəmə sistemində islahatlar davam etməlidir

Ümumiyyətlə, Dövlət idarəetmə sistemi qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətindən ibarətdir. Məhz məhkəmə hakimiyyəti ölkədə ədaləti aşkar edən, qoruyan əsas üç hakimiyyət orqanlarından ən vacibidir və dövlətin onurğa sütunudur. Həqiqətən də məhkəmə sistemində böyük problemlər var. Ədalətsizlik hakim olan cəmiyyətdə dövlətçilik sarsılır. Bu sahədə İslahatların davam etdirilməsi vacibdir və bu islahatlar təxirə salınmaz halda həyata keçirilməlidir. Ölkə Prezidentinin məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı məhkəmə sistemindəki problemlərin həllinə imkan yaradıb. Cənab Prezidentin sözü gedən Fərmanı imzalamasından artıq 1 ilə yaxın vaxt keçir və həmin fərmanla bağlı vacib işlər görülüb.

Məhkəmə-hüquq sistemində ilk struktur yenilənmə məhz kommersiya məhkəmə sisteminin yaranması oldu. Əvvəlki çıxış və müsahibələrimdə bildirmişdim ki, hüquqi şəxslərin münasibətlərinin həlli üçün bu tip ixtisaslaşmış məhkəmələrə ehtiyac var idi ancaq, fikrimcə ayrıca Məhkəmə sisteminin yaradılmasına ehtiyac yox idi. Hesab edirəm ki, kommersiya mübahisələrinin həlli üçün müvafiq inzibati-iqtisadi məhkəmələrin nəzdində ixtisaslaşdırılmış bölmə və ya şöbənin yaradılması kifayət edərdi. Əvvəla, ayrıca kommersiya məhkəmələrinin yaradılması, saxlanması, təminatı dövlət büdcəsinə yükdür, effekti isə ümumi məhkəmə sistemindən yuxarı ola bilməz ,çünki məsələnin həllinə ancaq kompleks yanaşma şəklində nail olmaq olar.

Məhkəmə sistemində islahatlar deyəndə, fikrimcə bu məsələyə geniş yanaşılmalıdır ,yəni prokurorluq sistemində, hüquq mühafizə orqanlarında, məhkəmə sistemində, vəkillik- hüquq müdafiəsi sahəsində və məhkəmə sistemində eləcə də hakimlərin fəaliyyət sistemi ilə paralel şəkildə islahatlar aparılmalıdır. Vətəndaşların məhkəmə orqanlarına müraciətləri asanlaşdırılmalıdır. Məhkəmə qərarlarının icrasının tam təmini üçün icra orqanlarının səlahiyyətləri genişləndirilməlidir.

Bildiyimiz kimi, qanunların icra edilməsinə nəzarət edən nadzor orqan məhz prokurorluqdur. Etiraf etmək lazımdır ki, prokurorluq da qanunverici hakimiyyətə, icra edici hakimiyyətə və məhkəmə hakimiyyətinə səlahiyyətləri çərçivəsində müdaxilə edə bilmir. Hətta bəzi icraedici orqanlarda müstəqil şəkildə istintaq idarələri yaradılıb. Ədliyyə Nazirliyi tərkibində Gömrük Komitəsində, Vergilər Nazirliyində istintaq orqanları faktiki olaraq müstəqil fəaliyyət göstərir və faktiki olaraq Prokurorluq orqanlarının nəzarətində deyil. Bu hal təbii korrupsiyaya şərait yaradan amillərdən olmaqla , pərakəndəliyə,eləcə də, vahid idarəçilik olmadığından nəzarətsizliyə (nadzor) səbəb ola bilir. Təkrarçı və demək olar ki, müstəqil fəaliyyət göstərən müxtəlif istintaq idarələri dövlət büdcəsinə yükdür, həm də artıq məmur ordusudur. Bunun həlli üçün prokurorluq orqanlarının səlahiyyətləri genişləndirilməli, praktik olaraq qanunverici, icra edici və məhkəmə hakimiyyəti üzərində nadzorluq səlahiyyətləri faktiki tam bərqərar olmalıdır. Prokurorluq ancaq nadzor funksiyası yerinə yetirməlidir. Ən vacib şərtlərdən biri də budur ki, prokurorluqdan bəzi funksiyalar, o cümlədən, dövlət ittihamçısı funksiyası və idarəsi ayrılmalı, müstəqil fəaliyyəti təşkil olunmalıdır və ona da digər orqanlara olduğu kimi məhz prokurorluq nadzorluq etməlidir.

Vəkillik və hüquq müdafiəsi sahələrində dəyişikliklər aparılmalıdır, vəkillərin səlahiyyətləri genişlənməlidir , məsələn vəkillərə ifadə almaq hüququ verilməlidir, eyni zamanda da nümayəndəlik institutu bərpa olunmalıdır, həmçinin vəkillər kollegiyasının alternativi yaradılmalıdır. Bu ,hüquqi şəxs kimi və ya digər formada fəaliyyət göstərən təşkilatlar ola bilər. Qısası, vəkillər kollegiyasının monopoliyasına son verilməlidir.

Ən əsas məqam isə hakimlər və məhkəmələrlə bağlıdır. Məhkəmələrin fəaliyyətini tənzimləyən və nəzarət edən orqan məhz məhkəmə hüquq şurasıdır. İlk növbədə hakimlərin müstəqilliyi bərpa olunmalıdır. Hakimlərin fəaliyyət qabiliyyəti mütəmadi yoxlanılmalıdır, hakimin intizam məsuliyyətinə cəlb edilməsiylə bağlı araşdırmaya şikayətçi və şikayət olunan hakim bərabər cəlb olunmalı və onların iştirakı ilə araşdırma aparılmalıdır. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 111-ci maddəsinə əsasən hakimlərə qarşı intizam icraatının başlanmasına səbəblərdən biri kimi fiziki və hüquqi şəxslərin şikayətləri müəyyən edilmişdir. Lakin bu günə kimi belə bir praktika olmayıb. Hakimliyə təyinat isə məhz müəyyən effektiv hüquqi təcrübədən sonra ən aşağısı 15 illik təcrübədən sonra təyinat olunmalıdır. Hakimlərin sosial şəraiti və maddi təminatı xeyli dərəcədə artırılmalıdır. Məhkəmə hüquq şurasının üzvlərinin sayı artırılmalı, onların səs vermə mexanizmi dəyişdirilməlidir və Şuraya ictimai nəzarət mexanizmi yaradılmalı və bu üzvlər bir dəfədən artıq təkrar seçilməməlidirlər.

Vətəndaşların məhkəmələrə müraciətlərinin asanlaşdırılmasına gəldikdə isə, qısa şəkildə qeyd edim ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü və 408.1-ci maddələri Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə dolayısı da olsa məhdudiyyət yaradır. Məlumdur ki, heç bir qanun norması ölkənin əsas qanununa, yəni Konstitusiyasına ziddiyyətli ola bilməz. Bu halda vəkilin orderinin olması və şikayətin vəkil tərəfindən tərtib edilməsi tələbi vətəndaşın məhkəməyə müraciət etmək hüququna məhdudiyyət yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü və 408.1-ci maddələrində dəyişilik edilməli “vəkilin orderi və” sözləri çıxarılmalıdır. Bununla da vətəndaşların konstitusion hüquqlarından heç bir məhdudiyyət olmadan istifadəsi bərpa olunmalıdır.
Məlum olduğu kimi qanuni qüvvəsini almış məhkəmə qərarlarının icra edilməsi sahəsində müəyyən dəyişiliklərə ehtiyac var. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan dövlətinin məqsədi Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini və ərazi bütövlüyümuzun qorunması kimi ülvi niyyət və məqsədlərlə yanaşı və eləcə də
– ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edir,
-Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Azərbaycan Respublikası Konstitusiyası, Maddə 16), yəni Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikası sosial dövlət kimi müəyyən edilmişdir.
Dövlətimizin sosial siyasəti xəstə və qayğıya ehtiyacı olanlara, əhalinin yaşlı təbəqəsinə pensiya və sosial müavinətlər təyin etməklə onların layiqli həyat səviyyəsini təmin etməkdir. Bu baxımdan ilk öncə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.2-ci və 65.4-cü maddələrinə dəyişikliklərin edilməsi barədə layihə ünvanlanmış və həmin layihəyə əsasən 43.1.2-ci maddədə “tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi” kimi göstərilən məcburi icra tədbirinin pensiyaya, təqaüdə aid edilməməsi təklif olunur. Eyni zamanda da 65.4-cü maddəyə də analoji dəyişikliyin edilməsi təklif olunur. Bu qanunun qəbul edilməsi sosial ədalətin qorunması, borcu yarada biləcək təşkilatların pensiyaçılara, təqaüdçülərə, az təminatlı ailələrə qarşı məsuliyyətli yanaşmasına səbəb olacaq. Eyni zamanda da borcluların yeganə yaşayış yerindən məhrum edilməsinə son verilməlidir.
Qeyd edilənlərlə yanaşı icra orqanlarına axtarış, şəxsi yoxlama kimi səlahiyyətlər verilməlidir. İcra orqanları, İcra ilə bağlı ərazi üzrə sahə müvəkkilinin iştirakı olmadan vəzifə borclarını yerinə yetirmək imkanlarına malik olmalıdırlar.

Hesab edirəm ki, Məhkəmə sisteminə inamın artırılması üçün, ədalətin hakim olması üçün, Prezidentin məhkəmə sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanının icrası zamanı yuxarıda qeyd etdiyim məqamların nəzərə alınması və məsələyə kompleks yanaşma nəticəsində məhkəmə sistemində əsaslı müsbət dəyişikliklərə nail olmaq olar. Bu məqsədlə Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair, Məhkəmələr və hakimlər haqqında, Məhkəmə hüquq şurası, vəkillik fəaliyyəti, Icra haqqında və sair qanun və hüquqi normativlərə müvafiq dəyişikliklərin edilməsinə dair təkliflər (layihələr) tərəfindən keçən il, yəni 2019-cu ildə V-ci çağırış Milli Məclisə təqdim edilib. Ümidvaram ki, 09.02.2020-cil tarixə keçirilmiş Milli Məclisə növbədənkənar seçki nəticəsində yenilənmiş parlamentdə təkliflərimiz nəzərə alınacaq.

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas, Ziyalılar Mərkəzi İdarə Heyətinin və AYB – nin üzvü

“Nöqtə” ictimai siyasi hüquq qəzeti
01 (173) 12 avqust 2020-ci il

Ziyalılar.az