Ana səhifə Gündəm Prezidentə və ali orqanlara müraciət

Prezidentə və ali orqanlara müraciət

281
0

Bələdiyyə üzvlərinin döyüb torpağını mənimsədiyi jurnalistə görə sakinlər Prezidentə və ali orqanlara müraciət etdi

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə

Surətləri: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya;

AR-nın Konstitusiya məhkəməsinə;

Baş Prokuror cənab Kamran Əliyevə;

Daxili İşlər Naziri cənab Vilayət Eyvazova;

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə;

İnsan Hüquqları üzrə Müvəkkil, OMBUDSMAN Səbinə Əliyevaya;

Ədliyyə Naziri cənab Fikrət Məmmədova;

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlıya;

Milli Məclisin sədri xanım Sahibə Qafarovaya;

Milli Məclisin sədr müavini cənab Fəzail İbrahimliyə;

Milli Məclisin sədr müavini cənab Adil Əliyevə;

Milli Cəbhə Partiyasının sədri, millət vəkili cənab Razi Nurullayevə;

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili cənab Sabir Rüstəmxanlıya;

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayevaya;

TALK TV İnternet Televiziyasının rəhbərinə;

Cümhuriyət qəzetinin redaksiyasına;

Nöqtə qəzetinin redaksiyasına;

Analoq. AZ saytının redaksiyasına;

Aztaymes. Az saytının baş redaktoruna;

Azərbaycan Jurnalistlər Birliyinin sədri cənab Elçin Şıxlıya;

Şərq qəzetinin baş redaktoruna;

Respublika Ağsaqqallar Şurasının sədrinə;

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə;

Azərbaycan Respublikasının bütün media qurumlarına

 

Abşeron rayonu, Masazır kəndinin bir qrup sakini tərfindən

 

ŞİKAYƏT:

 

Hörmətli cənab Prezident!

 

Bu günlərdə sizin Ali Baş Komandanlığınızla, xalqımızın dəstəyi ilə, demək olar ki, ölkədəki bütün siyasi partiyaların da imzası ilə mənfur düşmənlərimiz işğalçı ermənilərə qarşı aparılan haqq savaşı hər birimizdə böyük qürur hissi yaradır. Övladlarımızı, qardaşlarımızı cəbhəyə yola salırıq, şəhid də veririk, lakin torpaqlarımızın azadlığı naminə atdığınız bu addımla siz tarixdə böyük şəxsiyyət, xalqın əbədi qürur mənbəyi olaraq adı qızıl hərflərlə yazılmış lider kimi qalacaqsınız!

 

Cənab Prezident! Lakin təəssüf hissi ilə qeyd etmək istərdik ki, ölkədəki pandemiya ilə yanaşı elan edilmiş qismən səfərbərlik ərəfəsində, dövlətimizin müharibə şəraitində olduğu bir həlledici məqamda Abşeron rayonu, Masazır Bələdiyyəsinin bəzi məmur və məmur oğullarından ibarət üzvləri  indiki durumu fürsət bilərək qanunları pozur, əhalidən rüşvət yığmağı intensivləşdirir, bulanıq suda balıq tutmaq niyyəti ilə suyu bulandırmağa cəhd edir, xalqın heysiyyətinə toxunur, vəzifələrini və onlara həvalə edilmiş dövlət resurslarını sanki silah qismində əhaliyə tuşlayırlar. Bu gün hər bir vətəndaşın sizin ətrafınızda birləşərək, hətta müxalifət partiyalarının da sizə dəstək verdiyi bir ərəfədə Masazır Bələdiyyəsi üzvlərinin dini, siyasi ayrı seçkilik salaraq regionçuluq aşılamaları, torpaq vergisi adı altında saxtakarlığa imza ataraq əhalidən pul, arayış üçün isə rüşvət tələb etmələri, cəbhəyə yola düşən, vaxtilə döyüşmüş yaxud cəbhəyə yollanmaq üzrə olan sakinlərin istifadəsində olan torpaqları zəbt edərək mənimsəməyə cəhd etmələri dövlətə, vətənə, xalqa, ən əsası isə hazırkı durumda sizin apardığınız siyasətə tamamilə ziddir.

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevin Milli Məclisin plenar iclasında Bələdiyyələrin fəaliyyətini haqlı olaraq tənqid etməsi əslində dövlətin möhkəmliyi üçün idi və sizin apardığınız effektiv islahatlara dəstək idi. Lakin o məlum çıxışdan sonra onun rəhbərlik etdiyi partiyanın üzvlərinə, sədr müavininə qarşı Masazır Bələdiyyəsinin bəzi üzvləri və sədri tərəfindən təziq, hədə qorxu bütün hallarda yolverilməzdir. Bələdiyyə sədri regionbazlıq edərək milli Məclisin sədr müavini cənab Fəzail İbrahimlinin həmin iclasda cənab  Razi Nurullayevlə razılaşmayaraq ona verdiyi cavabı əsas tutaraq, Fəzail bəyin yerlisi və yaxını olduğunu, Razi bəyin haqqında xoşagəlməz ifadələr işlədərək onun müavinini digər bir bələdiyyə üzvünə döydürmüşdür.

Bələdiyyə sədri özünü o qədər yuxarı aparır ki, hətta telefon nömrəsini sakinlərdən gizlədir. Bələdiyyəyə üzv seçilən gənc insanlar seçkidən bir neçə ay əvvəl sadəcə  seçki qanunlarının tələbinə görə  Masazıra qeydiyyata düşmüş şəxslərdir. Onların bircə nəfəri belə Masazır qəsəbəsini tanımır, sakinləri tanımır, nə də sakinlər onları tanımır. Hətta o qədər yad və ögeydirlər ki, ərizələrimizə cavab olaraq yolladıqları məktubları ünvansız olaraq poçta verirlər, poçtdan gedib götürürük. Çünki küçələri və ünvanları tanımırlar. Təəssüf ki, yerli sakinlərdən kifayət qədər savadlı, əhalini tanıyan, təcrübəli insanlardan bir bələdçi də tapa bilmirlər. Çünki əhali ilə ancaq biznes, alver, qazanc və küçə qanunları ilə davranırlar. Əhalini diksindirblər.

Torpaq vergisi adı altında əhalidən kütləvi şəkildə pullar yığılır. Halbuki torpaq Məcəlləsinin müvafiq maddələrinə görə torpaq vergisi yalnız vətəndaşın istifadəsində və ya reyestrlə adında olan torpaq sahəsinə şamil edilir. Əmlak da həmçinin. Lakin Masazır Bələdiyyəsi ucdantutma olaraq qapı-qapı düşərək heç bir meyara, ölçüyə uyğun olmayan tərzdə əhalidən pul yığır. “Vergi” ödədiyimiz haqda (əgər bu pullar vergi hesab edilirsə) isə arayış tələb etdikdə ya əlavə 60 manat rüşvət tələb edirlər, əks halda arayışı verməkdən imtina edirlər. Həmin pullar da şübhəsiz ki, evlərin, torpaqların əksəriyyətinin  reyestr qeydiyyatı olmadığı üçün dövlət büdcəsinə deyil, bələdiyyənin cibinə gedir. Nəyə görə cib deyirik? Çünki əgər heç olmasa öz büdcəsinə də getmiş olsa, əvvəla bu yığılan pul qanuni olmalıdır. Yoxsa “babam mənə kor deyib, yol keçəni vur deyib” meyarı ilə bələdiyyə qurumunun səlahiyyətini, resurslarını şəxsi maraqları və əhalini soymaq alətinə çevirmək ən böyük cinayət deyilmi!

 

Qəsəbədə adicə zibil tullantılarının yığılmaması, küçələrin pandemiya ərəfəsində üfunət qoxuması, antisanitariya vəziyyəti əsas verir ki, o yığılan pullar heç bələdiyyənin də büdcəsinə yığılmır.

Yaşadığımız S. Rüstəm küçəsində xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının və onun qohumlarının, millət vəkili Razi Nurullayevin müavininin və onun partiyasının üzvlərinin yaşamasını, Razi bəyin bələdiyyələrin fəaliyyətini tənqid etməsini, özlərinin isə ona tənqidi  cavab verən Milli Məclisin vitse spikeri Fazil İbrahimlinin yaxınları olduqlarını əsas gətirərək siyasi ayrı seçkilik, regionbazlıq və vəzifə səlahiyyətlərini ayrı seçkilik, qərəz alətinə çevirən Masazır Bələdiyyəsinin sədri və Abşeronun əsasən İcra hakimiyyətində vəzifə tutan oliqarx məmurlarının oğullarından, yaxınlarından ibarət bəzi üzvləri Razi Nurullayevin müavinini döydükləri gün küçəmizdəki zibil qutularını belə yığışdırdılar. Hazırda camaat zibili atmağa qutu yoxdur, küçə üfunət içindədir. Digər küçələrin asfaltlanması zəminində bizim küçənin də bərpa edilməsi xahişinə isə “gedin sizin küçəni tərəfini saxladığınız Sabir Rüstəmxanlı və Razi Nurullayev düzəltsin” deyərək ayrı – seçkilik yaradırlar.

Masazır kəndində torpaqların məmurlar tərəfindən mütəmadi satılıb talanmasına görə belə böyük qəsəbədə bircə park və böyük şəxsiyyət Heydər Əliyevin heykəli yoxdur. Abşeron rayonunda yaşayıb-yaratmış dahi şəxsiyyətlərin də xatirəsi üçün (Ə. Vahiddən savayı) mədəniyyət abidəsi yoxdur. Biz bu haqda təşəbbüs irəli sürdüyümüzə görə Masazır Bələdiyyəsi tərəfindən növbəti təzyiqə məruz qaldıq. Çünki əgər bu təşəbbüs reallaşsa idi heykəl və park üçün torpaq sahəsi ayrılmalı idi bələdiyyə tərəfindən. Lakin onları əhalinin istirahəti, dövlətə və dövlət qurucusunun xatirəsinə məhəbbət, mədəni abidə və xatirə lövhələri əsla maraqlandırmır. Açıq aşkar bizə bildirdilər ki, sizə park lazımdırsa gedin Xırdalanda heykəl də var, qabağında dayanıb neçə saat istəyirsinizsə tamaşa edin!

Cənab Prezident! Ən dəhşətlisi bu məmurların dövlət resurslarını, möhürü, səlahiyyəti öz maraqları üçün, əhalinin əleyhinə, rüşvət toplamaq, torpaq mənimsəmək üçün istifadə etməsidir. Bütün resurslar və səlahiyyət əllərində olduğu üçün adi və sıravi vətəndaşın, imkansız sakinin, onların sözü bir yerə qoyaraq törətdikləri latent cinayətlərin qarşısında tab gətirməsi mümkünsüzdür. Hətta jurnalisti, prezident təqaüdçüsünü, yazıçını, deputat müavinini basıb döyürlər, yuxarı orqanlara şikayət etdiyimiz üçün istifadəmizdə olan torpağı mənimsəyirlər.

Ən dəhşətlisi də odur ki, bu canavarlaşmış məmur toplusu hərəsi arxasını bir başqa nəhəng məmura söykəyib və bu çirkin işləri hazırki kritik durumda belə həyata keçirməkdən çəkinmirlər.

 

Cənab Prezident! Masazır Bələdiyyəsinin həmin üzvləri  elə bir situasiya yaradıb ki, biz özümüz və ya övladlarımız cəbhəyə döyüşə yola düşdüyümüz təqdirdə ailəmizdən, qoca anamızdan, övladlarımızdan, mülkiyyətimizdən nigaran qalaq. Ancaq biz sizə və dövlətimizə, hüquq mühafizə orqanlarımıza güvənirik və əmin olmaq istəyirik ki, dövlət resurslarını, vəzifə səlahiyyətlərini bizə qarşı silah qismində doğruldaraq təxribata cəhd edən, əhali arasında ayrı-seçkilik, regionbazlıq yayan, rüşvətə meyl edən, əhalinin mülkiyyətini mənimsəməyə cəhd edən, dövlət başçısına xəyanət edən, Ulu Öndərin xatirəsinə sayğısızlıq nümayiş etdirən bu məmurlar və məmur oğulları layiqli cəzasını alacaqdır. Çünki bu haqda sizin qəti tapşırıqıarınız vardır!

