Ana səhifə Ədəbiyyat Örtülü düşməndən özünü qoru” – Sadiq QARA (şeirlər)

Örtülü düşməndən özünü qoru” – Sadiq QARA (şeirlər)

102
0

 

Sənin ulu baban Oğuzdur, xalqım, bu
Onun ocağını – közünü qoru!
Soykökün təmizqəlb, ağüzdür, xalqım,
Təmiz qəlbi, o ağ üzünü qoru!

Babəkin, Bəndərin mətanətini,
İgid Nəsiminin dəyanətini,
Şəhidlərin yurda sədaqətini,
Namusu, qeyrəti, dözümü qoru!

At sadəlövhlüyü, biryolluq tərk et,
Doldur xəzinəni, sərhəddi bərkit!
Ulusa dirəkdir bil ki, hər igid,
Ordunu – o sayıq gözünü qoru!

Tanrı çox görməsin xoş növrağını,
Ucalt buludlara al bayrağını!
Havanı, suyunu, öz torpağını,
Mahnını, rəqsini, sözünü qoru!

Çox vaxt haqlıya da verməyib aman,
Çərxini tərsinə işlədir zaman…
Təmənnalı dostdan, xain qonşudan,
Örtülü düşməndən özünü qoru!

YAŞAYIR

Ağıllı gözəlin, sayıq ərənin,
Söhbəti ağızda – dildə yaşayar.
Elinə – gününə xeyir verənin,
Əməli obada – eldə yaşayar.

Göydən səmimilik, ülfət ələnsə,
Könüllərə insaf, mürvət ələnsə,
Ürəklər sevgiyə, eşqə bələnsə
Bülbül də yaşayar, gül də yaşayar…

Sadiq görə – görə boranı-qarı,
Ömrü ləyaqətlə eləyib yarı…
Məcnun sədaqəti, Kərəm ilqarı,
Neçə qərinədə, ildə yaşayar.

Sadiq Qara
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü