Ana səhifə Cəmiyyət TURAL İRFAN: Bu – bir vətəndaşın timsalında məmurların, qurumların əhaliyə tutduğu...

TURAL İRFAN: Bu – bir vətəndaşın timsalında məmurların, qurumların əhaliyə tutduğu divandır

86
0
Əsasən Abşeron rayonunda vaxtilə zülmkar, rüşvətxor, harın məmurlardan şikayət etdiyim, onların çirkin, qanunsuz əməllərini ictimailəşdirdiyim üçün dəfələrlə sui-qəsdə məruz qaldım. (Ailə üzvlərimlə birgə üstümüzə avtomobil sürərək fiziki cəhətdən məhv etməyə 4 dəfə cəhd) Dəfələrlə psixoloji təziq və təhdid edilərək intihar həddinə çatdırma və. s formalarda bezdirici işgəncələrlə qarşılaşdıq.
Yüzlərlə əlimdə fakt var, özü də rəsmi. Bunu bildikləri üçün, mütəmadi olaraq hələ də təzyiqə məruz qalmaqdayam.
Etdiyim müraciət və şikayətlər araşdırılmadı. Əksinə, həmin məmurların işi araşdıran quruma təsirləri nəticəsində mənim özümə qarşı növbəti təzyiqlər davam etməyə başladı. Axırda dilimdən kağız verməyə vadar etdilər ki, bir daha məmurlardan şikayət etməyəcəyəm…Dedim bu qanunsuzdur. Bəli, özləri qərar qəbul etdilər ki, bir daha mən məmurların məni bezdirməyindən şikayət etsəm haqqımda tədbir görəcəklər. (Bu qeyd etdiklərimi rəsmi sənədlərlə, hüquqi faktlarla isbatlamağa hazıram).
Beləliklə bütün hüquqlarım təkcə tapdalanmadı, həm də həmin hüquqlarım təhqir olunaraq ayaqlandı, çığnandı.
Sonunda səhhətimdə çox ciddi problemlər yarandı və bu gün də davam edir. Saçım, saqqalım ağardı… Elə zülmlər etdilər ki, həm təhlükəsizliyim baxımından, həm də etik baxımdan onları yazmağı lazım bilmirəm.
Susdum, susduruldum. Hörümçək toru kimi bu rayonda tor salan, xərçəng kimi dörd bir yandan sarmaşan, adamı çox asanlıqla fiziki, mənəvi cəhətdən məhv etməyi bilən, sonra da sudan quru çıxmağı məharətlə bacaran, latent cinayətkarlıqda məharət qazanmış bu məmurlar məni tam məhv edəmməsələr də qaraltımı da kəsəmmədilər…
Lakin… İndi tamam başqa işlə bağlı, adi bir xırda məsələdən, problemdən dolayı da rayondakı aidiyyatı quruma, orqana müraciət, şikayət ediriksə ya baxılmır, ya da qərəzli şəkildə öz əleyhimizə çevirirlər, dolaşığa, süründürməçiliyə salırlar…
Rayondan seçilmiş bizim dairənin deputatı Oqtay Əsədova 6 il əvvəl yazdığım ərizəyə hələ də cavab gəlməyibsə, deputat olduğu zamandan onun üzünü görən olmayıbsa, bizlərə – əhaliyə zərrə qədər də olsa diqqəti yoxdursa bu dərd ona da deyiləsi deyil.
Düşünürdüm ki, bu hadisələrdən bəhs edən sənədli roman yazım. Tarixdir! Amma yazmağa fürsət, imkan, şərait hələ ki, yoxdur. Ona görə qərara gəldim ki, 2013 – cü ildən başıma gətirilən dəhşətli, sarsıdıcı, analoqu olmayan qanunsuzluqlar, hadisələr barədə sənədlərlə birgə silsilə statuslar, yazılar yazım, paylaşım. (Bilmək olmaz dünyanın gərdişini.)
Bunun bir neçə səbəbi var: bir vətəndaşın timsalında məmurların, qurumların əhaliyə tutduğu divan. Ən əsası isə ictimailəşdirdiyim bu faktlar ölkədə gedən islahatların istiqamətinin daha da əhəmiyyətli və aidiyyatı olması üçün bir stimul, istiqamət, hədəf ola bilər. Yəni, mən bunu şəxsim üçün etmirəm. Əgər etsəydim, illər öncə edərdim. Amansız məmurların dövlətə təhlükə yaratmasının, xalqa zülm etməsinin qarşısının alınmasında əvəzsiz rol oynayacağı baxımından bunu etməyə qərar verdim.
Bu faktların hər biri aidiyyatı üzrə bir araşdırma, təhqiqat, istintaq tələb edən həqiqətlərdir. İctimai faydasını nəzərə alaraq bu faktların təqdim edilməsinə (əgər növbəti təhdid və qarşını alma cəhdləri olmasa) çalışacam davamlı olaraq. Mətbuat, televiziya və digər sosial şəbəkə istifadəçiləri, jurnalistlər bu faktları qanun çərçivəsində işıqlandıra, yaya, qarşı tərəfin münasibətini öyrənə bilərlər.
Fəqət qeyd edəcəyim faktlar arasında elə məqamlar ola bilər ki, onları burada məndən asılı olmayan səbəblərə görə qeyd edə bilməyəm. Ancaq o məqamları aidiyyatı üzrə obyektiv və qərəzsiz orqana, quruma, idarəyə təqdim edə bilərəm.
Mətbuat orqanlarından xahiş edəcəm, imkan daxilində bu silsiləni işıqlandıraraq ölkə başçımız cənab İlham Əliyevin nəzərinə çatana qədər davam etdirsinlər.
Tural-İrfan
İlahiyyatçı-alim
Ziyalılar.az