Ana səhifə Cəmiyyət “Bu mahnılarla torpaq almaq olar?” – TƏNQİD

“Bu mahnılarla torpaq almaq olar?” – TƏNQİD

194
0
Hətta təbrik, şənlik mahnılarımız da qəm üstündədir.
Ağlaya-ağlaya ağlar günlərə qaldıq…
2006-cı ildə Rusiyada idim. Həmyerlimizin avtomobilində bir çeçenlə əyləşmişdik, maqnitofonda Vüsal Əliyevin sarıncı mahnıları səslənirdi. Çeçen məndən soruşdu ki, bu sizinmi mahnılardır? Dedim bəli. Dedi, bu mahnılarla torpaq almaq olar?
    Bu gün hansı taksiyə əyləşirsənsə narkomaniyanı, avtoşluğu, əyyaşlığı, pozğunluğu, kriminal aləmi təbliğ edən bayağı, iyrənc mahnılar dinlənilir…
Hətta bayağı mahnılarımız da yas, ağlaşma, matəm üstündədir. Mərsiyyə janrındadır. Qan coşduran, ruh yüksəkliyi bəxş edən mahnılar yoxdur. Elə mahnılara qulaq asanda adam silah götürüb düşmən üstə getməyə həvəslənir. Amma indiki bəyquş mahnıları dinləyən gənclər uyuşdurucu dərman ataraq, ya da narkomaniyaya, pozğunluğa meyllənərək bir küncə çəkilib “çorta” getməyə həvəslənirlər…
Məgər bunu heç kim görmür? Yoxsa çox incə məqamdır deyə hələ fərqinə varan yoxdur?
Hansı ictimai yerdə Üzeyir bəyin simfoniyasını dinləyə bilirik? İndi daha Üzeyirlər yetişmir, çünki musiqimiz Üzeyir səviyyəsindən Elza səviyyəsinə endi…
Hər dəfə qulağıma indiki bayağı, cəfəng mahnılar gələndə çeçenin o sözü yadıma düşür: “Bu mahnılarla torpaq almaq olar?..”
Tural İrfan
Ziyalılar.az