Ana səhifə Ədəbiyyat Gecələrin qulaq batıran sükutu – GÜLNARƏ İSRAFİL

Gecələrin qulaq batıran sükutu – GÜLNARƏ İSRAFİL

60
0
Gecələrin qulaq batıran sükutu beynimi dəlir. Mənə elə gəlir ki, mənə ayrılan ömrü yelə verirəm. Yaşaya bilmədiyim hər anın dəyəri məhv olur eynən üzü sığallı alma kimi. Ümid işığı da ömrümə düşmür.
İnsan büsbütün sevgi olduğu halda necə sevgiyə möhtac olurmuş. Kədərli tərəfi heç nəyi öz adında yaşamamaqdır. Bəzən sevilirsən, o sevgi sənin ruhuna yad olaraq gəlir, elə gəldiyi yerə də göndərirsən. İçindəki səni sevindirmir. Lal gecələrin sükutunda beləcə qulağın deşilir.
Bir düşündüyün şey olur: “yuxum gəlsə idi… Sabah necə oyanıb işlərimi həll edəcəm? Keşkə yata bilsəm”
    Sabaha yaxın ötkəm yuxudan canlı meyit oyanacaq. Dodağından bir təbəssüm qaçır. Yaxşı ki, təbəssüm edəcək ruhumuz var. Hər şeyə bir təbəssüm! Yoxluğa da bir təbəssüm. Bəzən bütün ağrılarına qəhqəhə çəkməklə özünü aldatmaq qədər güc arxasında gizlənən mənasızlıq yoxdur. Mənasızlıq, rəngsizlik, yəni boz ömür. Boz dağ, boz çəmənlik, boz daş. Lap bomboz daş. Daş, divar, kəsək..
Beyinin cırcırama səsində gözləri yuxudan yumulu sətirləri hərflərə qovuşdurmaq. Başına dolan sancını ovuşdurmaq və qollarını çarpazlayıb yuxu dilənmək. Kimdən, nədən? Səni yuxuya həsrət qoyan boşluqdan, heçlikdən!. Dik yeridən yekə bir heçlik. Ayağını yerə basanda yeri yerindən oynadacaq diklik, səni yerindən oynada bilmirmiş. Mən, duyğularımı gecələrin üzünə yazıram, ulduzsuz, aysız gecələrin.
Özünü bəlli etməyən dəli təbəssüm qonur dodağıma. Bir az şıltaq, bir az ərköyün, bir az səsli, bir az güclü, bir az rəngli, bir az rəngsiz. Yenə sükut, yenə heçlik… daş, bomboz…
Qulağına ananın səsi gəlir: Anan ölsün, balam!
Bacının səsi gəlir: Sənin yerin dəlixanadır,bəli, dəlixana, dəlilərin ortamı, tam da eləcə.
Qollarımı qucaqlayıb, gözümü yumuram, sabah açılacaq!
Gülnarə İsrafil.