 

Bu gün bizim mənsub olduğumuz partiyanın da liderləri, Sabir Rüstəmxanlı, Razi Nurullayev sizin Qarabağ savaşındakı qətiyyəti və addımı dəstəkləyir, xalqımızın bir olmasına, Ali Baş Komandan olaraq sizin dayağınız olmağımıza səsləyir. Lakin Masazır Bələdiyyəsinin məhz, yaşadığımız küçədə Sabir Rüstəmxanlı və Razi Nurullayevin partiyasının üzvlərinin, sədr müavininin, Partiyanın Abşeron rayon şöbə sədrinin  yaşamasına görə küçədən zibil qablarını yığışdırması, küçəmizin eybəcər hala salınması, torpaqlarımızın əlimizdən alınması, torpaq vergisi adı ilə rüşvət yığılması, sakinlərin aşağılanması, təhqir və təhdid edilməsi, döyülməsi, ictimai nüfuzuna zərər vurulması, müharibə şəraitində vəzifədən sui istifadə edilərək özbaşınalıq etmələri, küçəmizin təmirinin siyasi ayrıseçilik və regionçuluq “meyarları” na görə ləğv edilməsi hesab edirik ki, ən böyük məmur cinayətkarlığının bariz nümunəsi, dövlətə, dövlət başçısına, qanunlara və Qarabağ savaşına xəyanətdir.

 

Bir dəhşət də odur ki, yuxarı orqanlara bu yerli məmurlardan etdiyimiz şikayətlər yenidən rayon rəhbərliyinə, aidiyyatı rayon orqanına qaytarılır və şikayət etdiymiz məmirlar da bilavasitə həmin yerli qurumların ya qohumu, ya oğlu-qızı, ya da himayəçisi, vəzifəyə təyin etdirəni olduğu üçün düzgün araşdırılmır, əksər zamanlarda hətta etdiyimiz şikayətə görə təhdidlə üz-üzə qalırıq. Masazır Bələdiyyəsi də belədir. Məsələn, bələdiyyə üzvlərinin at oynadan öncülləri Abşeron İcra hakimiyyətinin vəzifəli şəxslərinin övladı, yaxını, qohumu, himayəçisi, havadarıdır. İndi həmin bələdiyyə üzvündən etdiyimiz şikayət onun atasının üstünə qayıdanda atanın öz oğlunu müdafiə etməsi, şikayətə sübyektiv yanaşması faktdır. Yəni bu zəncirvari bağlılıq həmin məmurları toxunulmaz edib və əhalini, bizləri linç edib.

 

Cənab Prezident!  Sabir Rüstəmxanlı və Razi Nurullayev kimi deputatlar məgər düşmənidirmi ki, bu məmurlar bizi onların çıxışlarına görə əsir-yesir ediblər?  Böyük bir xalq şairi, millət vəkili, habelə sivil və nüfuzlu bir partiyanın sədri Razi Nurullayev xalqın rifahını istəyən, dövləti sevən millət vəkili bizim haqq səsimizi parlamentdə çatdırırsa məgər bu günah və qəbahətdirmi ki, Masazır Bələdiyyəsi o şəxslərə görə bizə zülüm edir! Bu məmular hələ də onların ayıblarını açan, törətdikləri cinayətləri ifşa edən simalara, deputatlara, onların partiya funksionerlərinə qarşı amansız və qəddar təziqlər edirlər.

 

Razi Nurullayevin müavinini Bələdiyyə üzvləri döyərkən deyirmişlər ki, indi gəlsin Razi Nurullayev səni əlimizdən xilas etsin! Küçəmizdə bələdiyyə üzvləri bizə “məsləhət” görülər ki, ya bu küçədən siz köçün, ya da onları köçürün, o zaman zibil qabları da yerinə qaytarılacaq, küçəniz də təmir ediləcək, sizdən pul da yığılmayacaq. Bunu kim edir, kimin tapşırığı və hansı məmurun əmri ilə edirlər bizə qaranlıqdır. Bu məmur barbarlığıdır, cənab Prezident!

Küçədə bizə deyirlər ki, gedin sizin küçəni Sabir Rüstəmxanlı asfaltlasın… Belə də zülm, belə də təhqir olarmı cənab Ali Baş Komandan!

 

Küçə sakinimizin bələdiyyə üzvləri tərəfindən döyülməsi, ictimai nüfuzuna xələl gəlməsi, ailəsinin təhdid olunması barədə və bunun Razi Nurullayevin məlum çıxışı ilə əlaqədar olması faktları haqqında  Milli Cəbhə Partiyasının rəsmi bəyanatı və çoxsaylı mətbuat orqanlarının yazıları, məqalələri sosial şəbəkələrdə, televiziyalarda, qəzetlərdə və saytlarda yayılıb. Bu məmurlar nə deputata, nə xalq şairinə, nə yazıçıya, nə Milli Qəhrəmana, nə veterana, nə ziyalıya, nə prezident təqaüdçüsünə hörmət qoyurlar. Heç bir qanunu tanımırlar, ancaq özlərinin yazılmamış “qanunları” na əsasən hərəkət edirlər!

