Ana səhifə cəbhə xəbərləri Balaca yaddaşıma yazılan müharibə

Balaca yaddaşıma yazılan müharibə

243
0

Balaca yaddaşıma yazılan müharibə

Mən Emin Bayramlı Elşad oğlu. Salyanın Kətimbəyli kəndində yaşayırıq və Həsən Şahbazov adına məktəbin beşinci sinifində oxuyuram. Müharibəni kitablardan oxusam da, əslində necə dəhşətli bir hadisə olduğunu 27 sentyabrda 2020-ci ildə başlayan İkinci Qarabağ savaşında anladım. Hər gün şəhid xəbərləri ilə oyanan xalqımın əlləri göydə ordumuza dualar edirdi. Bir daha heç bir ananın övladı şəhid olmasın dəyə. Bir daha heç bir övlad atasız qalmasın deyə. Həmin ərəfələrdə bizim rayonumuzun müharibəyə könüllü gedən gənclərindən də şəhid olaraq qayıdanları vardı. Elə qəhrəmanlarımızdan biri də Salyanın Qaradağlı kəndində boya-başa çatmış, Vətənin dar günündə hünərini cəbhədə göstərərək, düşmənlərə qan uddursa da, şəhid olaraq, ailəsinə yoxluğunu yaşadan Samir Mustafayev idi.
Mən atamdan xahiş etdim ki, məni şəhidimizin doğulub boya-başa çatdığı evə aparsın, min bir əziyyətlə oğul böyüdən ailəni tanıyım. Sağ olsun atam mənim istəyimi həyata keçirdi. Biz Samir Mustafayev haqqında yazdığım şeirimi çərçivələtdirərək şəhid ailəsinin ziyarətinə getdik. Bizi qapıda qarşılayan şəhidimizin atası oğlu ilə qürur duyduğunu bildirdi. Daha sonra şəhidimizin ailə üzvləri ilə həmsöhbət oldum. Ailəsindən aldığım məlumata görə şəhidimiz, Mustafayev Samir Elşən oğlu 15.03.1995-ci ildə anadan olub. 2001-ci ildə 1-ci sinifə Salyan rayonu Qarabağlı kəndi şəhid Nəsimi Xəlilov adına məktəbdə başlasa da, 11 – ci sinifi 2012-ci ildə Salyan rayonu Qarabağlı kəndi 2 saylı orta məktəbdə bitirib. Təbiətcə çox sakit, utancaq, hər insanla səmimi olmayan insan olub. Öz bacarıqları haqqında heç kimə deməzmiş. Gözəl rəssamlıq qabiliyyəti var imiş. Uşaqlıqdan bütün şəhidlərimizə həsəd apararmış. Mübariz İbrahimovun qəhrəmanlığı haqqında həmişə danışarmış, hətta öz əlləri ilə onun şəkilini də çəkibmiş. Həmişə “Şəhidlik necə bir hissdir görəsən?” deyərmiş. 2016 – cı ildə “Aprel döyüşlərində” şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin şəhidliyi ona çox təsir edib. Ən son iyul ayında “Tovuz döyüşlərində” şəhid olan generalımız Polad Həşimovun və digər hərbçilərimizin itkisi ona çox pis təsir etdiyindən onların neçə müddət yasını saxlamış, onlar üçün vidyolar düzəlib paylaşıb. Bütün arzuları hərbi ilə bağlı olan igidimizin hərbi formaya xüsusi sevgisi olub. 01.04.2013-02.10.2014 tarixlərində həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdə hərbi qulluqçu kimi qalıb işləmək istəsə də, qismət olmayıb. 27.09.2020 ci ildə Salyan rayonu hərbi komissarılığı tərəfindən çağırış gəlib. 29.09.2020 tarixindən 05.11.2020 tarixinədək Fizulidən Şuşaya qədər qəhrəmanlıqla vuruşub və Şuşada öz yaralı döyüş yoldaşına köməy edərək iki yerdən yaralanıb. Çoxlu qan itirdiyindən Şuşada ŞƏHİD olub. Subay olan qəhrəmanımız 2 bacının bir qardaşı idi. Qayıdandan sonra nişanlıyacaqdı, qismət olmadı. Şəhid olmazdan öncə Şuşanı azad etmişdilər ancaq, qələbə xəbərini özü verə bilməyib. 07.11.2020 tarixində Salyan rayonu Qarabağlı kəndi şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid Samir Mustafayev “Vətən uğrunda” medalı ilə təltif olunub.
Mən dözə bilməyib şəhid Samir haqqında yazdığım şeirimi səsləndirirəm.

Şəhid Samir

Tarix yazdı qanıyla
Qəhrəman oldu Samir.
Şuşa alındığı gün
Qəlblərə doldu Samir.

Sənin kimi qəhrəman
Olmasaydı döyüşdə,
Alınmazdı Şuşamız
Çalınmazdı qələbə.

Qanın yerdə qalmadı
Alınan Vətən oldu,
Dalğalanan bayrağın
Səninçün kəfən oldu.

Şəhidimizin anası göz yaşlarını saxlaya bilmir. Şuşanın qələbə xəbərini yaşaya bilməyən övladına fəryadla deyir : “Kaş Allah, mənim ömrümdən kəsib sənə verərdi. Qələbə sevincini yaşaya biləydin, bala. İkicə gün daha ömrün olaydı kaş….”
Bu sözlər yaşım az olsa da qəlbimi parçalayır. Gördüyüm mənzərəni ömrümün sonuna qədər unuda bilmərəm. Böyüyəndə mən də igid əsgərlərimiz kimi mərd , qorxmaz və ən əsası Vətənini canından artıq sevən bir oğul olacam. Mən istəyirəm ki, bir də heç bir ana övladını itirməsin. Bütün dünya sülh içində yaşasın.
Yaşadıqlarımın təsirindən çıxa bilmədiyim bir vaxtda şairə Esmira Günəş imdadıma çatır. Mənim şəhid Samir Mustafayev haqqında yazılarımı müxtəlif saytlarda paylaşır. Hətta “Unutmadıq Şəhidim!” kitabında dərc etdirir. Və onun sayəsində bu dəfə də yazım “Nöqtə” qəzetində çap olunur. Qoy bütün dünya tanısın şəhidlərimizi. Biz onlara borcluyuk. Ruhun şad olsun, şəhidim!

Emin Bayramlı