Ana səhifə cəbhə xəbərləri Vətənin mərd oğlu

Vətənin mərd oğlu

130
0

Qəlbimizin dərdi, Bilal

Vətən onu sevənlərin, uğrunda göz qırpmadan canını belə fəda edənlərin Vətənidir. Aldığı hər nəfəsdə Vətən deyən oğulların. Hansı ki, həmin oğullardan biri də məhz İkinci Qarabağ döyüşlərində canının bir parçası körpə qızını ailəsinə tapşıraraq, Vətənin çağrışına könüllü yollanan və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Bilal Qənbərovdur.

Qənbərov Bilal Xanlar oğlu 1993-cü ilin sentyabrın 29-da Bakı şəhərində anadan olub. Bilala 1941-1945-ci illər Böyük Vətən müharibəsinin veteranı olan qəhrəman babasının adı qoyulub. Ailədə 4 uşaq olublar, 3 bacının tək qardaşı olub. O, mehriban, mərhəmətli, böyük-kiçik yerini bilən, şən və çox zarafatcıl biri olub.

Bilal 2000-ci ildə Səbail rayonu şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub. O, əxlaqı, tərbiyəsi, mənəvi keyfiyyətləri ilə həm müəllim, həm də şagird kollektivinin sevgisini qazanıb. 2011-ci ildə orta məktəbi bitirib. Bilal ailəli olub ayrılıb və bu evlilikdən Nazlı adında sevimli bir qızı var. Onun ən böyük arzularından biri ali təhsil alıb yaxşı bir peşəyə sahib olmaq, son gününə qədər dilindən düşürmədiyi Nazlını hərtərəfli böyütmək idi. Boş vaxtlarını onunla keçirər, qızına qayğı göstərərdi. Cəbhədə olanda hər dəfə “Nazlıdan muğayat olun”- deyib sağollaşarmış.

2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, 2020-ci ilin yanvarın 5-də tərxis olunub. Bilal 2020-ci il sentyabrın 29-da öz doğum günündə İkinci Qarabağ uğrunda gedən döyüşlərə qoşulmaq üçün yola düşüb. Ailəsi qeyd edir ki, “bundan qabaqkı ad günlərini, yəni 25, 26 yaşlarını hərbi hissədə qeyd etdiyi üçün bu ad gününü başqa cür qeyd edəcəkdik. Hərbi Səfərbərliyə könüllü qoşulduğunu evdə deməmişdi, evə gələn zəng nəticəsində xəbərimiz olub ki, Bilal döyüş bölgəsindədir. Deyə- deyə, gülə- gülə getdi. O, qələbəyə çox inanırdı. Şuşaya bayraq sancmaq isə ən böyük arzusu idi.” Qəhrəmanımız Hadrut, Cəbrayıl və Füzuli şəhərlərinin alınmasında mənfur düşmənə qarşı böyük fəxarətlə vuruşub. O, ailəsi ilə danışarkən hər dəfə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin çıxışlarının onları necə ruhlandırdığını vurğulayıb. İgidimiz dəfələrlə ölümün kəndarından geri dönüb. Şəhidlik zirvəsinə isə 3 noyabrda məhz Şuşa uğrunda gedən döyüşlərdə yüksəlib və beləliklə, öz arzusuna çatıb.

5 noyabrda Bilalın ailəsinə şəhid olma xəbəri gəlib. Bütün ailə, Bilalı sevənlər, qonşular, dost-tanış bu xəbərdən sarsılıb. Hər kəs onun qələbə sevinci ilə geri dönəcəyinə inanırmış. Vətənin mərd oğlu Bilal Qənbərov 6 noyabr Badamdar qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra Azərbaycanıl Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhid Bilal Qənbərov “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şairə Esmira Günəş “Unutmadıq Şəhidim!” kitabında şəhid Bilal Qənbərov haqqında da yazıb və şəhidimiz haqqında məqalələrini müxtəlif satlarda paylaşıb.

Bu gün Azərbaycan Bilal və onun kimi Vətən üçün canından keçən şəhidlərimizin və qazilərimizin igidliyinin bəhrəsini gördü. Onlar bir daha sübut etdilər ki, Qarabağ Azərbaycandır! Bizə zəfər dadını yaşadan və üçrəngli bayrağımızı Qarabağ səmalarında dalğalandıran oğullarımız ilə fəxr edir şəhidlərımızın ruhu qarşısında baş əyirik. Şəhidlər ölməz, Vətən bölünməz!

Bilal, köklərinin bağlı olduğu Borçalı mahalının da fəxridir. O Nazlısının nazını sona qədər çəkib, böyüdə bilmədi. “Aldığım nəfəsimsən, qızım”- deyən qəhrəmanımız, son nəfəsini Vətənə qurban verdi.

İndi qardaş dərdi ilə fəryad edən bacıların statusları ürək dağlayır. “Çox sevirdim, qardaş, barmaqlarınla saçının ön hissəsini daramağını. Qızınla uşaq olub, bizimlə böyükləşən, qardaşım. Yoxluğun çox ağırdı bizə.”- deyən, aidə xanıma təsəlli vermək çox çətindir.

Ruhun şad olsun, şəhidim!

Nə səni unutmarıq, nə də unutdurmarıq!

 

Məqaləni hazırladı:

Ziyalılar.az saytının şöbə müdiri

Esmira Günəş