 

Torpaq vergisi adı altında əhalini aldadaraq, əgər pul verməsəniz gələcəkdə “kupça” ala bilməyəcəksiniz deyə külli miqdarda pullar yığan bələdiyyə Baş Prokurorluq yanında Korrupsiya və Rüşvətxorluğa qarşı Mübarizə İdarəsinə şikayət etdiyimizdən sonra bizə bir gündə dalbadal 4 məktub yollayaraq gəlib pullarımızı geri almağımızı “xahiş edir”.

 

Əgər bu yığdıqları pullar qanuni idisə niyə geri qaytarırlar? Özlərini “hacı” kimi təqdim edən bir neçə naməlum dini etiqada inam bəsləyən, özlərini kəndin şeyxi obrazında təqdim edən şəxslərin Bələdiyyədə  vergi işinə rəhbərlik etməsi və bələdiyyəyə müraciət edən insanlara hətta məzhəb ayrı – seçkiliyi zəmini yaradaraq fərq qoymaları da ayrı bir təxribatın təməlidir. Əvvəllər vergi işinə baxan şəxs tam fərqli bir dini etiqadın mənsubu olan “hacı” idi. İndi vergi işini ələ alan digər “hacılar” isə onun dini etiqadına zidd və daha radikal mövqedə olan şəxslərdir.

 

Əsasən İranyönümlü dini etiqada mənsub olan bu şəxslərin yuxarıda qeyd etdiyimiz yollarla əhalidən külli miqdarda pul toplaması və bu pulun dövlət büdcəsinə daxil olub olmaması, o vəsaitlərin naməlum mənbələrə ötürülməsinə əsaslı şübhələr yaradır.

 

Vətənpərvər, daima dövlət proqramlarında fəal iştirak edən, rayonun inkişafında əməyi olan sakinlərə qarşı Bələdiyyənin belə əzazil, barışmaz, qərəzli davranışı, ələlxüsus indiki pandemiya və səfərbərlik ərəfəsində bizə qarşı daha da şiddətlə aktivləşməsi hesab edirik ki, bu haqda ciddi bir cəza tədbirinin görülməsini labüdləşdirən ən əsas fakt və amildir.

 

Odur ki, Cənab Prezident! Siz özünüz də dəfələrlə mətbuat orqanlarına bildiribsiniz ki, məmur özbaşınalıqları, korrupsiya, haqsızlıq halları barədə sizi məlumatlandırsınlar, siqnal ötürsünlər. Odur ki, sizinlə bahəm bu şikayəti digər aidiyyəti qurumlara və mətbuat orqanlarına ünvanlayırıq və inanırıq ki, bu barədə ciddi ölçü götürülərək biz sakinlərə, jurnalistlərə, partiya mənsublarına, ziyalılara, yazarlara qarşı baş verən bu çirkin məmur cinayətləri layiqli şəkildə hüquqi və mənəvi qiymətini alacaqdır, əzilmiş, zərər vurulmuş, tapdanmış, təhqir olunmuş hüquqlarımız bərpa ediləcəkdir ki, özümüz və ya doğmalarımız cəbhəyə yollandığı, ola bilsin ki, şəhid olduğumuz təqdirdə mülkiyyətimizdən, kasıb daxmamızdan, məzlum ailəmizdən, miskin körpələrimizin taleyindən  arxayın olaq…

 

İmzalar :

 

Hidayətova Xənimət

 

Məmmədova Elmira

 

Əhmədov Babək

 

Əliyeva Sədaqət

 

Əhmədov Emil

 

Əyyubov Bəxşeyiş

 

Əhmədov Tural

 

Məmmədov Ramin

 

Əsgərova Səbinə

 

Əhmədov Feyzulla

 

Quliyev Ədalət

 

Mərdanova Aliyə

 

Cəmşidov Arif

 

Məcidova Xalidə

 

Səlimova Samirə

 

Əhmədov Ümid

 

Əhmədov Toğrul

 

Əhmədov Siyavuş

 

Hidayətova Kəmalə