Ana səhifə Gündəm “Türkiyədə FETÖ, Azərbaycanda “RƏMÖ”: “Ramiz Mehdiyevin hərəkəti hakimiyyətin nüfuzunu qırmağa cəhddir” –...

“Türkiyədə FETÖ, Azərbaycanda “RƏMÖ”: “Ramiz Mehdiyevin hərəkəti hakimiyyətin nüfuzunu qırmağa cəhddir” – MÜSAHİBƏ

27
0

“Xalq bu məsələdə İlham Əliyevi dəstəkləyəcək, Ramiz Mehdiyevi və “5-ci kolon” deyilən dəstəsini yox”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin karantn qaydalarını kobud şəkildə pozaraq nəvəsinə toy etməsi birmənalı qarşılanmadı.

Demək olar ki, bütün Azərbaycan cəmiyyəti etiraz etdi. Nəticədə Ramiz Mehdiyevin kürəkəni və onun qudası həbs edildi, toyda iştirak edən şəxslər cəzalandırıldı. Bu məsələ bu gün də ölkə gündəminin əsas müzakirə mövzusudur.

Maraqlıdır, Ramiz Mehdiyev karantin qaydalarını bilərəkdən pozub? Onun bu hərəkətini güc nümayişi kimi qiymətləndirmək olarmı?

Bu və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb.

“Bu, xalqa meydan oxumaqdır”

-Sərdar bəy, sizcə təcrübəli siyasətçi olan Ramiz Mehdiyev niyə bu yanlış addımı atdı?

-Onun bu hərəkəti Azərbaycan hakimiyyətinə, xalqına meydan oxumaqdır. Hakimiyyətin xalq arasındakı nüfuzunu qırmağa cəhddir. Əgər Ramiz Mehdiyevə qarşı vaxtında vaxtında tədbirlər görülməsəydi, xalq buna qarşı etirazını başqa formada nümayiş etdirəcəkdi. Cəzalandırmalar olmayasdı, camaat elə düşünəcəkdi ki, hökumətin gücü ancaq sadə insanlara çatır.

“Bu məmurlarla Rusiya arasında çox sıx əlaqələr var”

-Ramiz Mehdiyev bununla hansı mesajı verdi?

-Ramiz Mehdiyev mesaj verirdi ki, onun hələ də kifayət qədər nüfuzu var. Ona görə ki, hətta koronavirus şəraitində belə çağırdığı adamlar gəlib onun nəvəsinin toyunda iştirak edir. Bu toyla rusların Azərbaycana gəlib burada oyun oynaması eyni şeydir. Bu məmurlarla Rusiya arasında çox sıx əlaqələr var. Hesab edirəm ki, rusların bura gəlməsi və onların qarşısında Azərbaycan övladlarının rəqs etdirilməsi xalqa təhqirdir. Çünki bir müddət əvvəl Rusiya ermənilərə 400 ton silah verib. O silahlar isə Azərbaycan əsgərini öldürmək üçün verilib. Həmin Rusiyanın adamlarını burada gül-çiçəklə qarşılamaq, onların qarşısında azərbaycanlı qızları, oğlanları rəqs elətdirmək olduqca təhqiramiz hadisədir. Bunu da Azərbaycanda Ramiz Mehdiyevin nəzarəti altında olan Rusiyapərəst qüvvələr həyata keçirir. Faktiki olaraq Rusiyanın maraqlarına xidmət edən şəxslərin bir reaksiyası kimi dəyərləndirirəm bunu . Hesab edirəm ki, bütün bunlara baxmayaraq, Rusiyapərəst qüvvələrin hazırda elə bir gücü qalmadı. Çünki Azərbaycan xalqı Rusiyanın təsirindən çıxmağın, müstəqilliyimizin, suverenliyimizin, Qarabağın azad olunmasının tərəfdarıdır. Ona görə də xalq bu məsələdə İlham Əliyevi dəstəkləyəcək, nəinki Ramiz Mehdiyevi və “5-ci kolon” deyilən dəstəsini.

“Ramiz Mehdiyev təcili olaraq o postdan uzaqlaşdırılmalıdır”

-Ramiz Mehdiyev necə cəzalandırıla bilər?

-Ramiz Mehdiyevi Təhlükəsizlik Şurası üzvlüyündən çıxarmaq lazımdır. Bir adam ki, ölkədə hətta epidemioloji vəziyyətlə əlaqədar elan edilmiş karantin rejiminii pozursa, o nə dərəcə Azərbaycan dövlətinin təhlükəsizliyinin qayğısına qala bilər? Onun karantin qaydalarını pozması göstərir ki, onu Azərbaycan xalqının təhlükəsizliyi maraqlandırmır. O, özü bilavasitə təhlükə yaradırsa, deməli, bu adam Təhlükəsizlik Şurasına layiq deyil. Ona görə də Ramiz Mehdiyev təcili olaraq o postdan uzaqlaşdırılmalıdır. Eyni zamanda, AMEA-nın rəhbərliyindən çıxarılmalıdır. Sən necə alim, akademiksən ki, elmi şəkildə koronavirusun təhlükəli olduğunu bildiyin halda toy edirsən? Toya çox sayda qonaq çağırırsan və sonra da bunu nümayiş etdirirsən ki, baxın, mən xalqdan fərqli biriyəm, istədiyimi edirəm. İnsanlar atasının, anasının yasına buraxılmadığı bir vaxtda, mən təm-təraqlı toy edə bilirəm. Bu meydan oxumalara cavab verilməlidir. Onun kürəkənin və qudasının həbs olunması isə çox gözəl cavab verildi. Amma düşünürəm ki, onun özü ilə bağlı da cəza tədbiri görülməlidir.

“Onun fəaliyyəti araşdırımalıdır”

-Sizcə cəza tədbirləri nə olmalıdır?

-Ramiz Mehdiyevin hakimiyyətdə olduğu dönəm, Azərbaycanda baş verən neqativ hallarda iştirakı yoxlanılmalıdır. Məsələn, məlumdur ki, Ramiz Mehdiyevin həyat yoldaşı kənd təsərrüfatı üçün 60 milyon subsidiya alır. Başqalarının əmlakını zorla mənimsəyiblər. Bunlar hamısı araşdırlmalıdır. Bununla yanaşı onun korrupsiya əməlləri yoxlanılmalıdır. Korrupsioner məmurları, vətənə xəyanət edən adamları dövlət orqanlarına yerləşdirməsi məsələsi araşdırılmalı və hamısına hüquqi qiymət verilməlidir. Necə ki, Türkiyədə Fətullahçı Terror Təşçilatı (FETÖ) var, Azərbaycanda da “RƏMÖ” adında bir təşkilat var. Onun başında da Ramiz Mehdiyev durub. Biz də “RƏMÖ”-ya qarşı bütün cəbhə boyu hücuma keçməliyik. Dövlətin bütün qollarından “RƏMÖ” tərəfdarları uzaqlaşdırılmalıdır. Başqa cür Azərbaycan inkişaf etməyəcək. Türkiyə təcrübəsi göstərdi ki, FETÖ uzaqlaşdırılandan sonra Türkiyə müstəqillik, suverenlik yoluna qədəm qoya bildi. Bir dövlət kimi öz qarşısına qoyduğu məsələləri yerinə yetirməyə başladı. Türkiyənin bütün müvəffəqiyyəti FETÖ ilə mübarizə ilə bağlıdır. Azərbaycan dövlətinin də müvəffəqiyyəti də “RƏMÖ”-ya qarşı mübarizə ilə bağlıdır.

Vilayət Muxtar

Ziyalılar.az