Ana səhifə Gündəm Təmtəraqlı toy və yas mərasimləri yığcamlaşdırılmalıdır – MCP-nın sədr müavini

Təmtəraqlı toy və yas mərasimləri yığcamlaşdırılmalıdır – MCP-nın sədr müavini

38
0
Ölkəmizdə ənənəvi toy və yas mərasimlərinin həddindən artıq təmtəraqlı keçirilməsi heç kəsə gizli deyil. Hər şeydən əvvəl qeyd edim ki, şadlıq və hüzn mərasimləri dinimizə görə halal qaydalarla, təkəbbür və naşükürlükdən uzaq, təvazökarlıq şəraitində olmalıdır. Lakin təəssüflər olsun ki, zaman keçdikcə insanlar milli adətlərdən, dini qaydalardan uzaqlaşaraq bidət və xurafata meyl edib bəzi digər sahələrdə olduğu kimi yas və toy məsələsində də ifrata varıblar. Bir – biri ilə bəhsə girərək yarışmaq, bahalı restoranlarda növbənöv yeməklər, çoxsaylı qonaqlar, yüksək qiymətə gələn müğənnilər və sair kimi amillər həm İslam dini qaydaları baxımından, həm də milli adətlərimiz baxımından qəbahətdir. Dinimizə görə israfçılıq haram sayılır. Növbənöv içkilər, getdikcə çoxalan qondarma toy adətləri insanları əsl mahiyyətdən uzaqlaşdırır. Kasıb və imkansız insanlar da bu yarışdan kənarda qalmamaq üçün borca, kreditə, sələmə girib bərkgedənlərdən geri qalmaq istəmirlər. Nəticədə iflasa uğrayıb, hətta axırda ailənin dağılmasına qədər mənfi hallara düçar olurlar. Odur ki, təmtəraqlı toy mərasimləri yığışdırılmalıdır. Yas mərasimləri haqda isə İslam dinində qaydalar var. Məsələn, vəfat etmiş şəxsin ailəsi üçün yaxın insanlar, tanıyanlar yemək, maddi dəstək kimi şeylər apararaq toplaşan insanların istifadə etməsini təmin etməlidirlər. Nəinki yas sahibini zərərə salaraq orada toplaşıb yemək, çay sifariş etmək… Yas sahibi bilmir ki, ölüsünün dəfn işi ilə məşğul olsun, yoxsa camaata dana kəssin, halva hazırlatsın, yaxud da mollaya vermək üçün pul axtarsın. Ona görə yas mərasimlərinin də yığcamlaşdırılması üçün ciddi addımlar atılmalıdır. Peyğəmbərin göstərdiyi toy və yas münunələri bizim hazırki formalaşmış toy və yaslardan çox fərqlidir. Ona görə də özümüzə, dinimizə, milli adətlərimizə qayıtmaq, xurafatdan, şöhrətbazlıqdan uzaqlaşmaq, təvazö, ixlas və imanla yaşamaq lazımdır. Riyakar, aşgüdən, halvabaz ruhanilərin öz qarınları üçün bu qondarma adətləri tərgitməyə mane olmaları anlaşılandır. 3,7, Cümə axşamları, 40,52,il və sair kimi məclisləri riyakar ruhanilər öz maddi maraqları naminə uydurublar. Peyğəmbərin öz toyunda 10-15 adam iştirak edib, sadə və adi yeməklərlə onu təbrik edib dağılışıblar. Həmçinin yaxınlarının və özünün yas mərasimi də yığcam və sadə qaydada icra edilib. Əgər nikah, sünnət və yas mərasimlərini biz İslam dininə əsasən qeyd ediriksə onda gərək bu deyilənlərə əməl olunsun. Yoxsa xurafata yol verib dini də hörtmədən salaraq günaha batmış olarıq.
Tural İrfan
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı
Ziyalılar.az